Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2017 09:16

“Yarışlara işğaldan azad edəcəyimiz torpaqlarımızda ev sahibliyi etmək ən böyük arzumuzdur”

Son illər ərzində Azərbaycanda bir çox sahələrdə uğurlar qazanılıb. İdman sahəsində də sorağımız sərhədləri aşaraq dünyaya səs salıb. İndi idmançılarımız dünya arenalarında yeni-yeni zirvələr fəth edirlər. İnkişaf etmiş ölkələr sırasında üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Dövlət himnimizin sədaları könülləri riqqətə gətirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü gənclər siyasətinin əsas istiqamətlərindən biri də idmanın inkişafı ilə bağlıdır. Bu günlərdə Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant   Rəşad Quliyevlə söhbətləşdik
- Cənab polkovnik-leytenant, öncə Mərkəzi Ordu İdman Klubunun son bir neçə ildəki fəaliyyəti barədə məlumat verməyinizi istərdim.
- Mərkəzi Ordu İdman Klubu ölkənin ən köklü klublarındandır. 1992-ci ildən bu günədək şərəfli yol keçən klubun fəaliyyəti ölkədə və beynəlxalq arenalarda Silahlı Qüvvələri peşəkar səviyyədə tanıda bilib. MOİK-də idmanın 20 növü üzrə bölmələr fəaliyyət göstərir. İdmançılarımız Olimpiya Oyunlarında, həmçinin dünya və Avropa çempionatlarında iştirak edərək medallar qazanıblar. Qazanılmış medalların sayına görə MOİK-in adı Gənclər və İdman Nazirliyi tərəfindən həmişə fərqlənən idman klubları sırasında çəkilib. Azərbaycan milli komandasının əksər üzvləri bizim klubun təmsilçiləridir. Olimpiya, dünya, Avropa və başqa beynəlxalq yarışlarda qazanılan medalların bir hissəsi klubun idmançılarının payına düşür.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daim diqqətdə saxlayır. İdmana dövlət qayğısının təzahürüdür ki, Azərbaycanın ən ucqar rayonlarında da müasir tələblərə cavab verən olimpiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə öz töhfələrini verir.
İdman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqəti ordu idmançılarında daim ruh yüksəkliyi yaradır. Bildiyiniz kimi, Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında iştirak edən hərbi qulluqçularımız qalib oldular. Cənab nazir medal qazanan idmançıları və onların məşqçilərini qəbil etdi.  Görüşdə hərbçi idmançıların uğurlarını yüksək qiymətləndirən Müdafiə naziri Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu bildirdi. Qeyd etdi ki, yarışlarda Azərbaycanı təmsil edən hərbi qulluqçular ölkəmizin bayrağını yüksəltmək və Dövlət himnini səsləndirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut ediblər.
Ordu idmançılarının nəticələri bir daha göstərir ki, Silahlı Qüvvələrdə fiziki hazırlıq və idmana lazımınca diqqət və qayğı göstərilir. Belə münasibət hərbçi idmançıları yeni-yeni uğurlara ruhlandırır.
- 2017-ci il başa çatmaq üzrədir. Bu il sizin təşkilatın həyatında hansı uğurlarla yadda qalacaq?
- 2017-ci ildə klubun idmançıları respublika üzrə və beynəlxalq yarışlarda 83 medal qazanıblar. Bunlardan 67-si  respublika yarışlarında əldə olunub. Medalların 28-i qızıl, 11-i gümüş, 28-i bürüncdür.
Hələ də təəssüratlarından ayrıla bilmədiyimiz Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında komanda hesabında birinci yeri tutmuş Azərbaycan yığmasının qələbəsində ordu idmançılarının da payı, zəhməti var. Bu mötəbər yarışda ikisi qızıl, biri gümüş, biri bürünc olmaqla, dörd medala yiyələndik. Azərbaycan millisinin tərkibində iki futbolçumuz İslamiadanın qalibi oldu.
Naxçıvanda Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə Ulu Öndərimizin xatirəsinə həsr edilmiş yarışda - 2-ci "Heydər Əliyev Kuboku" turnirində də ordu futbolçuları kuboku Bakıya gətirdilər. 
İl ərzində iyulda Bosniya və Hersoqovinanın Sarayevo şəhərində yunan-Roma güləşi  üzrə keçirilən Dünya birinciliyində qızıl, sentyabrda Litvanın Klaypeda şəhərində hərbçilər arasında keçirilən güləş üzrə 32-ci Dünya çempionatında bir qızıl, üç gümüş və altı bürünc, oktyabrda Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə keçirilən dünya çempionatında gümüş medala layiq görülmüşük.
- Bu günlərdə sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatdı. Qazanılan uğurlar hamımızı sevindirdi...
- Azərbaycanda bu cür möhtəşəm yarışların təşkil olunması ölkəmizin gənc nəslinin idmana olan marağının artması ilə yanaşı, onların milli ruhunun yüksəlməsinə də öz müsbət təsirini göstərir. Əbəs yerə deyilmir ki, sağlam bədəndə sağlam ruh olur.
Bakı İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatında ümumilikdə 177 yunan-Roma və 212 sərbəst güləşçi mübarizə aparırdı. Çempionat gərgin və maraqlı görüşlərlə yadda qaldı.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutan idmançılarımız Azərbaycan Güləş Federasiyası tərəfindən müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırıldı. Onlar ölkə yığma komandasının heyətinə cəlb edilərək il ərzində beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazandılar. Uğurlarımız göstərir ki, klubda hər idman növü üzrə təcrübəli mütəxəssislər toplaşıb. Hərbçi idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda və ölkə daxilində əldə etdiyi nailiyyətlər ordumuzun qüdrətini bir daha sübut edir, əsgərlərimizin fiziki sağlamlığına dövlətimiz, ordu rəhbərliyi tərəfindən diqqət yetirildiyini göstərir.
- Yeri gəlmişkən idmanın inkişaf etdirilməsinin ordu quruculuğunda rolunu necə izah edərdiniz?
- Orduda xidmətə hazırlaşan gənclər fiziki cəhətdən sağlam olmalıdırlar. Bu baxımdan Azərbaycanda görülən işlər, kifayət qədər təqdirəlayiqdir. Ölkəmizin hər bir bölgəsində yaradılan müasir idman qurğuları gənc nəslin sağlamlığına xidmət edir. Orduya hazırlaşan gənclərimiz fiziki cəhətdən inkişaf etməklə Vətənimizin etibarlı qoruyucularına çevrilirlər.
Qeyd edim ki, ordu həyatında da idmanın inkişaf etdirilməsi müstəsna əhəmiyyətə malikdir. Axı hərbi xidmət cəsurların, sağlam gənclərin yeridir. İşğala məruz qaldığımız üçün Azərbaycan Ordusunun  bölmələri bu gün düşmənlə təmas şəraitində, həmçinin mürəkkəb relyefli bölgələrdə yerləşir. Elə şərait yaranar ki, əsgər əlbəyaxa döyüşə də atıla bilər. Bu zaman əsgərin fiziki hazırlığı öz sözünü deyir. Məhz buna görə də orduda idmanın rolu böyükdür.
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planının əsas tərkib hissələrindən biri də fiziki hazırlıqdır. Şəxsi heyətin fiziki vərdişlərinin artırılması üçün vacib idman növləri üzrə Silahlı Qüvvələrdə birinciliklərin keçirilməsi artıq neçə illərdir ənənəyə çevrililb. Bu, olduqca vacibdir. Belə tədbirlər, əlbəttə, şəxsi heyətin fiziki vərdişlərinin möhkəmlənməsinə xidmət edir.
- Yeni ilin gəlişi insanlarda yeni arzular, istəklər yaradır. Sizin arzularınız...
- 2018-ci ildə Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümü tamam olacaq. Bununla əlaqədar qarşımıza məqsəd qoymuşuq ki, komandamız Beynəlxalq Hərbi İdman Şurasında qaliblər sırasında yer alsın, Silahlı Qüvvələrimizin şanlı yubileyinə öz töhfəsini versin, yenə də davamlı uğurlar qazanıb bayrağımızı yuksəklərə qaldırsın. Bir vətəndaş olaraq mən də arzu edirəm ki, torpaqlarımız işğaldan azad edilsin. Əzəli torpaqlarımızda keçirilən yarışlara qalib ordunun idmançıları olaraq ev sahibliyi edək.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR