Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Dekabr 2017 10:04

Nəbzimiz Vətənin nəbzi ilə vurur!

Leytenant Kənan Mustafayev Qəbələ rayonu Abrıx kəndində dünyaya göz açıb. Torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edənlərin sıralarında olmaq istəyi onda da hərbə sevgi aşılayıb. Nəhayət orta məktəbi bitirdikdən sonra bir an belə düşünmədən sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir.
Bu il leytenant hərbi rütbəsi ilə ön xətdə yerləşən "N" hərbi hissəsinə taqım komandiri təyin olunur. İlk günlərdən fədakar xidməti ilə fərqlənməyə çalışır. Hərbi hissədə "Gənc zabitlərimiz" rubrikasına yazı hazırlamaq istəyimi bildirdikdə, məhz leytenant Kənan Mustafayevin adını vurğuladılar.
İlk baxışda gözlərinin parıltısından, əynindəki hərbi formanın səliqə-sahmanından hiss olunurdu ki, peşəsinin vurğunudur. Onunla salamlaşıb söhbətə başlayıram. Təbii ki, ilk olaraq bu peşəni seçməsinin səbəbini soruşuram. Aldığım cavab məni qürurlandırdı. "Həyatda hər şey qarşılıqlı olanda onu sevmək, yaşamaq da gözəl olur. Amma heç bir qarşılıq gözləmədən sevilən bir meyar var - Vətən. Mən uşaqlıqdan Vətənimin vurğunuyam. Onun hər qarışını, hər ağacını, daşını sevdiyim üçün qəlbən bu torpağa bağlanmışam. Hərbi forma daşıdığım üçün çox qürurluyam".
Diqqətlə həmsöhbətimi dinləyirəm. Onun səmimi danışığı, hərbə olan sevgisi, öz peşəsinə sıx bağlılığı məni də sevindirir.
- Ön xətdə xidmət etmək daha şərəflidir, - deyir zabit. - Doğma ellərimizə, düşmən əsirliyində olan torpaqlarımıza həsrət bizlərə çətinlikləri hiss etdirmir. Əvvəllər o torpaqlarda insanlarımız əkib-becərməklə, heyvandarlıqla məşğul olub, indi isə o yerlərə həsrət qalmışıq. Hər an erməni faşistlərini yurdumuzdan qovub çıxarmağa hazırıq. Bunu tam məsuliyyəti ilə deyirəm. Çünki güclü ordumuz, müasir silah-texnikalarımız, ən başlıcası, bu texnikaları, silahları məharətlə idarə edən əsgərlərimiz var. Əgər ölkəmizin ərazi bütövlüyü sülh yolu ilə təmin olunmasa, savaşa tam hazırıq.
Ümummilli liderimiz Heydər Əliyevin "Gərək nəbzin Vətənin nəbzi ilə vursun! kəlamı gənc zabitin də yaddaşına həkk olunub.  Gələcək döyüşlərdə, döyüşən oğulların sıralarında olmaq leytenant Kənan Mustafayevin də əsas arzusu, məqsədidir.
- Vətən uğrunda canımdan, qanımdan bir an belə düşünmədən keçməyə hər zaman hazıram, - deyir leytenant. Şəhidlik ən uca mənəvi zirvələrdən biridir, torpaqlarımız uğrunda son nəfəsədək döyüşüb qalib ordunun zabiti olmaq, hətta bu yolda şəhid olmaq da məqsədimdir".
Qəlbi Vətənlə döyünən gənc zabitimizlə gələcək görüşlərimizin Şuşada, Laçında, Kəlbəcərdə baş tutması arzusu ilə sağollaşırıq.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"