Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Yanvar 2018 09:51

“Güclü ordunun əsgəriyəm!”

Yolumuz Vətəni qorumağı özünə borc bilən oğullarımızın yanınadı - səngərədi. O səngərə ki, oradan Vətən başlayır, oradan Vətən qorunur, oradan Azərbaycan əsgəri düşməni fasiləsiz müşahidə edir, parçalanmış torpağımızın bütövləşməsi üçün yağış, boran, qar bilmədən öz vəzifəsini yetinə yetirir. Budəfəki həmsöhbətlərim də düşmənlə üz-üzə dayanıb sərhədlərimizi etibarlı şəkildə qoruyan, məsuliyyətli və şərəfli vəzifənin daşıyıcıları olan zabit, gizir və əsgərlərimiz olacaq.
Bütün bunlar barədə düşünə-düşünə ön xətdə yerləşən mövqeymizə yaxınlaşırıq.
Baş leytenant Əfqan Əmirov postu dəyişən əsgərlərə lazımi tapşırıq və tövsiyələr, eyni zamanda təhlükəsizlik tədbirlərini nəzərdə tutan təlimatlar verirdi. Təlimat başa çatdıqdan sonra şəxsi heyətlə və səngərdə yaradılan şəraitlə tanış oluruq. Əsgərlərlə ilk ünsiyyətimizdən sonra onların döyüş hazırlığına, vətənpərvərliyinə, bu torpağa bağlı olduqlarına heç bir şübhəmiz qalmır.
Yevlax rayonundan hərbi xidmətə çağırılan Məqsəd İlyasov söhbət zamanı bildirir ki, hər zaman dövlətinə, millətinə xidmət edən əsgərlərə həsəd aparıb. 
- Ən böyük arzum ön xətdə xidmət etmək olub. Bu gün çətin və məsuliyyətli bir bölgədə xidmət edirəm. Əsgər kimi üzərimə düşən vəzifənin məsuliyyətini dərk edirəm. Sevinirəm ki, güclü ordunun əsgəriyəm və torpaqlarımızın qorunmasında mənim də zəhmətim var. Xalqımızın əmin-amanlığı naminə buradayıq. Bu gün mənim də qəlbimdə düşmənə nifrət böyükdür. Xalqımızın başına gətirilən Xocalı, Qaradağlı, Ağdaban... kimi faciələri necə yaddan çıxarmaq olar. O faciələr torpaqlarımızın azadlığı uğrunda mübarizənin ən qanlı səhifələridir. O faciələri xatırlayanda ürəyim sızıldayır, qan ağlayır. Qarşıda uçuq-sökük binaları, dağıdılmış evləri seyr edirik. Axı bu evlərdə vaxtilə bizim ata-babalarımız, ana-bacılarımız xoş günlər keçiriblər. Onlar da hamı kimi bayramlarımızı qeyd ediblər, yeni ili qarşılayıblar, Novruzun gəlişinə seviniblər. Bu torpaqlar bizə məxsusdu. Bizə məxsus olanı biz geri qaytaracağıq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, biz öz torpağımızda vuruşuruq. "Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun".
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", foto C.CƏFƏROVUNDUR