Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2017 09:35

Muzeydə bayram tədbiri

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu ilin dekabrında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. O vaxtdan bütün azərbaycanlılar bu əlamətdar günü bayram edir.
Dekabrın 27-də Hərb Tarixi Muzeyində Azərbaycan xalqının birlik, bütövlük duyğularının ifadəsindən doğan və dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhvələrini verirlər. "Dahi rəhbərimiz azərbaycançılıq məfkurəsinin, həmrəyliyin banisi idi. Həmrəylik Gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmaların mütəşəkkilliyinin və fəallığının artmasına ciddi təsir göstərdi. Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də "Xaricdə yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi. Hazırda Prezident İlham Əliyev də Ulu Öndərin bu estafetini uğurla davam etdirir. 2006-cı ildə Bakıda keçirilən Dünya azərbaycanlılarının 2-ci qurultayı da xaricdə yaşayan azərbaycanlıların diaspor hərəkatının inkişafı istiqamətində yeni bir mərhələ oldu".
Sonra tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov və başqaları çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürək sözlərini bölüşdülər.
Sənədli film nümayiş etdirildikdən sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış etdi.


Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"