Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2017 15:04

“Ən yaxşı motoatıcı tabor komandiri”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrimiz üzrə ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib. Birinci yerin sahibi olan zabitlə görüşmək üçün "N" hərbi hissəsinə yola düşürəm.
Öyrənirəm ki, zabitlərin hər biri müsabiqənin bütün mərhələlərində yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıb. Onların nailiyyətləri bir daha göstərib ki, ordumuzun müasir silah və texnikası ilə yanaşı, onlardan ustalıqla istifadə etməyi bacaran savadlı zabitlərimiz var. Belə peşəkar zabitlər həm döyüş qabiliyyətini artırır, həm də ordumuza layiqli əsgərlərin formalaşmasında vacib rol oynayır. Əbəs yerə deməyiblər ki, komandir özü şəxsi nümunədır. Bu müsabiqədə  komandirlərin bütün tapşırıqların öhdəsindən uğurla gəlməsi əminliklə deməyə əsas verir ki, onların tabeliyindəki şəxsi heyət yüksək səviyyədə xidmət edir və torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə atılmağa hər an hazırdır. Vətənpərvərliyi, qorxmazlığı ilə əsgərlərinə nümunə olan komandir, döyüş meydanında onları ruhlandırmağı da bacarır. Belə müsabiqələrdə, təlimlərdə şəxsi heyətin uğurlu nəticə göstərməsi bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasəti inamla və qətiyyətlə davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan  uğurlu islahatlar nəticəsində beynəlxalq miqyasda tanınan ərazi bütövlüyümüzü, əhalinin əmin-amanlığını təmin etməyə qadir olan güclü ordumuz formalaşıb.
...Hər yarışın bir qalibi olduğu kimi, bu müsabiqədə də "ən yaxşı tabor komandiri" mayor Anar Mirzəyev seçilir. O, "N" hərbi hissəsinin motoatıcı tabor komandiri vəzifəsində xidmət edir. Onunla söhbətləşib, ilin ən yaxşı tabor komandiri adına layiq görüldüyü üçün təbrik etdik. Əslən İsmayıllı rayonunun Basqal kəndindən olan zabiti daha yaxından tanıyıram. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini motoatıcı ixtisası üzrə bitirib. İki dəfə Rumıniyada keçirilən NATO təlimlərinin iştirakçısı olub. Hələ kursant vaxtlarından nizam-intizamına və keçirilən dərslərdə yüksək bacarıq nümayiş etdirdiyinə görə dəfələrlə bölük birincisi olub. Bu günə qədər olan xidməti dövründə  bir çox nailiyyətlər əldə edib. 26 İyun Silahlı Qüvvələr Günündə Ali Baş Komandanın imzaladığı fərmana əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. Bundan başqa 2016-cı ilin yekununa əsasən döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi yüksək nəticələrə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından fəxri fərmanla, qüsursuz xidmətlərinə görə I və II dərəcəli medallarla, Silahlı Qüvvələrin 90, 95 illik yubiley medalları ilə mükafatlandırılıb. İki övlad atası olan zabit "Əsas məqsədimiz Vətənə, millətə, dövlətə layiqli övlad olmaq, torpaqlarımızı işğaldan azad etməkdir" deyərək seçdiyi peşənin müqəddəsliyindən danışır:
- Bu peşəni öz istəyimlə seçmişəm. Vətənə olan bağlılığım, sevgim müqəddəs peşəni seçməyimə səbəb olub. Bu istəyi, sevgini də alovlandıran vətənpərvərlik hisslərimdir. Hər bir gəncimiz kimi mən də ailəmdə, təhsil aldığım məktəbdə vətənpərvərlik ruhunda formalaşmışam. Zabitlik çətin peşədir. Lakin qüruru, şərəfi daha yüksəkdir. Vətən keşiyində dayanmaq kimi şərəfli vəzifə yerinə yetirirsən. Xidməti zərurətlə əlaqədar toy-bayramda qohumlarının, yaxınlarının arasında ola bilmirsən. Lakin o məclislərdə "Anar aramızda iştirak edə bilmir, Vətənimizi qoruyur, xidmətdədir" sözlərini eşitmək sevindiricidir. Düzdür, bütün peşələr şərəflidir, lakin hərbçi peşəsi hamısından şərəflidir, axı bu peşənin sahibləri Vətən torpaqlarını qoruyur.
Söhbətinə davam edən mayor A.Mirzəyev ordumuzda xidmət edən hər bir kəsə yüksək etimad bəsləndiyini vurğulayır. "Diqqət və qayğılarını daim bizdən əsirgəməyən Ali Baş Komandan İlham Əliyev və Müdafiə naziri general-polkovnik Zakir Həsənov tez-tez hərbi hissələrdə bizimlə görüşür, qayğılarımızla maraqlanırlar. Belə diqqətin qarşılığında uğurlu xidmət etmək, göstərilən etimadı doğrultmaq hər birimizin borcudur", - zabit deyir.
Onun qətiyyətli sözlərindən, məğrur baxışlarından hərb peşəsinin incəliklərinə yaxşı bələd olan, seçdiyi yolda şərəflə, məsuliyyətlə xidmət edən bilikli, bacarıqlı zabit olduğu hiss olunur. O, Ümummilli Liderin "zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" sözlərinə sadiq olan, seçdiyi peşəni özünə həyat yolu bilən vətənpərvər oğullardandır.
Zabit Anar Mirzəyev sonda komandir keyfiyyətlərindən də söz açaraq gənc kursantlara öz tövsiyələrini bildirir:
- Hər bir gənc unutmamalıdır ki, torpaqlarımızın 20 faizi işğaldadır. Bizləri ancaq bir məsələ düşündürür - tezliklə doğma torpaqlarımızı işğaldan azad etmək. Hər birimiz mənəvi dəyərlərimizə sadiq, vətənpərvər olmalı, xidmətimizə məsuliyyətlə yanaşmalıyıq. Keçirilən dərslərdə, təlimlərdə fəal iştirak edib döyüş hazırlığımızı daha da artırmalıyıq. Komandir kimi tələbkar, qayğıkeş, səmimi olmağı, şəxsi heyətdə liderlik keyfiyyətləri qazanmağı özümə borc bilirəm. Tabeliyimizdəki əsgərləri döyüşə həm mənəvi, həm də taktiki cəhətdən hazırlamaq üçün bütün bilik və bacarıqlarımızı səfərbər etməliyik.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"