Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Yanvar 2018 09:54

“Vətənə xidmət vətəndaşlıq borcumuzdur”

Cəbhə bölgəsində Vətən borcunu yerinə yetirən əsgərlərimizlə görüşə gəlmişik. "N" hərbi hissəsinin avtomobil parkında avtomobilə böyük həvəslə texniki qulluq göstərən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu diqqətimizi cəlb edir. Əvvəl çilingər olduğunu düşündüm. Kapitan Tərlan Gülməmmədov ona yaxınlaşaraq avtomobilin yola çıxmağa hazır olub-olmadığını soruşanda sürücü olduğunu yəqin etdim. O, sükan arxasına keçib yola çıxmağa hazır olduğunu bildirir.
Öyrənirəm ki, Yasir Mütəllimov Ağcabədi rayonundandır. Hələ erkən vaxtlarından avtomobilə, sürücü peşəsinə istəyi olub. "Avtomobili idarə etmək asandır, hamı bu vərdişlərə alışa bilər. Yalnız sürücü öz məsuliyyəti, peşəkarlığı, təmkini ilə digərlərindən seçilməlidir. Bu, bir dəmir parçasıdır, hərəkətdə olduğun zaman çox hadisələr baş verə bilər, qəfil nasazlıqlar qarşına çıxa bilər və bu zaman öz peşəkarlığın sayəsində hər cür vəziyyətdən çıxmağı bacarmalısan. Sürücü özünü düşünməli deyil, o, sərnişin daşıdığını da unutmamalıdır.”
Hərbçi olmağının səbəbini soruşduqda Yasirin cavabı belə oldu. "Vətənimə - doğma Azərbaycanımıza daha yaxından xidmət etmək, Vətənin hər qarışına sinəmi sipər edib onu qorumaq mənim də amalımdır. Xüsusən indiki vaxtda, torpaqlarımızın 20 faizinin yağı tapdağında olduğu bir zamanda Vətən bizdən hünər gözləyir. Mən bütün qanımla, canımla onu qorumağa hazıram. Vətəni qorumaq isə hamımızın şərəf işi, vətəndaşlıq borcudur. Hər zaman çalışıram ki, xidmətimlə başqalarına nümunə olum."
Dünyanın qabaqcıl ordularından olan Azərbaycan Ordusunda xidmət etdiyimə görə qürur hissi duyuram. İnanıram ki, Ali Baş Komandanımızın döyüş əmri ilə Qarabağımızı işğaldan azad edib Şuşada, Laçında, Kəlbəcərdə... üçrəngli bayrağımızı ucaldacağıq".
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"