Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2017 15:07

Qəhrəmanın xatirəsinə həsr olunmuş şahmat turniri

C.Naxçıvanski adına Hərbi Liseydə müntəzəm olaraq Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə həsr olunmuş idman yarışları keçirilir. Kursantlar bu yarışlarda həvəslə iştirak edərək daim fiziki hazırlıqlarını artırırlar. Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə şahmat turniri keçirildi.
Tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın işğalçılardan qorunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Hərbi Liseyin fiziki hazırlıq bölməsinin müdiri Fərhad Əliyev çıxışında Milli Qəhrəman Elşad Əhədovun həyatı və döyüş yolu barədə geniş məlumat verdi.
Qeyd etdi ki, o, 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub və burada təhsil alıb. 1982-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Burada təhsilini başa vurandan sonra Ukraynanın Kamenets - Podolsk  Ali Komandirlər Məktəbində oxuyub və Volqoqrad vilayətindəki hərbi hissələrdən birində xidmətə başlayıb. Gənc zabit bir müddətdən sonra dogma Vətənə dönüb.
Erməni qəsbkarlarının Azərbaycan torpaqlarına hücumu çoxları kimi onun da rahatlığını pozub. Elşad Əhədov komandir kimi qazandığı hərbi təcrübəni düşmənlə mübarizəyə sərf edib. Gənc zabitin döyüş yolu Füzuli istiqamətində başlanıb. Onun minaladığı sahədə 8 düşmən tankı və onlarla erməni yaraqlısı məhv edilib. Qəhrəmanın son döyüşü 11 dekabr 1993-cü il tarixinə təsadüf edir. Onun komandiri olduğu bölük sayca iki dəfədən artıq olan ermənilərin hücumunun qarşısını almaq üçün güclü müqavimət göstərir. Qeyri-bərabər döyüşdə Elşad ağır yaralanır. Həkimlərin ciddi səylərinə baxmayaraq  komandirin həyatını xilas etmək mümkün olmur...
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Azərbaycan Bayrağı"ordeni ilə təltif edilir. Zabitin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və cəsarət bir ildən sonra daha da yüksək qiymətləndirilir - ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilir. Təzə  Alvadı kəndində dəfn edilir. Bir vaxtlar təhsil aldığı orta məktəb indi qəhrəmanın adını daşıyır.
9 komandanın qatıldığı turnir başlanır və şahmat taxtası arxasında əyləşən kursantlar qalib gəlmək üçün daha çevik, daha "ağıllı" fəndlər tətbiq etməyə çalışırlar.
Bir neçə gün davam edəcək yarışda hər komandadan 3 əsas, bir ehtiyat oyunçu iştirak edir. Oyunda qalib gələn idmançıya 1 xal veriləcək, yarış heç-heçə başa çatanda isə xallar oyunçular arasında bölünəcək. Turnir beynəlxalq qaydalara uyğun olaraq dairəvi sistem üzrə keçirilir. Yarış həm komanda, həm də şəxsi xarakterlidir.
Sonda qaliblər Hərbi Liseyin rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey