Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2017 15:09

Bu məktub qələbəyə çağırışdı

Hər əsər oxuyanın düşüncələrinə təsir edə bilmir. Əslində, məktub da əsərdir və hər məktub da oxuyanı düşündürməyə qadir deyil.
Atam hərbçi olub. Körpəliyimdən hərbi mundir görmüşəm, hərbçilər haqqında söhbətlər eşitmişəm, atamın, atamın dostlarının müharibə, şəhidlik, şəhidlər haqqında danış-dıqlarını qürurla, bəzən kövrəkliklə dinləmişəm. Atam döyüşlərdə tanıdığı qəhrəmanları indi də unutmur. Bunlar bir filoloq kimi mənim diqqətimdən yayınmır. Bir daha əmin oluram ki, Vətən üçün yaşayanlar hamımızın əzizimizdi. Onların vətənsevərliyi biz gənclər üçün böyük örnəkdir...
Hörmətli redaksiya!
Uşaqlığımdan bədii ədəbiyyata, jurnalistikaya böyük həvəsim olub. Müharibə mövzusunda yazılan əsərləri, "Azərbaycan Ordusu" qəzetində dərc edilən məqalələrin əksəriyyətini böyük həvəslə oxuyuram.  Belə məqalələrin əsgərlərin düşüncələri üçün çox gərəkli olduğuna əminəm. Ara-sıra qəzetinizdə mənim də məqaləmi dərc edirdiniz və yeri gəlmişkən, sizə minnətdarlığımı bildirirəm.
Qəzetinizin 29 noyabr tarixli sayında dərc edilən "Əsgər oğluma məktub" məqaləsini də maraqla oxudum. Xalqımızın malik olduğu mənəvi keyfiyyətlətləri bu səviyyədə yaşadan  Şərafət Muquzova kimi analarla mən də qürurlandım. Hər cümləsində Vətən olan, torpağın müqəddəsliyi, əsgərin Vətən qarşısında müqəddəs borcu xatırladılan bu məktubu qardaşıma yazılmış məktub kimi oxudum. Uşaqlığında "dava-dava" oynayanlar indi Vətəni qoruyur. Onların hər biri hər birimizin əzizidi. Şərafət ananın yazdığı "Vətəni anan kimi qoru, oğul" kəlmələri mənim də ürəyimi dağa döndərdi. Azərbaycanlı gənci kimi, Vətənini sevən vətəndaş kimi mən də əsgərlərimizə inanıram, güvənirəm. 2016-cı ilin aprel döyüşlərində qələbə qazanan Azərbaycan əsgəri Ali Baş Komandan əmr edərsə, torpaqlarımızı işğaldan döyüşlə azad edəcək. Şərafət ananın əsgər oğluna məktubu da bu inamla yazılıb. Əsgər oğullar analara, bacılara, ümumən xalqımıza qələbə ovqatı yaşadacaq!
Biz ordumuzla fəxr edirik. Fəxr edirik ki, belə bir dövlətin vətəndaşıyıq, vətəndaş olaraq belə bir orduya sonsuz güvəncimiz var...
Mən də Şərafət ananın çağırıışına qoşuluram, əsgərlərimizə "Anaları, bacıları torpaq nisgilindən qurtarın. Siz buna qadirsiniz!" deyirəm...

Gülsurə HÜSEYNOVA, Bakı şəhəri



Bəzən bir nəfərə ünvanlanan məktubu minlər oxuyur. Belə məktublar ictimai xarakterli olduğuna görə olduqca gərəkli ictimai rəy yaradaraq düşüncələrə hopur, vətəndaşın ictimai fəaliyyətinin tərkib hissəsinə çevrilir, yaranmış mövcud ictimai rəyi formalaşdırır. Belə məktublar yeniyetmələrin, çağırışçıların vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayır.
Hörmətli redaksiya!
Qəzetinizin 29 noyabr tarixli sayında dərc edilən "Əsgər oğluma məktub"məqaləsini belə bir ovqatla oxudum. Universitetdə təhsil aldığım illərdə tələbə yoldaşlarımla müxtəlif mövzularda söhbətləşərdik, əsasən Dağlıq Qarabağdan, torpaqlarımızın işğal olunmasından, ermənilərin təxribatlar törətmək istəməsindən, əsgərlərimizin qətiyyətindən, mərdliyindən, torpaqsevərliyindən danışardıq. Çingiz Qurbanovun qəhrəmanlığı hər birimizi qürurlandırmışdı. İnanmışdıq ki, hər əsgərimiz Çingiz cəsarətlidi, Çingiz hünərlidi.
Zərrəcə şübhə etmirəm ki, Şərafət Muquzovanın oğlu Fərid anasının məktubunu oxuyandan sonra "Arxayın ol, ana. Sənin arzuladığın kimi xidmət edəcəm, Vətəni anam kimi qoruyacam!" - deyib. Uşaq yaşlarında ata-anasına "Mən sizi əjdahalardan qoruyacam" - deyən oğul indi əsgərdi. Cənubi Qafqazda ən güclü ordunun əsgəridi, Vətənimizi qoruyur. Ali Baş Komandan əmr verərsə, o da döyüşəcək, Böyük Qələbəni qazananların sırasında o da olacaq. Əsgər anası Şərafət Muquzovanın məktubunu həmin günə çağırış  bilirəm. Varlığımla inanıram ki, əsgərlərimiz əsgər anasının çağırışını Vətənin çağırışı bilir. Vətənimizə xitabən "Səndən ötrü can verməyə hamımız hazırıq, Vətən!" - deyirlər.
Hörmətli redaksiya!
Qardaşım Kənan orta məktəbdə oxuyur. Zamanında o da hərbi xidmətə gedəcək. Əsgər qardaşıyla qürur duyan bacılardan biri də mən olacam. Onda mənim anam işğaldan azad edilmiş torpaqlarımızda xidmət edəcək oğluna yazacağı məktubda Azərbaycan əsgərinin Böyük Qələbəni necə qazandığını da xatırladacaq...

Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri