Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 10:06

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin plenumu keçirilib

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 2017-ci ilin yekunları ilə bağlı plenumu keçirildi. Plenumda Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Dövlət İdarə və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri də iştirak edirdi.
Öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, vəfat etmiş komitə üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Komitənin sədri Abiyat Ağadadaşova hesabat məruzəsinə Prezident, Ali Baş Komandan İlham Əliyevin "Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, maddi rifah - bu amillər ölkənin ümumi inkişafını təmin edir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik" - sözləri ilə başlayaraq orduda aparılan islahatlardan, Silahlı Qüvvələrin maddi-texniki bazasının güclənməsindən, aprel zəfərindən danışaraq bildirdi ki, illər sonra işğaldan azad edilən torpaqlarda üçrəngli bayrağımızın dalğalanmasının şahidi olmaq insana müqayisəyəgəlməz hisslər yaşadır. "Bu gün Cocuq Mərcanlı Ali Baş Komandanın böyük səyi nəticəsində ikinci həyatını yaşayır.  Prezidentin 2017-ci il yanvarın 24-də imzaladığı "Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında" Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Bu sərəncamdan sonra kənddə böyük quruculuq işlərinə başlandı. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işlərinin birinci mərhələsi başa çatıb. Bir neçə aydır ki, Cocuq Mərcanlı sakinləri öz doğma kəndlərində yaşayırlar. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, torpaqlarımız işğaldan azad ediləcək".
Komitə sədri Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci Vitze-Prezidenti təyin olunmasının, Baki-Tbilisi-Qars dəmir yol xəttinin istifadəyə verilməsinin, IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın komanda hesabında birinci yerə çıxmasının, BHİK-nin 50 illik yubileyinin qeyd olunmasının dövlətimiz və Həmkarlar ailəsi üçün ən yadda qalan hadisələr olduğunu vurğuladı. 
Qurumun fəaliyyəti haqqında məlumat verən Abiyat xanım bildirdi ki, komitənin fəaliyyəti çoxşaxəlidir. "Komitənin əsas vəzifəsi ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərini və qanuni hüquqlarını müdafiə etmək, kollektiv müqavilələrin vaxtında bağlanmasına və yerinə yetirilməsinə ciddi nəzarət etmək, əməyin mühafizəsini, təhlükəsiz iş şəraitini təmin etmək, üzvlərin sağlamlıqlarının qayğısına qalmaq, onları maarifləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir".
Hesabat dövründə BHİK-nin Rəyasət heyətinin zəruri qərarlar qəbul etdiyi də diqqətə çatdırıldı. İşəgötürənlə təşkilat arasında bağlanmış kollektiv müqaviləni komitə sədri əmək kollektivlərinin əlində mühüm vasitə kimi qiymətləndirərək bildirdi ki, bu vacib sənədin bütün müddəalarına diqqətlə yanaşılmalıdır. "Ən azı ildə bir dəfə əmək öhdəliklərinin yerinə yetirilməsi kollektivin ümumi iclasında müzakirəyə çıxarılmalıdır. Yerlərdə kollektiv müqavilələrin yerinə yetirilməsi BHİK tərəfindən daim nəzarətdə saxlanılır. 76 təşkilatdan 65-də kollektiv müqavilə bağlanılıb və onun şərtlərinə tam əməl olunur".
Üzvlərinin sağlamlığı ilə daim yaxından maraqlandığını və lazımi köməklik göstərildiyini bildirən komitə sədri qeyd etdi ki, il ərzində Dövlət Sosial Müdafiə Fondu hesabına 39 nəfərə sanator-kurort göndərişi, 51 nəfərə büdcə hesabına ailəvi istirahət evlərinə və turist bazalarına yollayışlar verilib. Həmçinin respublikamızın müxtəlif istirahət guşələrinə təşkil olunan kütləvi gəzintilərdə 650-700 nəfər işçi ailəvi iştirak edib. Ehtiyacı olanlara da maddi yardım göstərilib.
9 may Qələbə Günü ərəfəsində İkinci Dünya müharibəsi veteranları ilə görüşlər keçirilib, onlara hədiyyələr verilib.  
Məruzəçi qeyd etdi ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanovun dəstəyi ilə davamlı olaraq bütün bölgələrdə, ələlxüsus, ön xətdə əsgərlərimizlə görüşlər təşkil edilib. Təşkilat və komissiya sədrlərinin, üzvlərinin maarifləndiriməsi, sosial müdafiə ilə bağlı biliklərinin artırılması məqsədi ilə müxtəlif seminarlar keçirilib. İl ərzində Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan kurslarda komitənin əməkdaşları da fəal iştirak ediblər.
Üzvlərin asudə vaxtının səmərəli təşkilinə daim diqqət yetirən komitənin xətti ilə il ərzində idmanın müxtəlif növləri üzrə yarışlar keçirilib. Qaliblər fəxri fərman, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Habelə, üzvlərin sosial müdafiəsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib.
2018-ci il çox məsuliyyətli və əlamətdar bir il olacaq. Belə ki fevralda respublika həmkarlarının VI qurultayı keçiriləcək.
Abiyat xanım hesabat çıxışının sonunda bildirdi ki, komitənin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət nümayiş etdirməklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi kursunu tam dəstəkləyir, xalq ilə ordu birliyinin möhkəmləndirilməsinə dəyərli töhfəsini verir."Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə komitənin üzvlərini, hər kəsi təbrik edirəm. İnanıram ki, yaxın gələcəkdə biz əlamətdar günlərimizi işğaldan azad ediləcək əzəli torpaqlarımızda da qeyd edəcəyik".
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin şöbə rəisi polkovnik Rauf Dəmirov çıxışında həmkarların ordu ilə sıx əlaqədə olmasını yüksək qiymətləndirdi. Bilidirdi ki, aprel döyüşlərindən sonra komitə üzvlərinin düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə olması xoş qarşılanıb. "Xalq ilə ordunun birliyi qürurvericidir. Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə həmişə hazırdır. Güclü ordumuz, müasir silahlarımız, iqtisadi imkanlarımız Qələbənin yaxında olduğundan xəbər verir".
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Əbülfət Məhərrəmov, Dövlət İdarə və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi Əbülfət Mehdiyev və başqaları da bu təşkilatın gələcək fəaliyyətinə uğurlar arzuladılar.
Sonda qarşıda duran vəzifələr təhlil edildi.
 
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR