Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2018 09:22

“Son nəfəsədək döyüşməyə hazırıq”

Doğulub boya-başa çatdığın, suyunu içib, nemətini daddığın, acısı ilə kədərlənib, sevinci ilə qanadlanıb uçduğun, yaxşısı ilə öyündüyün yurd - Vətəndir. Bu Vətənin böyük, şərəfli bir adı var - Azərbaycan!
Doğma Vətənə sevgim hər şeyə - havasından, suyundan, təbiətindən, torpağından, daşından tutmuş insanlarına olan dərin və tükənməz sevgimdir. Vətənin şanlı tarixi keçmişi, indisi və işıqlı gələcəyi hamımız üçün əzizdir. Ölkəmiz asanlıqla bugünkü vəziyyətə gəlib çıxmayıb. Torpaqlarımız zaman-zaman yadelli işğalçılar tərəfindən istila və talanlara məruz qalıb.
Bu gün də Vətənimizin başı üzərindən qara buludlar çəkilmir. Azərbaycanımızın qəlbi Qarabağ dərdi ilə yaralıdır. Lakin bu dərdi çözəcək mətin sərkərdəmiz, qəhrəman oğullarımız vardır. Başda Ali Baş Komandanımız olmaqla cəsur Azərbaycan övladları tezliklə bu Qarabağ yarasını kəsib atacaq, bağrı dəlinən Vətənimizin yarasına əlac qılacaqlar.
Ön xətdə gecə-gündüz demədən mətinliklə Vətən torpaqlarının keşiyində dayanan mərd, cəsur, vətənpərvər oğullarımızın görüşünə gedir, onlarla söhbət edir, qayğıları ilə maraqlanırıq.
Səhər tezdən "N" hərbi hissəsinə gəlib çatırıq. Kapitan Tərlan Güləhmədovla görüşürük. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabit son vəziyyət haqqında danışır:
- Bölmələrimiz çətin coğrafi şəraitdə xidmət etsələr də, hərbi qulluqçularımız üçün hər bir şərait yaradılıb. Onların xidmətinə heç bir hava şəraiti maneçilik törətmir. Düşmən atəşkəsi pozmağa çalışsa da, cavab atəşi ilə dərhal susdurulur.
Təcrübəli sürücü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Yasir Mütəllimovun idarə etdiyi UAZ markalı maşınla hərbi hissədən çıxırıq. Ərazi düzənlik olsa da, yollar çınqıllı, kələ-kötür və sərt döngəlidir. Buna baxmayaraq sürücü maşını məharətlə idarə edərək bizi ünvana yaxınlaşdırır. Mətin övladlarımızın xidmət etdiyi yerlərə yaxınlaşdıqca sevinirəm. Bir azdan onlarla görüşüb söhbətləşəcəm. Təpədə yazılan "Öncə Vətən" sözləri diqqətimi çəkir. Çay daşlarıyla həkk olunmuş bu yazı bir daha təsdiqləyir ki, gənclərimiz hər şeydən öncə Vətən üçün yaşayırlar. Çünki torpaq varsa, yaşayış da var. Bu torpaqları əkib-becərən də, qoruyan da insandır. Bütün gənclər də vaxt yetişəndə Vətən üçün müsəlləh əsgər olurlar.
Nəhayət, mövqeyə daxil oluruq. Gizir Xəqani Cəmilli vəziyyətin sabit olduğunu bildirdi. Gənc gizir bir ilə yaxındır ki, xidmət edir. Əsgəri borcunu "N" hərbi hissəsində atıcı vəzifəsində başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb. O, xidmətə ön xətdən başlamağın qürurundan ürəkdolusu danışdı. "Üçrəngli bayrağımızın dalğalandığı hər yerdə xidmət etmək bizim üçün şərəfdir. Lakin düşmənlə üzbəüz mövqelərdə, belə mərd əsgərlərlə Vətən torpaqlarının keşiyində dayanmaq həm ikiqat məsuliyyət, həm də ikiqat qürurdur. Düşmən hansısa təxribata əl atmaq istəsə, layiqli cavabını alacaq. Necə ki, aprel döyüşlərində erməni ordusuna cəsurlarımız layiqli cavab verdilər. Bu tarix yenə də təkrar olunacaq, çünki hər təxribatın qarşısını almağa qadir güclü ordumuz var."
Səngərlər alınmaz qalanı xatırladır. Hündürlüyü təlimata müvafiqdir, səliqəlidir, genişdir...
Düşüncələr məni ağuşuna alır. Axı bu divarın o tayında bizim ata-baba yurdumuz - Laçınımız, Şuşamız, Kəlbəcərimiz, Xocalımız... var. Niyə axı düşmən öz taleyi ilə barışmaq istəmir? Yaxşı bilir ki, Azərbaycan əsgəri nəyin bahasına olursa-olsun, onu tarixi torpaqlarımızdan qovub çıxaracaq. "Növbətçiliyim zamanı heç bir hadisə baş verməyib" sözləri məni fikrimdən ayırır. Qarşımda məğrur baxışlı Vətən övladını görürəm.
Əsgərlə görüşüb ona “Vətən sevgisi bitərmi?” - sualını verirəm. Hələ adını belə öyrənmədiyim gənc maraq dolu baxışlarla mənə baxaraq danışır:
- Getdiyin yol bitər, baxdığın film bitər, hətta insan ömrü də bitər, lakin Vətənə olan məhəbbət, sevgi heç zaman bitməz. Axı biz anamızı son nəfəsimizə qədər sevərik. Vətən də anamızdır.
Bu sözləri deyən əsgər Rəşad Həbibova görə, ön xətdə xidmət etmək Vətənə olan sevgisini daha da artırır.
Müşahidə aparan digər əsgərə yaxınlaşıram. Öyrənirəm ki, əsgər Aslan Aslanzadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilli əsgərin dediyi sözlər məni də sevindirir:
- Biz istəmirik ki, qan axıdılsın. Amma düşmən bizim torpaqlarımızdan çəkilməsə, qanımın son damlasına qədər vuruşmağa hazıram.
Döyüş növbəsi dəyişdirilir. Növbəni təhvil verən əsgər heç bir hadisənin baş vermədiyini, ərazidə gözə çarpan dəyişikliyin olmadığını məruzə edir. Bundan sonra yeni döyüş növbətçisi müşahidə postunda öz yerini tutaraq, fikrini bir an belə yayındırmadan əraziyə baxır.
Növbəni yeni təhvil verən əsgərə - Daşqın İsmayılova yaxınlaşıram. Hacıqabul rayonundan xidmətə çağırılıb. O da xidməti dövründə lazımi döyüş vərdişlərini mənimsədiyini vurğulayır. "İlk dəfə növbəyə çıxanda həyəcanlı idim. Çünki Vətən torpaqlarını müdafiə etmək sırası mənə çatmışdı. Vaxt tamam olana qədər gözümü bir an belə düşməndən yayındırmadım. Məsafə yaxın olduğu üçün müşahidəni təyin olunmuş vasitələrlə aparırıq. İndi hər dəfə döyüş növbəsinə çıxanda bir amal haqqında düşünürəm - ulu babalarımızın ruhunun gəzdiyi tarixi torpaqlarımızı düşməndən azad etmək."
Əsgərlərlə görüşüm o qədər səmimi olur ki, havanın qaralmağını hiss edə bilmədim. Onlarla sağollaşıb ayrılanda hamısı tək bir söz deyir: "Vətən bizim anamızdır. Onun uğrunda son nəfəsədək döyüşməyə hazırıq."
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR