Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2018 09:26

Həkimin qayğısı, səmimiyyəti də müalicə vasitəsidir

"N" hərbi hissəsində gənc əsgərlərin hazırlığı uğurla davam edir. Yüksək döyüş hazırlıqlı əsgərin formalaşması da elə bu mərhələdən başlanır. Şübhəsiz, gənclərin hərbi bilik və vərdişlərə dərindən yiyələnməsi  üçün hərbi bölmələrin sosial-məişət şəraiti, mənəvi-psixoloji durumu yüksək olmalıdır. Bu gün ordumuzda şəxsi heyətin sağlamlıqlarına da ciddi diqqət yetirilir. Müasir tibbi avadanlıqlarla təchiz olunan və peşəkar həkimlərin çalışdığı tibb məntəqələri bu məqsədlə fəaliyyət göstərir.
Hərbi hissənin tibb məntəqəsində səliqə-sahman, təmizlik göz oxşayır. Qəbul otağında bir neçə əsgər növbə ilə tibbi müayinədən keçir. Tibb xidməti baş leytenantı Vüqar Hüseynovu tanıyıram. Hərbi Tibb Fakültəsinin məzunudur. Baş ağrısından şikayətlənən əsgər Orxan Bayramlının təzyiqini ölçür.
- Sağlamlıq insan üçün ən böyük sərvətdir, - zabit deyir. - Bizə müraciət edən əsgərlərə ilkin müayinə aparılır və qeydiyyata alınır. İki müqəddəs peşənin sahibi - həm hərbçi, həm də həkim kimi gördüyüm işdən qürurlanıram. Son dərəcə məsuliyyətli vəzifədir, çünki Vətəni qoruyan insanların sağlamlığı sənə əmanət edilir. İşimiz təkcə əsgərləri müalicə etmək yox, həm də xəstəliklərə qarşı profilaktik tədbirlər keçirməkdən ibarətdir. Çalışırıq ki, əsgərlərimiz xəstələnməsinlər, narahatlığı olanlar  isə tezliklə sağalıb xidmətlərinə davam etsinlər.
Orxan da öz növbəsində göstərilən qayğıdan razılığını bildirir:
- İki gündür burada müalicə alıram. Həkimlər bizə doğmaları kimi, qayğıkeş yanaşırlar. Özümü yaxşı hiss edirəm. Bu gün bölməyə qayıdacağam. Burada çalışan hər kəsə “çox sağ olun” deyirəm ki, bizə yüksək qayğı göstərirlər.
Feldşer gizir Şahin Məmmədov isə əsgər İbrahim Həşimovu müayinə edir. O deyir:
- Bu fəsildə bir çox xəstəlik törədən viruslar sürətlə yayılır. Əsgərləri bu viruslardan qorumaq üçün vaxtaşırı onları müayinədən keçirir, hər birini diqqətdə saxlayırıq. Ana Vətənimizi qoruyan oğulların sağlamlığının keşiyində dayanmaq, doğrudan da, müqəddəs vəzifədir. Onlar torpaqlarımızı qoruyur, biz də onları.
Əsgər İ.Həşimov hərbi xidmətə Oğuz rayonundan çağırılıb.
- Hərbi hissəmiz doğma bir ailədir, - deyir, - keçirilən dərslərdə hərbi biliklər qazanır, silahlardan istifadə etməyi öyrənirik. Yeməyimiz, yatmağımız, geyimimiz qaydasındadır. Gələn gündən hər birimizə təzə fomra verilib. Bunlarla yanaşı,  həkimlər də bizə qayğı ilə yanaşır, vaxtaşırı bizi tibbi müayinələrdən keçirir, sağlamlığımızın qeydinə qalırlar.
Sarğı otağında isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təhminə Hüseynova əsgər  Ramin İsgəndərova tibbi xidmət göstərir. O, tibb texnikumunun məzunudur. Beş ilə yaxındır ki, əsgərlərimizə şəfa bəxş edir. Seçdiyi peşəyə sevgi ilə bağlandığını deyir:
- Həkim olmaq uşaqlıq arzum olub. Bir gün mən də ağ xalat geyinməyin arzusu ilə böyümüşəm. Böydükcə hərbçilərə - şərəfli peşənin sahiblərinə xüsusi rəğbətim yaranıb. Tibb texnikumunun sonuncu kursunda oxuyarkən artıq qəti qərara gəlmişdim. Düşməndən bizləri qoruyan  mərd oğullara qulluq etməkdən qürurlu iş ola bilməz. Əsgərlərə tibbi yardım göstərməyi həm də özümə mənəvi borc bilirəm.
Növbəti həkimlə rentgen maşınında söhbətləşirəm. Burada əsgərlərin döş qəfəsi, ciyərləri, böyrəkləri və digər nahiyələrinə baxış keçirilir. Tibb xidməti baş leytenantı Pərviz Fazilov əsgər Əmrah Qasımova manitorda döş qəfəsinin şəklini göstərib hər şeyin qaydasında olduğunu deyir. Pərviz də Hərbi Tibb Fakültəsinin məzunudur. Həkimlik peşəsindən söz açan zabit bu sahənin özünəməxsus xüsusiyyətlərindən danışaraq deyir:
- Həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi xəstənin vəziyyətinə, bir qayda olaraq, müsbət təsir göstərir. Həkimə inam hissi olmadıqda xəstənin müalicəsi də bəzən səmərəsiz olur. Əsgərlərimizi müayinə və müalicə edərkən bu prinsipi həmişə rəhbər tutur, hər kəsə xüsusi qayğı ilə yanaşır, onlarla səmimi söhbət edirik. Elə ünsiyyət yaradırıq ki,  əsgərlər özlərini sərbəst hiss edirlər və narahatlıqlarını bizimlə bölüşürlər.
“Həkimin qayğısı, səmimiyyəti də müalicə vasitəsidir” fikrini bildirən zabit də bütün hərbçilərimiz kimi savaşa hər an hazır olduğunu deyir.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"