Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2017 09:30

Torpaqlarımız inamla qorunur

Ali Baş Komandan İlham ƏLİYEV:
Bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar, əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər.

...Zabit dəqiqliyi ilə vaxtında qatara çatıram. Yol yoldaşım olan Əli kişi ilə qısa söhbətimi sizinlə bölüşmək istəyirəm. O, düşmənlə təmas xəttinə yaxın kənddə yaşayır.
- Allah sizləri qorusun oğul, yolunuz haradır?
- Sizin kəndə, əmi, düşmənə sipər olan əsgərlərin görüşünə.
- Oğul, mən uzun illərdir o kənddə yaşayıram. Əvvəllər düşmənin əlindən dağlara getmək olmurdu. Nə səfalı havasında dincələ, nə də mal-qaramızı otara bilirdik. İndi isə tam təhlükəsiz şəraitdə işlərimizi görə bilirik. Yay olan kimi nəvələrimi də götürüb dağlara qalxır, mer-meyvə, gül-çiçək toplayırıq. Çobanlarımız da rahatlıqla mal-qaranı otarırlar. Kəndimizin hər sakini ölkə başçımıza, Müdafiə nazirimizə və onların rəhbərliyi altında, hərbi gücünü artıran ordumuza minnətdardır.
...Düşmənlə təmas bölgəsində yerləşən kəndi  boydan-boya əhatə edən dağların zirvəsinə qalxırıq. Bu yüksəklikləri göz bəbəyi kimi qoruyan dağ vüqarlı Vətən oğullarının görüşünə gedirik... Budur, hərbi bölmədə baş leytenant Rəşad Bağırzadə döyüş növbəsini dəyişəcək əsgərlərə son tapşırıqlarını verir. Onun Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olduğunu öyrənirəm. Rəşad seçdiyi peşə ilə fərəhləndiyini bildirir: 
- Hərbi liseyə qəbul olanda sevincimin həddi-hüdudu yox idi. Qəbul imtahanlarına çox ciddi hazırlaşırdım, gecəmi gündüzümə qatıb oxuyurdum. Kursant olduqda özümə söz verdim ki, təhsilimi uğurla başa vurub, Azərbaycan Ordusuna layiqli zabit olacam. Bizə müqəddəs vəzifə tapşırılıb. Yağı düşmən qarşısında möhkəm, keçilməz sədd qurmuşuq. İmkan vermərik ki, dinc əhalimizi düşmən narahat etsin. Bax, seçdiyim peşənin ən şərəfli cəhəti də elə burasındadır. Vətən torpağına keşik çəkirsən və səni özünə övlad bilən bütün xalqı, milləti qoruyursan. Bu hissin verdiyi mənəvi güc bütün çətinlikləri qabaqlayır.
...Zabitin dediyi sözlərin qətiyyəti, məğrurluğu ürəyindəki sonsuz Vətən sevgisindən xəbər verir. Əminliklə deyə bilərəm ki, bu sözlər ordumuzun istənilən bölməsində xidmət edən vətənpərvər oğulların hər birinin ürəyindən keçənlərdir. Söhbətləşdiyim hər zabit, gizir, əsgər Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu vurğulayır. Şəxsi heyətin belə yüksək mənəvi-psixoloji durumu bir daha əmin edir ki, düşmən sülhlə barışmasa, hərb yolu ilə torpaqlarımızı azad etməyə qadir ordumuz var.
...Leytenant Qabil Hüseynlini tanıyıram. O da Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Gənc zabit məni bölmənin ərazisi və şəraiti ilə tanış edir. Yemək otağı, hamamxana və yataqxanalarını göstərir. Bütün otaqlarda isti sobalar yanır. Səliqə-sahman və təmizlik də qaydasındadır. Bir sözlə, bölmənin kilometrlərlə yüksəklikdə yerləşməsinə baxmayaraq məişət  şəraitinin yaxşı olduğunu görürəm. Əslən Lənkərandan olan leytenant Q.Hüseynli "Hər zabit kimi mənim də ən böyük arzum Qarabağımızı düşməndən azad etməkdir", - deyir. "Bu arzumuza çatmağa çox az qalıb. Həm döyüş, həm də mənəvi-psixoloji hazırlığımızın yüksək olması bunu deməyə əsas verir. Əsgərlərin də  hər biri üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlir. Hiss edirsən ki, onlar ailədə, təhsil aldıqları məktəblərdə vətənpərvərlik ruhunda böyüyüblər. Əsgərlərlə mütəmadi fərdi söhbətlər aparır, qayğıları, ailələri ilə maraqlanırıq, vaxtı-vaxtında məzuniyyətə göndəririk".
Zabitin dediyi kimi, şəxsi heyət arasında ailə mühitinin, komandir-əsgər arasında sağlam münasibətlərin qurulduğunu  müşahidə edirəm... Onunla söhbətimi yekunlaşdırıb, bu yüksəkliklərdə düşmənə göz dağı olan əsgərlərin yanına gedirəm. Budur, səngərdən döyüş növbəsini təhvil verən əsgərlər gəlir. Komandirlərinin nəzarəti altında silahlarını boşaldıb, saxlanca təhvil verirlər. İlk həmsöhbətim əsgər Nizami Qurbanovdur, hərbi xidmətə Masallı rayonundan çağırılıb.
- Neçə aydır xidmətdəyəm, - əsgər Qurbanov deyir - Heç bir çətinlik çəkmədən xidmətimi uğurla davam etdirirəm. Mənə təhkim olunan pulemyotun bütün xüsusiyyətlərini dərindən öyrənmişəm. Ən əsası sərrast nişan almağı bacarıram. Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazıram. Pulemyotumla torpaqlarımızdan çıxmaq istəməyən düşməni bir anda məhv edərəm. Hərbi xidmət, həmçinin əsl kişilik məktəbidir. Dözümlü, möhkəm, cəsur, mərd olmağı, dostluğa sadiq qalmağı öyrənirsən.
Hərbi xidmətə Qaradağ rayonundan çağırılan əsgər Məhəmməd Hacıyev də söhbətimizə qoşularaq deyir:
- Əsgər olmaq, torpaqlarımızı qorumaq qürurvericidir. Bu vəzifənin məsuliyyətini yaxşı dərk edir, ordumuza layiqli əsgər olmaq üçün nümunəvi xidmət etməyə çalışıram. Andiçmə günü xidmətimdə ən yadda qalan günümdür. Əsgər yoldaşlarımla çiyin-çiyinə bir ağızdan hərbi andı qəbul etdiyim, valideynlərimin qürurlu baxışları altında təntənəli marşla keçdiyim o gün yaddaşımdan heç vaxt silinməz. Uşaqlıqdan sevgi bəslədiyim hərbi formanı geyinib əsgər olmağın sevincini, həyəcanını yaşamışdım. Bir gənc üçün bundan sevincli gün ola bilməz.
...Əsgər danışdıqca qürurlanıram. Xalqını, dövlətini, ordusunu sevən vətənpərvər gənclərin xidmət etdiyi ordu ən güclü ordudur fikrinə bir daha əmin olursan...
- Bu səngərlərdə şəhidlərimizin xatirəsi var. Biz onların qəhrəmanlıqları ilə fəxr edirik, - deyən əsgər Çingiz Saatovla söhbətimiz davam edir.
- Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizin qəhrəmanlıqlarını eşidə-eşidə böyümüşük. Onların mərdliyini, igidliyini ömrümüzə örnək, nümunə bilmişik. İndi fərəhlənirəm ki, Mübarizin, Fəridin, Samidin, Turalın, Raqufun və digər qəhrəmanlarımızın əmanət qoyub getdiyi torpaqların keşiyində dayanmışam. Döyüş əmri olsa, mən də onlar kimi şücaət göstərməyə hazıram.
...Əsgərin dedikləri hər bir azərbaycanlının ürəyində illərdir alovlanan arzulardır. Bu arzuya belə mərd oğulların sayəsində çatacağıq. İgidlərdən daha birini - iki ilə yaxındır xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ucal Əliyevi tanıyıram. Ağstafa rayonunda doğulub boya-başa çatıb. Əsgəri xidmətini başa vurduqdan sonra könüllü olaraq ordu sıralarında qalıb xidmətini davam etdirib.
- Əsgərliyin son günlərində ürəyimdə hərbçi olmaq istəyi yarandı. Ordu sıralarında qalmaq məqsədimi yuxarı komandanlığa bildirdim. Təlim kursunu keçdikdən sonra ön xətdəki bölmələrin birinə təyin olundum və xidmətimi hazırda uğurla davam etdirirəm. Gördüyünüz kimi, hər şəraitimiz qaydasındadır. Təminatımız, silah-texnikamız yüksək səviyyədədir. Üzərimizə bircə vəzifə düşür - torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq, layiqli xidmət etmək. Bu vəzifənin öhdəsindən uğurla gəlmək üçün əlimizdən gələni edirik.
... Söhbətləşdiyim digər əsgərlər Emin Qədimov və Tehran Nəcəfov da düşmən qarşısında inamla dayandıqlarını vurğulayırlar. "Biz düşməndən qorxmuruq, onlardan qat-qat güclüyük. Ali Baş Komandanımız əmr verən kimi qısa vaxtda onları məhv edərik, daş üstə daş qoymarıq.”
... Hava yavaş-yavaş qaralır. Günəş astaca dağların arxasına çəkilir. Artıq getməyin vaxtıdır. Hər biri düşmənə keçilməz qala olan igid oğulların əlini sıxıb, xidmətlərində uğurlar arzulayıram. Ərşə çəkilən günəşin doğuşunu Qarabağımızda qarşılayacağımız sabahlarda görüşmək arzusu ilə...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"