Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2017 15:06

Qələbəyə gedən yol

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi hər birimiz üçün əsas hədəfdir. Qələbənin təminatı isə hazırlıqlı zabit və gizirlərdən, əsgərlərdən bütün döyüş vasitələrinin hazırlığından asılıdır. Orduda etibarlı rabitə sistemi də mühüm əhəmiyyətə malikdir. Çünki müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədilə komanda idarəetmə-məntəqələrinin rabitə vasitələri əsas rol oynayır.
Bütün bunları nəzərə alaraq "N" hərbi hissəsində rabitə bölməsinin fəaliyyəti ilə yaxından tanış oluruq. Tanışlığımız radiorele stansiyasından başlayır. Gizir Rafiq Məhərrəmov şəxsi heyətə "Ştatda olan rabitə vasitələrinin quruluşu və istismarı" mövzusunda dərs keçir: "Müasir döyüşlərin qələbəsi radioelektron vasitələrlə təşkil edilən idarəetmənin etibarlılığından da çox asılıdır. Bunu nəzərə alaraq hər bir döyüşün hazırlanması və gedişi ərəfəsində müxtəlif üsullardan istifadə etməklə əks tərəfin idarəetməsini pozmaq mühüm amil kimi qəbul edilir. Nəticədə idarəetmə vasitələrinin düşmən təsirindən mühafizəsi sahəsində üstünlüyə nail olmaq uğrunda gərgin mübarizə yaranır. Bu mübarizədə rabitə sistemini qorumaq vacib sayılır. Bunun üçün imitasiya dayanıqlığı təşkil olunaraq yalan məlumatların rabitə sisteminə daxil olmasının qarşısı alınır və sistemin əks-dayanıqlılığı təmin edilir".
Dərs prosesindən sonra gizir Rafiq Məhərrəmovla söhbət etmək imkanı qazanırıq. Öyrənirik ki, həyatının 14 ilini hərbə bağlayan həmsöhbətim Şəkidə dünyaya göz açıb. Gizirin söhbətinə görə, son illərdə Azərbaycan Ordusunun rabitə bölmələri müasir tələblərə cavab verən yeni nəsil rəqəmsal rabitə vasitələri ilə təchiz olunub.
- Bu vasitələrin istismar xüsusiyyətlərinin mənimsənilməsi üçün rabitə üzrə mütəxəssislər - zabit və gizirlər müvafiq kurslara cəlb edilirlər, - gizir deyir. - Məqsəd isə tabelikdə olan şəxsi heyətin yüksək səviyyədə təcrübə qazanmasına imkan yaratmaqdır. Azərbaycan Ordusunun rabitə bölmələri arasında keçirilən yarışlarda ön sıralarda olmağımız şəxsi heyətimizin hazırlığından xəbər verir. Ancaq bu nailiyyətlər bizi arxayınlaşdırmır. Mütəmadi olaraq dərs, təlim və yarış proseslərinə cəlb olunuruq. Şəxsi heyətimiz inkişaf etmiş dünya ordularının nəzəri və praktiki bacarıqlarından müntəzəm olaraq faydalanır, müasir rabitə sistemini dərindən öyrənir və rəhbərliyin göstərişlərini məsuliyyətlə yerinə yetirir. İnanırıq ki, hazırlıqlı bölmələrin hesabına Qələbəyə tezliklə nail olmaq mümkün olacaq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR