Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2018 09:17

Azərbaycan Prezidenti İlham ƏLİYEV: “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır”

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təbrikində deyib. Bu inam ordunun döyüş qabiliyyətinə, zabit kadrlarının hazırlığına, əsgərlərin hərbi biliklərə yiyələnmə səviyyəsinə, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına inamdır. Bu inam ötən ilin payızında keçirilən irimiqyaslı təlimin nəticələrinə verilən dəyərdir. Bu inam Azərbaycan Ordusunda son dörd ildə həyata keçirilən möhtəşəm islahatlara, islahatların başlıca tərkib hissəsi kimi ordunun ən müasir hərbi texnikalarla, silahlarla təmin edilməsinə, yeni hərbi hissələrin inşasına, əsaslı təmirinə, şəxsi heyətin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığına verilən dəyərdir.
Bu qətiyyətli inam orduya, ordu ilə xalqın birliyinə, torpaqlarımızın işğaldan azad ediləcəyinə, xalqımıza yaxın vaxtlarda Böyük Qələbənin sevincini yaşadacaq dönməz inamdır...
2016-cı ilin aprelində Ermənistan silahlı birləşmələri irimiqyaslı təxribat törətmək istəyəndə, təmas xətti ətrafında əhali üçün ciddi təhlükə yarananda Azərbaycan Ordusu əks-həmlə əməliyyatı keçirdi. Silahlı Qüvvələrimizin bölmələri qısa müddətdə Lələtəpə, Bayraqtəpə kimi mühüm əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 2 min hektardan artıq ərazini düşməndən azad etdi, daha çox ərazi əməliyyat baxımından Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu döyüşlər təsdiqlədi ki, Azərbaycan Ordusu yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. Bu hazırlığın səviyyəsi son irimiqyaslı təlimlərdə də təsdiqləndi. Qətiyyətlə deyirik ki, ordumuz Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə, nəticə etibarı ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Aprel döyüşlərinin qələbə ilə nəticələnməsi əsgər və zabitlərimizin döyüş hazırlığının, qətiyyətinin, cəsarətinin təsdiqi oldu. Bu amilləri diqqətə çatdıran Ali Baş Komandan demişdi: "Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir... Biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik". Bu bəyanat sülh danışıqları baş tutmasa, torpaqlarımızın döyüşlə azad ediləcəyinə zəmanətdir.
Döyüşlər gedəndə gənclərin də, Birinci Qarabağ müharibəsi iştirakçılarının da döyüşlərə qoşulmaq istəyi xalqın iradəsinin, xalqın ordu ilə birliyinin təsdiqi idi. Düşməni bu vəhdət də heyrətləndirmişdi.
Sülh danışıqlarını bu və ya digər bəhanələrlə uzatmağa çalışan Ermənistan, hələ də unutmadığı aprel döyüşlərini, bu döyüşlərdə əsgər və zabitlərinin silahlarını mövqelərdə, səngərlərdə qoyub qaçdığını, Azərbaycan Ordusunun əsgər və zabitlərinin necə qətiyyətlə, cəsarətlə döyüşdüyünü unuda bilməyəcək. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 72-ci sessiyasında çıxışının müddəalarının məntiqi davamı olan  "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır" bəyanatının da mahiyyətini anlamalı, döyüşlər olarsa, nə qədər itkiyə məruz qalacağını dərk etməlidir.
Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Torpağı işğal olunmuş dövlət sülh tərəfdarıdır, işğalçı dövlət bunun tərəfdarı olduğunu rəsmən bildirmir. Azərbaycan Prezidenti sülh danışıqlarının davam etdirilməsini istəyir, Ermənistan rəhbərliyi danışıqlardan yayınmağa, indiki status-kvonu saxlamağa çalışır. Bu, Azərbaycan dövlətçiliyi üçün yolverilməzdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə mövqenin yolverilməz olduğunu qətiyyətlə bildirir: "Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir". Bu qətiyyət birmənalı şəkildə torpaqlarımızın işğaldan azad ediləcəyinə verilən zəmanət, Ermənistana, onun havadarlarına ünvanlanan bəyanatdır.
Prezident İlham Əliyev demişdir: "Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaqdır. Bu bizim məqsədimizdir və biz bu məqsədə doğru irəliləyirik". 
"Hər birimiz Vətən üçün bir əsgərik" - azərbaycançılıqdan rişələnən bu amal Azərbaycan vətəndaşlarının yaşam fəlsəfəsi, Ali Baş Komandanın əmri, döyüşlər və Böyük Qələbə - Azərbaycan əsgərinin hərbi xidmət düsturudur!..
"Azərbaycan Ordusu"