Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Yanvar 2018 09:37

“Səkkiz oğul istərəm”

Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbçilərin xatirəsinə həsr olunmuş "Səkkiz oğul istərəm" adlı tədbir keçirildi. Mərasimə aprel döyüşlərinin iştirakçıları da dəvət edilmişdilər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və yurdumuzun azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasim iştirakçıları Dövlət himnini oxudular.
1997-ci ilin aprelində Xocavənd rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olan hərbçilər haqqında iştirakçılara ətraflı məlumat verildi. Bir-bir bu cəsur oğulların adları səsləndirildi:  leytenant Elxan Ağayev, leytenant Vüqar Yarəhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Anar Rzayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Dinar Mustafayev. Bu oğullar düşmən əlinə keçməmək üçün son anda çoxlarının bacara bilmədiyi bir addımı ataraq özlərini partlatmışdılar. Ermənilər tərəfindən ələ keçirilən meyitlər 1997-ci ilin oktyabrında geri qaytarılıb. Sonradan məlum olub ki, döyüşçülərimizdən biri - Aqil Əhmədov ölməyib, ağır yaralanıb. Ermənilər həmin əsgəri bir il on bir aydan sonra əsirlikdən azad etmişlər.
Bu qəhrəman zabit və əsgərlərin xidmət və döyüş yollarına həsr olunmuş "Səkkiz oğul istərəm" sənədli film nümayiş etdirildi.
Döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb sağ qalan hərbçi Aqil Əhmədov çıxış edərək şəhid yoldaşları haqqında ətraflı danışdı. O çıxışını "Mən yenə də ayaq üstəyəm, yenə də mübarizəyə, Qarabağ uğrunda döyüşlərə hazıram" sözləri ilə bitirdi.
Şəhid anası Xanım Həsənova çıxış edərək övladlarının xatirəsinə göstərilən ehtirama görə dərin minnətdarlığını bildirdi.
Bir vaxtlar bu şəhid hərbçilərin komandiri olmuş ehtiyatda olan polkovniklər Xətai Baxışov və Hikmət Ağayev çıxış edərək onların hünər və cəsarətindən danışdılar.
Əməkdar artist Nuriyyə Hüseynovanın ifa etdiyi vətənpərvərlik mahnıları hər kəsin ürəyincə oldu.
Tədbirdə iştirak edən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən şeirlər söylədilər. Onlar teatrlaşdırılmış qısa səhnələrdə şəhid olmuş hərbçiləri yaşatdılar, bu oğulların cəsur və igid obrazlarını canlandırdılar.
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi və başqa ictimai təşkilatlar döyüş əməliyyatı zamanı sağ qalmış səkkiz hərbçidən, səkkiz oğuldan birinə - Aqil Əhmədova və şəhid Vüqar Yarəhmədovun oğlu, atasının adını daşıyan Yarəhmədov Vüqar Vüqar oğluna qiymətli hədiyyələr təqdim etdilər.
Tədbirin sonunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları tərəfindən üçrəngli bayrağımız nizami addımlarla və alqış sədaları altında zala gətirildi. Sabahımızın zabitləri olacaq gənclər torpaqlarımızın düşməndən azad ediləcəyini və şəhidlərimizin intiqamının alınacağını söylədilər.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey