Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 10:07

Bu günün vətənpərvər gənci sabahın qalib əsgəridir

Müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı olan ordunun gücü silah və texnika təminatı ilə yanaşı, həm də əsgərin döyüş hazırlığından bilavasitə asılıdır. Müasir silahlardan yüksək səviyyədə istifadə etməyi bacaran, Vətənə sonsuz sevgisi olan, hərbi sirlərə sadiq, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu, ən qüdrətli ordudur. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da dediyi kimi, ən müasir silahı da idarə edən əsgərdir. Bunun üçün də Azərbaycan Ordusunda gənc əsgərlərin hazırlığına daim yüksək diqqət göstərilir.
Hərbi xidmətə gələn gənclərin bacarıqlı, vətənpərvər döyüşçü kimi yetişməsi, gənc əsgər hazırlığı dövründən başlanır. Bu gün ordumuzun bütün birləşmələrində gənclərə yüksək səviyyədə təlim keçirilir. Təlim müddətində atəş hazırlığından, döyüş taktikasından, sıra hazırlığı, ictimai-siyası hazırlıq və digər vacib sahələrdən əyani və praktiki məşğələlər təşkil olunur. Bu müddət ərzində gənclər artilleriya, mühəndis, motoatıcı, rabitəçi və digər ixtisaslara yiyələnirlər.
"N" hərbi hissəsində gənc əsgər hazırlığının yüksək səviyyədə təşkilinin   şahidi oldum. Hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən keçib birbaşa sıra meydanına üz tutdum. Hər bir sahədə olduğu kimi, orduda da intizam ən əsas və vacib  şərtdir. Orduda şəxsi heyətin intizam vərdişləri öncə sıradan başlanır. Sırada gənclərin intizamlı duruşu,  sıra hazırlığının tələblərini həvəslə öyrənmələri bir daha əminlik yaradır ki, onlar hərbi formanı, Azərbaycan əsgəri adını daşımaqla qürur duyurlar.
Leytenant Cabir Şükürlü əsgərlərə sıra hazırlığının elementlərini əvvəlcə izah edir, sonra isə onların müxtəlif çalışmaları icra etməsinə komanda verir. Əsgəri salamlama, sırada hərəkət, sağa-sola, geriyə dönmələr, yuxarı rəislərə yaxınlaşma və digər qaydaları əsgərlərə həvəslə öyrədir. Milli Qəhrəman Mübariz İbrahimovun həmyerlisi olan taqım komandirinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olduğunu öyrənirəm.
- Hərbi xidmətə az müddətdir gəldiklərinə baxmayaraq sıradakı əsgərlər vərdişləri tez qavrayır, - zabit deyir. - Hiss edirsən ki, onların hər biri öyrənməyə, verilən tapşırıqları dəqiq yerinə yetirməyə can atır. Bu, mənə də xoş ovqat  aşılayır. Zabit üçün bacarıqlı əsgər yetişdirmək ən başlıca vəzifədir. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün biliklərimi səfərbər edirəm.
Əsgərlərdən biri - orduya Masallı rayonundan çağırılan Yusif  Yusifzadə fikirlərini bölüşür:
- Təlim kursumuz uğurla davam edir. Günün nizam qaydasına uyğun olaraq keçirilən məşğələlərdə hərbi bilik və bacarıqlara yiyələnirik. Hərbin sirlərinə dərindən alışırıq. Mən də döyüş mövqeyinə təyin olunacağım günü səbirsizliklə gözləyirəm. Əsgər üçün ən müqəddəs xidmət yeri səngərdir. Elə buna görə də səngərdə xidmət etməyi arzulayıram. Buna görə də təlimlərdə verilən tapşırıqları həvəslə yerinə yetirirəm. Bacarıqlı əsgər kimi formalaşıb düşmənə göz dağı olacağam.  
Füzuli rayonundan olan əsgər Ruslan Rüstəmov deyir:
- Hərbi hissədə yaradılan yüksək şərait, komandirlərimizin doğma münasibəti bizi daha da ruhlandırır. İlk günlər darıxırdımsa, artıq özümü evimizdəki kimi hiss edirəm. Üzərimizə bir vəzifə düşür: dərslərdə fəal iştirak etməklə, silahların təyinatını və istifadə qaydalarını, döyüş hazırlığını və digər hərbi bilikləri mükəmməl öyrənməklə, Azərbaycan Ordusuna layiqli əsgər olmaq.
...Əsgərlərin söhbətlərindən bir daha əmin olursan ki, ürəkləri sonsuz Vətən sevgisi ilə döyünən  gənclərimiz  hərbi xidmətə bir məqsədlə - torpaqlarımızı göz bəbəyi kimi qorumaq üçün gəlirlər...
Günün ikinci yarısında baş leytenant Arif İsmayılovdan əsgərlərin ideoloji otaqda olduğunu öyrənirəm. Əsgər yataqxanasındakı təmizlik, səliqə-sahman nizam-intizamın yüksək səviyyədə olduğunu və xidmətin düzgün təşkilini göstərir. Müasir məişət otaqları və  iki mərtəbəli çarpayılar, rahat yataq dəstləri, yun ədyallar, yuyunma ləvazimatları olan dolablar və s. yerləşən yataq otaqları göz oxşayır... İdeoloji otağa daxil oluram. Baş leytenant Tural Tahirov ictimai-siyasi hazırlıq məşğələsi keçir. Əsgərlər qrup rəhbərini diqqətlə dinləyirlər. "Azərbaycan Ordusu" qəzetindən mövzuya uyğun yazılardan istifadə edən zabit, ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyətini vurğulayır:
- Hərbi xidmətə gələn gənclərin mənəvi dəyərlərə alışmasında, Vətən sevgisinin, düşmənə nifrət hisslərinin, qorxmaz və cəsur əsgərlər kimi formalaşmasında ictimai-siyasi hazırlıq dərslərinin də mühüm əhəmiyyəti var, - deyə zabit bildirir. - Bu məşğələlərdə ordumuzun yaranmasından və inkişafından, tariximizdən, hərbi nizamnamələrdən, vətənpərvərlikdən, qəhrəmanlıq nümunələrindən bəhs edən dərslər şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının artırılmasında  vacib rol oynayır.
Sonra əsgərlərlə həmsöhbət oluram. Hərbi xidmətə Oğuz rayonundan çağırılan İbrahim Həşimova əsgərin vəzifə borcu nədir sualını verirəm. Əsgər deyir:
- Komandirlərimiz hər gün bizdən vəzifə borclarımızı soruşurlar. Hamı kimi mən də əzbər bilirəm. Əsgərin vəzifə borcları, silahımızın taktiki-texniki xüsusiyyətlərini, yazılı olan cib kitabçamı asudə vaxtlarımda vərəqləyir, bildiklərimi təkrar edirəm. Atama söz verdiyim kimi, xidmətə məsuliyyətlə yanaşır, komandirlərimin tapşırıqlarını dəqiq yerinə yetirirəm. Vətənpərvər, qorxmaz, cəsur, bir sözlə, xalqımızın, ordumuzun adına layiq əsgər olacağam.
Gənclərlə söhbətləşdikcə belə vətənpərvər oğulların istənilən hərbi bölmədə, yerləşdiyi şəraitdən asılı olmayaraq, uğurlu xidmət edəcəklərinə bir daha əmin olursan...
Növbəti məşğələ isə atəş hazırlığına həsr olunub. Bu dərsdə əsgərlər avtomatın sökülüb-yığılması, təyinatı, hissə və mexanizmləri haqqında öyrənirlər. Müşahidə edirəm ki, hərbi xidmətin hələ astanasında olmalarına baxmayaraq hər biri fəallıq göstərir, avtomatın hissələrini əzbər deyir, sərbəst söküb-yığırlar.
Əsgərlərin hərbi bilikləri yaxşı mənimsədiyini deyən gizir Fərman Yaqublunu tanıyıram. Atası Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək şəhid olub. Vətənpərvərliyi, Vətən sevgisini atasından örnək alıb. "Atam da digər qəhrəman oğullar kimi  torpaqlarımızın azadlığı uğrunda canından keçdi. O, döyüşlərə gedəndə mənə dedi ki, Vətən torpağından heç kimə pay olmaz. “Bu gün biz bu yolda döyüşə gedirik, gələcəkdə isə şücaət göstərmək sırası sizin olacaq. Şəhid olsam, kədərlənmə, oğlum, Vətən bizi bu günlər üçün yetişdirib," demişdi. O illərdən fərqli olaraq indi güclü ordumuz var. Əlimdən gəldiyi qədər vəzifələrimin öhdəsindən uğurla gəlməyə çalışıram ki, ordumuza layiqli gizir olum. Mən də başqa silahdaşlarım kimi döyüşməyə hər an hazıram”.
Gizirlə tanışlıqdan sonra bir neçə əsgərlə də söhbətləşirəm.
Əsgər Orxan Allahverdiyev hərbi xidmətə Ağdam rayonundan çağırılıb. Təlim dövründə öyrəndiklərindən danışır:
- Hər gənc kimi mən də hərbi xidmətə gələcəyim günü səbirsizliklə gözləyirdim. Əsgərlik Vətən qarşısında övladlıq borcumuzdur. Bu borcun öhdəsindən layiqincə gəlmək hər birimizin arzusudur. Keçirilən məşğələlərdə silahların taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənirik. Artıq normativləri vaxtında və düzgün icra edir, bütün tapşırıqları həvəslə yerinə yetirirəm. Təlim kursunu uğurla başa vurub əsgər yoldaşlarımla birgə düşmənə sipər olmağa gedəcəyəm.
- Yaradılan şəraitdən və göstərilən qayğıdan hər birimiz razıyıq, - əsgər Tural Ağayev deyir. - Hərbi xidmətə Füzuli rayonundan çağırılmışam. Xidmətə gəlməzdən əvvəl hərbi hissələrdə yaradılan yüksək şəraiti televiziya proqramlarından və qəzetlərdən izləyirdim. Lakin hərbi hissədə daha gözəl şəraitlə qarşılaşdım. Həm sosial təminatımız yüksəkdir, həm də savadlı, tələbkar, qayğıkeş komandirlərimiz var. Qısa zamanda onlar bizə bir çox hərbi biliklər öyrədiblər. Söz veririk ki, hərbi anda sadiq qalacaq, torpaqlarımızın azadlığı uğrunda vuruşmağa hər an hazır olacağıq.
Hərbi hissədə şahidi olduğum məşğələlər, söhbətləşdiyim gənclərin dilindən deyilən "Vətən artıq bizlərə əmanətdir, torpaqlarımızın keşiyində inamla duran, müqəddəs vəzifələrimizin öhdəsindən layiqincə gəlməyə qadir əsgərlər kimi formalaşırıq" sözləri əminliklə deməyə əsas verir ki,  bu günün vətənpərvər gənci sabahın qalib döyüşçüsüdür.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR