Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2017 09:34

Gənc nəsil Həmrəylik Günü barədə nə bilir?

Ötən əsrin 90-cı illərinə qədər  xalqımız müstəqillik əldə etmək üçün mübarizə apardı və öz dövlətçiliyinə sahib oldu. Amalımızda, arzularımızda birliyi, bərabərliyi ifadə edən həmrəylik anlayışı yeni məzmun aldı.
Hər bir millətin tərəqqisi onun gələcəyinin qurulmağından asılıdır. Gələcəyi isə gənclər qurur. Gənclik kökünə bağlı, milli-mənəvi dəyərlərə sadiq, əyilməz və  tükənməz gücdür...
Bu günlərdə Nəsimi rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbdə olarkən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar şagirdlər arasında rəsm və inşa müsabiqəsinin keçirilməsindən xəbər tutdum. Bununla əlaqədar tədris işləri üzrə direktor müavini Tamilla Xankişiyeva dedi ki, əsas vəzifələrimizdən biri də ailədə formalaşan ilkin vətənpərvərlik hissini məktəbdə daha da möhkəmləndirmək, inkişaf edirməkdir. "Məktəbimizdə tarixi əlamətdar günlər geniş şəkildə qeyd edilir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü də həmişə böyük sevgiylə qarşılanır. Ümummilli liderimiz Heydər Əliyev azərbaycanlıların həmrəyliyini müstəqil dövlət quruculuğu prosesi ilə əlaqələndirərək milli birliyimizin formalaşmasına dəyərli töhfə verdi. İndi hər bir azərbaycanlı yaşından asılı olmayaraq həmrəyliyin nədən ibarət olduğunu yaxşı bilir".   
Şagirdlərlə Həmrəylik Günü ilə bağlı səmimi bir söhbətimiz alındı. Hər kəs öz bildiyini danışdı.
Ayla İmanova: - 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü dedikdə azərbaycanlıların vahid millət kimi birliyi, bərabərliyi nəzərdə tutulur. Düşünürəm ki, Azərbaycan xalqının və dövlətinin gələcəyi ilə bağlı məsuliyyəti harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar daşıyırlar.
Əzəmətəli Həbibli: - Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 2001-ci il noyabrın 10-da Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. 36 ölkənin nümayəndələrinin iştirak etdiyi qurultayda Ümummulli Liderin dediyi "Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz  ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün  əlimizdən gələni əsirgəməməliyik" kəlamı ölkəmizdə gənclərin həyat amalına çevrilib.
Tofiq Sadıqzadə: - Dahi rəhbərimiz göstərdi ki, qüdrətli Azərbaycana aparan yol bütün azərbaycanlıların milli birliyindən keçir. Azərbaycanlıların ilk qurultayı dünyanın müxtəlif qütblərində yaşayan soydaşlarımızın bir araya gətirilməsi istiqamətində atılmış qəti bir addım, xalqa və dövlətçiliyə böyük xidmət idi.
Məhəmməd Qarayev: - İndiyə qədər dünya azərbaycanlılarının dörd qurultayı - 9-10 noyabr 2001-ci il, 16 mart 2006-cı il, 5-6 iyul 2011-ci il və 3-4 iyun 2016-cı ildə Bakı şəhərində keçirilib. Hər qurultay milli birliyi daha da möhkəmləndirir.
Fatimə Şirinova: - Ümummilli liderimiz Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimidir.  Sürətlə inkişaf edən Azərbaycan indi bütün dünya azərbaycanlıları üçün güc mənbəyidir.
Toğrul Sadıqov: - Dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, düşmənlərin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.
Süleyman Təmrazov: - Ulu Öndərimiz xaricə səfərləri zamanı proqramının zənginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də vaxt ayırıb, onlara tövsiyələrini verib... Hazırda Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir.
Aydan İbrahimli: - Aprel döyüşlərində xalqımız həmrəylik nümayiş etdirdi. O günlərdə televiziyada yayımlanan proqramlardan birində qonaq olan məsul şəxslərdən biri bildirdi ki, ölkə xaricində yaşayan azərbaycanlılar aidiyyəti qurumlara çoxsaylı müraciətlər edərək ərazilərimizin işğaldan azad edilməsində ordumuzla çiyin-çiyinə dayanmaq istədiklərini bildiriblər.
Əli Qarayev: - Biz həmrəyliyi aprel zəfərini qazanaraq qələbə sevincini yaşadan şəhidlərimizi torpağa tapşıranda da yaşadıq. Xalqımız son örtüyü üçrəngli müqəddəs bayrağımız olan şəhidlərimizin nəşini son mənzilə qürurla, fəxrlə daşıdı. Onlar bir ailənin övladlığından çıxaraq bütün azərbaycanlıların övladına, əzizinə çevrildilər.
Məktəblilərlə söhbətdən sonra ümummilli liderimiz Heydər Əliyevin gənc nəslə tövsiyələri ilə bağlı bir fikrini də xatırlayıram. "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
Sevindirici haldır ki, bu gün gənclərimiz Ulu Öndərin istədiyi kimi təlim-tərbiyə alaraq inkişaf edirlər.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR