Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 10:07

“Aprel döyüşləri yaddaşlarımızda unudulmaz iz buraxıb”

Əsrlər boyu güclü dövlətlərin hərbi təcavüzünə məruz qalan Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi, dövlətçiliyi uğrunda mübarizə aparmaqla mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, fədakarlıq nümunələri göstərib. Mərd, mətin oğullarımızın sayəsində Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsi yaradılıb. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu davam etdirilib, eyni zamanda gənc nəsil üçün örnəyə çevrilib.
Son dövrlərin savaşı göstərdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də mübarizənin ön sıralarındadırlar.
Belə oğullarımızdan biri - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əmiraslanov Elxan Vilayət oğlu ilə ön xətdə tanış oluruq. Öyrənirik ki, Tovuz rayonunun Bayramlı kəndində anadan olan manqa komandiri aprel döyüşlərinin iştirakçısı kimi Lələtəpəyə ilk qədəm qoyanlardandı.
Özünü xoşbəxt hərbi qulluqçu adlandıran Elxan Əmiraslanov deyir ki, Lələtəpəyə ilk qədəm qoyanların sırasında olması onun sevincini ikiqat artırır: "Aprel döyüşləri mənim yaddaşımda unudulmaz iz buraxıb. Aprelin 1-də düşmən hücumunun qarşısını almaq və onları yerində oturtmaq məqsədilə əks-hücum əmri aldıq. İrəlilədikcə şəxsi heyətimizin sevincinin həddi-hüdudu yox idi. Həmin an Qələbə sevincini yaşayan əsgərlərimizdən bəziləri Vətəni tərənnüm edən şeirlər söyləyir, bəziləri muğam ifa edir, bir qismi isə rəqs edirdi. Bir sözlə, torpaqlarımızı azad etmək hissi hər birimizi istənilən anda yaxalaya biləcək ölüm hissindən güclü idi. Elə bu sevinclə, əzmlə cəmi 3-4 saat ərzində Lələtəpə yüksəkliyini geri aldıq və dövlət bayrağımızı həmin yüksəklikdə dalğalandırdıq. Həyatımın ən sevincli anlarından birini yaşadım. Bu sevinci sözlə ifadə etməyə çətinlik çəkirəm...".
Həmsöbətim döyüşdə yaralandığını da bildirdi: "Tapşırıq gəldi ki, şəhidlərimiz və yaralılarımız döyüş bölgəsindən çıxarılmalıdır. Mən də silahdaşlarımla yaralılarımızı döyüş meydanından çıxarmağa yollandım. Tapşırığı güllə yağışı altında həyata keçirirdik. Qəfildən snayper gülləsinə tuş gəldim. Başımın arxa hissəsindən yaralandım. Elə həmin anda məndən bir az aralıda partlayış baş verdi. Sağ çiynimdən isə qəlpə yarası aldım. Əvvəlcə səhra hospitalına oradan isə Baş Klinik Hospitala gətirildim".
Elxan Əmiraslanov onu da bildirdi ki, aprel döyüşlərində ordumuzun kifayət qədər güclü olduğunu sübut etdik.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR