Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 10:05

Azərbaycan əsgəri torpaqlarımızı azad etməyə hazırdır

Ordumuzun maddi-texniki təchizatı ölkənin iqtisadi inkişaf dinamikası ilə paralel şəkildə yüksələn xətt üzrə davam edir. Ağır artilleriyadan tutmuş, müasir texnikaya, döyüş gəmilərindən, inkişaf etmiş hava qüvvələrinə qədər təmin olunan Azərbaycan Ordusu düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. "N" hərbi hissəsinin reaktiv artilleriya batareyasında gördüklərimiz də bunu deməyə əsas verir.
Batareyanın şəxsi heyəti ilə tanışlığımız praktiki dərs prosesində baş tutur. Baş leytenant Səttarxan Əhmədov şəxsi heyətə təhlükəsizlik qaydalarını çatdırırdı. Sonra zabit tərəfindən şəxsi heyətə raketburaxma qurğusundan atəş açılana qədər atəş mövqeyində görülən işlərin nəzəri tərəfi izah olunur. Şəxsi heyətin nəzəri baxımdan öyrəndiklərinin praktikada tətbiqi prosesini izləmək imkanı da qazanırıq.
İlk olaraq şəxsi heyət 4 nəfərdən ibarət qruplara bölünür. Baş leytenant Səttarxan Əhmədov qruplara bölünən heyətlərə qurğunun döyüşə və səfərə gətirilmə normativlərini çatdırır. Zabitin əmri ilə qurğuya yaxınlaşan şəxsi heyət şərti atəş mövqeyində olan raketburaxma qurğusunu döyüş vəziyyətinə gətirməyin qaydalarını məşq etməyə başlayır. Zabit tərəfindən atəş mövqeyinin koordinatları müəyyən edilir və rabitə vasitəsilə şəxsi heyətə ötürülür. Qurğu komandiri bucaqölçənləri və nişangahı hesabladıqdan sonra komandanı olduğu kimi təkrarlayır. Növbəti işi üzərinə götürən tuşlayıcı nişangah və bucaqölçəni hazır edir. Bundan sonra iki heyət nəfəri qaldırma və döndərmə mexanizmləri vasitəsilə qurğunu döyüş vəziyyətinə gətirir. Bir neçə dəfə bu prosesi izlədikdən sonra şəxsi heyətə yaxınlaşırıq.
Baş leytenant Səttarxan Əhmədov söhbətə başlayaraq qeyd edir ki, döyüşün növündən asılı olmayaraq düşmənə atəşlə zərərvurmanın əsas tapşırıqları raket və artilleriya qoşunlarının üzərinə düşür. Döyüş zamanı düşmənin zəiflədilməsi məqsədilə müxtəlif növ artilleriya silahlarından onun qoşunlarına və obyektlərinə uzlaşmış şəkildə və təyin olunmuş qaydada atəş edilir. Burada əsas məqsəd döyüşün gedişində üstünlüyə nail olmaq və piyadaların hücumuna şərait yaratmaqdır.
Aprel döyüşlərinin iştirakçısı olan zabit bildirir ki, həmin döyşlərdə düşmənin xeyli sayda hərbi texnikasını zərərsizləşdirdik, əsas mərkəzlərini məhv etdik və şəxsi heyətimizin sərbəst irəliləməsi üçün geniş imkanlar yaratdıq.
Zabit keçirilən dərsin əhəmiyyətinə də toxunur: "Bütün dərslərin və təlimlərin əhəmiyyəti böyükdür. İlk növbədə bütün bunlar bədnam qonşularımıza bir mesajdır ki, hərbi potensialımız istənilən səviyyədədir və münaqişə hərbi müstəviyə keçən zaman öz gücümüzü sübut etməyə qadirik".
İsmayıllı rayonundan hərbi xidmətə gələn əsgər Osman Davudov söhbətimizdə bildirir ki, istənilən anda başlaya biləcək müharibəyə hazırıq. “İşğal olunan torpaqlarımızı azad etmək inamı ilə daim döyüş növbətçiliyi çəkirik, dərslərdə və təlimlərdə iştirak edirik. Biz yaxşı bilirik ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycan əsgərinin əsas vəzifəsidir. Qələbə naminə təlim prosesinin çətinliyinə dözməyə və tər tökməyə hazırıq. Əsas odur, qazanılan təcrübənin hesabına döyüşdə itkilərimiz az olsun".
- Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağ nə qədər ki, düşmən tapdağıındadır, bizə rahatlıq yoxdur, - deyə əsgər Elşad Mirzəyev də söhbətə qoşulur. İgidliyi ilə ad qazanan Mete Xaqanın, Atillanın, Çingiz xanın, Babəkin, Şah İsmayıl Xətainin davamçılarıyıq. Biz hər zaman düşmən təxribatlarına layiqli cavab verməyə, bu təxribatların qarşısını qətiyyətlə almağa qadirik.
Xızıdan hərbi xidmətə çağırılan Rasim Əsgərzadə də bildirir ki, onların ixtiyarında olan müasir silah və texnika hesabına istənilən tapşırığı yerinə yetirəcəklər.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR