Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2017 09:12

“Ən yaxşı artilleriya divizionu”

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, "Silahlı Qüvvələrdə ən yaxşı artilleriya divizionu" adı uğrunda yarış keçirilib. Səhra şəraitində keçirilən yarışda bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.
Yarış üç mərhələdə keçirilib. İlk mərhələdə artilleriya sinfində divizionun atəşinin idarə edilməsi üzrə məşqlər olub. Burada zabit heyətinə planda nəzərdə tutulmuş qaydada nəzəri bilik səviyyəsi yoxlanılıb və qiymətləndirilib.
Əsas mərhələdə digər tapşırıqlar yerinə yetirilib. Əvvəlcə şəxsi heyət düzülərək sıra baxışı keçirilib. Sonra döyüş əmri çatdırılıb. Komissiya üzvləri marşın keçirilməsinə, atəş mövqelərinin və komanda müşahidə məntəqələrinin tutulmasına nəzarət edib, şəxsi heyət tərəfindən fərdi və qrup halındakı normativlərin düzgün yerinə yetirilməsini qiymətləndiriblər. Həmçinin planlı və plandankənar hədəflərə atəş tapşırıqları icra olunub. 
Yarışın üçüncü mərhələsində - yekunda ümumi hesaba görə qalib divizion elan edilib.
"N" hərbi hissəsinin divizionu "Birliyin ən yaxşı artilleriya divizionu" adına layiq görülüb. Ümumiyyətlə, yarışa cəlb olunmuş bölmələrin hamısı yüksək döyüş hazırlığı nümayiş etdirib. Əldə olunan uğurlar bütün kollektivin zəhməti ilə qazanılıb.
Təlimdə fərqlənən şəxsi heyətlə görüşmək üçün "N" hərbi hissəsinə gəldik. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh zabit Aqil Namazov hərbi hissənin təlimdə qazandığı uğurdan ağızdolusu danışdı.
- "Təlimdə tər, döyüşdə zəfər". Bu hikmətli, dəyərli sözlər dəfələrlə sınaqlardan çıxıb, - deyə zabit sözə başladı. - Hərbi hissəmizin şəxsi heyəti keçirilən yarışda fəal iştirak etdi. Topçularımız verilən komandaları dəqiq və vaxtında yerinə yetirərək, müsbət nəticələr göstərdilər. Təbiidir ki, qazanılan uğurlar bizi arxayınlaşdıra bilməz. Zabit və əsgərlərimiz bilik və bacarıqlarını daim artırırlar. Əminəm ki, başqa təlimlər kimi bu yarışın nəticəsi də döyüş hazırlığına təsir göstərəcək.
Sonra batareya komandiri baş leytenant Vilayət Orucovla həmsöhbət olduq.
- Dövlətimizin ordu quruculuğuna diqqət və qayğısını artilleriya qoşunlarında da daim hiss edirik, -  zabit deyir. - Döyüş hazırlığı tədbirləri kompleks şəkildə yerinə yetirilir. Keçirilən yarışlar artilleriyaçıların nəyə qadir olduqlarını nümayiş etdirir. Hazırda bölmələrimiz ən müasir artilleriya silahları və digər sursatlarla tam təchiz edilib. Bu, qarşımıza qoyulan bütün tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir.
Qalib top heyəti üzvlərinin üz-gözündə qələbə və mübarizlik əzmi var idi.
Top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elçin Əliyev qeyd etdi ki, istənilən an Ali Baş Komandanımızın "İrəli" komandası ilə düşmənə sarsıdıcı zərbə endirməyə hazırıq.
Qısa tanışlıqdan məlum oldu ki, o, Beyləqan rayonundandır. 4 ilə yaxındır bu hərbi hissədə top komandiridir. Müddətli həqiqi hərbi xidmətini "N" hərbi hissəsində başa vurduqdan sonra yenidən taleyini ordu həyatına bağlayıb. "Mən çox sevinirəm ki, bölməmiz yarışda fərqlənərək birliyin ən yaxşı artilleriya divizionu adına layiq görülüb. Təbii ki, bu, hamının təlimdə göstərdiyi yüksək döyüş hazırlığının nəticəsidir. Tabeliyimdəki şəxsi heyət verilən tapşırığa uyğun vəzifəsini lazımi şəkildə icra etdi."
Heyət üzvlərindən biri - əsgər Səfa Məmmədov xidmətə başladığı gündən artilleriya bölməsində tuşlayıcı vəzifəsində xidmət edib. Kifayət qədər bilik və bacarıqlara malikdir.
Səfa Məmmədov təlimlərdə hər dəfə yüksək nəticələrə nail olub. "Təlimlər yüksək səviyyədə keçdi. Qazandığımız uğurlara görə komandir heyətimizə borcluyuq. Gündəlik keçirilən dərslərin nəticəsidir ki, bu gün yarışda heyətimiz yüksək nailiyyətlər əldə etdi.  Biz hər zaman düşmənə ağır zərbələr endirməyə və işğal altındakı torpaqlarımızı azad etməyə tam hazırıq."
Heyətin üzvləri arasında əkiz qardaşlar da var. Laçından olan əsgər Sənan və Elqayıt İsmayılovlar öz sevinclərini bizimlə bölüşdülər.
- Sevinirik ki, qalib bölmənin əsgərləriyik. Bu gün buna görə fəxr etsək də, hələ əsl qələbəmiz qarşıdadır. Biz təkcə qalib divizionun yox, həm də gələcəkdə qalib ordunun əsgərləri olmaq arzusu ilə xidmət edirik. Artıq xidməti başa vurmağımıza az qalıb. Lakin bu o demək deyil ki, Vətənə borcumuzu bitirdik. Əsl Vətən borcumuz torpaqlarımız işğaldan azad olduğu gün bitəcək.
Heyətin digər üzvləri - əsgərlər Fariz Sarıyev və Məhəmməd Cabbarov da yarışda bacarıqları ilə fəqləniblər.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR