Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Yanvar 2018 08:55

Vərdişlər təlimdə qazanılır

Ağ örpəyə bürünmüş dağlarda Vətənimizin keşiyini çəkən oğullarımızdan yenicə ayrılıb taborun dayaq məntəqəsinə qayıdırıq. Sinəsini namərd düşmənin zərbələrinə sipər edən, torpaqlarımızın hər qarışını göz bəbəyi kimi qoruyan, mənliyini uca tutan, dağ vüqarlı oğullarımızla görüşün hələ də təsir dairəsindəyik. Ətraf aləmin gözəlliyi də bizi ağuşuna alıb çox uzaqlara aparır. Ala-bəzək xalçaları xatırladan mənzərə, gurultu ilə axan dağ çayının yaratdığı xoş təəssürat, bir sözlə, hər şey göz oxşayandır.
Çayın yaratdığı əsrarəngiz mənzərənin gözəlliyindən ayılmamış bizi müşayiət edən zabit Namiq Soltanov diqqətimizi atəş hazırlığı məşqinə yönəldir. Sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Natiq Əhmədov idarə etdiyi avtomobili təlim meydançasının yanında saxlayır.
Manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rəşad Haqverdiyev komandasını ağ bayrağın qaldırılması ilə şəxsi heyətə çatdırır. Heyət üzvləri müəyyən bir məsafəni qaçaraq qət etdikdən sonra uzanaraq döyüş vəziyyətini alır. Bundan sonra atış rəhbərinə atışa hazır olmaq haqqında məruzə edilir. Şəxsi heyət ardıcıllıqla tək-tək və sərbəst şəkildə atışı yerinə yetirir. Hər kəs atış rəhbərinə məlumat verir: "Atış zamanı nəzərdə tutulan hədəfi müşahidə edərək 6 güllə ilə məhv etdim. Sursat tam istifadə edildi. Atış zamanı heç bir ləngimə baş vermədi".
Tapşırıq yerinə yetirildikdən sonra atış rəhbərinin komandası ilə şəxsi heyət qaçaraq sıraya durur. Şəxsi heyətlə yaxından tanış olmaq imkanı qazanırıq.
Atış rəhbəri Rəşad Haqverdiyev söhbət zamanı bildirir ki, istənilən dərs, təlim prosesi qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bölmələrin silah və texnikanı mükəmməl mənimsəməsi ilə yanaşı, hərbi kollektivlərdə nizam-intizamın möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, Vətənə hədsiz sədaqət, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının, hərbi andın, hərbi nizamnamələrin, Müdafiə nazirinin əmrlərinin tələblərinin yerinə yetirilməsi, qəhrəmanlıq, igidlik nümunələrinin geniş təbliği, döyüş ruhunun səviyyəsinin artırılması məqsədini daşıyır. Ona görə də günün nizam qaydasına uyğun olaraq şəxsi heyətin yüksək hazırlığa yiyələnməsi daim diqqət mərkəzindədir.
Gəncə şəhərindən hərbi xidmətə çağırılan əsgər Turqut Verdiyev söhbətə qoşularaq bildirdi ki, atəş hazırlığı dərslərində bizlərə ilkin olaraq atəşin əsasları haqqında məlumat verilir. "Onu da qeyd edim ki, bu dərs bizə pnevmatik silahların və əsasən də Kalaşnikov avtomatının vasitəsilə öyrədilir. Atış rəhbəri tərəfindən silahların iş prinsipi, hissə və mexanizmləri, eləcə də atəş qaydaları hər birimizə izah edildi. Ondan sonra 4 təlim nöqtəsindən ibarət olan mərhələləri uğurla keçdik."
Əsgər Arif Hüseynov isə söhbətə müdaxilə edərək bildirdi ki, birinci təlim nöqtəsində avtomatın hissə və mexanizmləri, ikinci təlim nöqtəsində avtomatın natamam sökülüb-yığılması və darağın doldurulub boşaldılması, üçüncüdə atəş, dördüncü təlim nöqtəsində isə pnevmatik silahlardan praktik atəş tapşırığının yerinə yetirilməsini həyata keçirdik.
Əsgər Yusif İsayevin sözlərinə görə, heç bir dövləti ordusuz təsəvvür etmək mümkün deyil. "Ordu ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Biz də bu gün iftixar hissi keçiririk ki, Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir güclü ordusu var və biz də bu ordunun əsgərləriyik."
Əsgərlər İlham Hüseynalızadə, Muraz Həsənov və Cavad Baxşəliyev də bildirdilər ki, biz öz torpaqlarımızı qoruyuruq, onun keşiyini çəkirik. "Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də güclü dövlətdir, ordusu da güclü ordudur. Azərbaycan əsgəri Ali Baş Komandanına, xalqına arxalanır və inanır. Lazım gəldiyi anda  Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canımızdan keçməyə hazırıq."
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR