Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Yanvar 2018 08:56

“Hamımız Vətənimizin ərazi bütövlüyü üçün vuruşmağa hazırıq”

Ənənəvi olaraq hər bayram günündə hərbi hissələrdə "Açıq qapı" günü tədbirləri keçirilir. Belə tədbirlər ordu ilə xalqın sıx münasibətinin, birliyinin sübutudur. Valideynlərin sevincinə səbəb olan "Açıq qapı" günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "N" hərbi hissəsində də keçirildi. Sıra meydanında rəqslər edildi, mahnılar oxundu. Valideynlər hərbi xidmətdə olan övladlarıyla görüşdülər. Görüş zamanı "Əsgər balam", "İgid oğlum", "Əsgər qardaşım" kimi səslər adama xoş hisslər bağışlayırdı. Bu mənzərəyə baxdıqca qürurlanırdım. Axı bir valideyn üçün övladının Vətənə xidmət etməsindən, əsgər forması geyməsindən qürurlu nə ola bilər ki? Hamı bu vəzifəni layiqincə yerinə yetirməli, Vətənimiz Azərbaycanın keşiyində dayanmalıdır.
Biz də valideynlərin sevincinə şərik olmaq üçün onlarla həmsöhbət olduq. Əsgər Hikmət Əhmədzadənin valideyni, Gəncə şəhərindən gələn Tələt Əhmədov belə tədbirlərin təşkili üçün yuxarı komandanlığa minnətdarlığını bildirdi. "Mən fəxr edirəm ki, övladım Azərbaycan Ordusunda xidmət edir. Bu gün hərbi hissələrdə hər bir şərait yaradılıb. Özümüz bunun canlı şahidi oluruq. Əsgər yataqxanasına, yuyunma otaqlarına, yeməkxana və camaşırxanaya baxmışıq. Tələbkar və qayğıkeş komandirlər övladlarımıza bir valideyn kimi yanaşırlar. Mənim tək bir istəyim var - güclü ordumuz qısa vaxtda Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qarabağımızı düşməndən azad etsin."
Adının çəkilməyini istəməyən əsgər anası da öz fikirlərini bizimlə bölüşdü:
- Mən igidimi cəng meydanına göndərdim, övladımı bu günlər üçün böyütdüm. Oğlum indi bu hərbi hissədə xidmət edir, mən isə bir igidin anası kimi bu meydanda dayanmışam. Ərənlərimizə, aslanlarımıza xınanı könüllü olaraq yaxıb xidmətə göndəririk. Qanla, göz yaşıyla yuyulmuş şəhidlik yolundayıq. Bu müstəqilliyi şəhidlərimizin qanı bahasına qazanmışıq. Və bu gün bunu qorumaq bizim və övladlarımızın müqəddəs borcudur.
Digər əsgər valideyninə yaxınlaşıram. Şövqi Orucov Bakı şəhərinin Suraxanı rayonundan gəlib. Oğlu Səbuhi artıq 3 aydır hərbi xidmətdədir. Valideyn oğlunun ön xətdə xidmətindən qürur yaşamasından, millətimizin həmişə birlik və bərabərlik içərisində olmağından danışdı:
- Vətəni dəyərləndirən ünsürlərdən ən əhəmiyyətlisi millətdir. Əgər bir xalq birliyini qoruya bilməsə, tarix səhifəsindən silinəcəkdir. Vətən və millət sevgisi ayrılmazdır. Vətən torpaqları millətin sahib olduğu ən böyük güc və istinaddır. Vətəndə birlik və bərabərlik içərisində, azad olaraq yaşamaq əcdadlarımızın tarix boyu mənimsədiyi və əldə etdiyi ən böyük qazanc olub.
Valideyn, həmçinin torpaqlarımızın azadlığı üçün hamının sarsılmaz birliyə malik olduğunun zəruriliyini vurğuladı: "Bir-birimizə dəstək olaraq ölümdən belə qorxmadan torpaqlarımızı işğaldan azad edəcəyik. Hər zaman yeni igidlər doğular. Oğullarımız heç vaxt torpaqlarımızın işğalda qalması ilə barışmayacaq. İgidlərimiz yenə də Qarabağ çöllərində at oynadacaq. Bu günlər çox uzaqda deyil. Biz hamımız Vətənimizin azadlığı üçün vuruşmağa hazırıq."
Bəli, bu gün Azərbaycanımızın azadlığı uğrunda təkcə ordumuz yox, xalqımız da səfərbərdir. Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımız ordusu ilə birlikdə torpaqlarımızı düşməndən azad edəcəkdir.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR