Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2017 15:02

“Ən yaxşı artilleriya divizionu”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrdə "Ən yaxşı artilleriya divizionu" adı uğrunda yarış keçirilib. Yarışların əsas məqsədi şəxsi heyətin döyüş ustalığını artırmaqla yanaşı, ixtisas, taktiki, atəş və fiziki hazırlığını, nəzəri və praktiki vərdişlərini, döyüş zamanı onların uzlaşma və idarəetmə qabiliyyətlərini formalaşdırmaqdır.
"Silahlı Qüvvələrin ən yaxşı artilleriya divizionu" adı uğrunda keçirilən yarışın nəticələrini öyrənmək və şəxsi heyətin təəssüratlarını bölüşmək məqsədilə hərbi hissələrimizdən birində olduq. Burada kapitan Azad Cəfərov bildirdi ki, yarış fərqli məkanlarda ayrı-ayrı ixtisaslar üzrə divizionlar və bölmələr arasında keçirilib.
"Ölkə rəhbərliyi tərəfindən orduya göstərilən diqqət və qayğı, qoşunlarımızın maddi-texniki təminatı döyüş hazırlığının daha da yüksəldilməsinə səbəb olub. Şəxsi heyətimizin çəkdiyi zəhmətin nəticəsidir ki, şəxsi heyətimiz "Silahlı Qüvvələrin ən yaxşı özüyeriyən artilleriya divizionu" adı uğrunda keçirilən yarışda ən yüksək nəticə əldə edib."
Öyrənirik ki, yarış üç mərhəldə həyata keçirilib. İlk olaraq divizionun zabit heyəti kompüterli artilleriya sinfində toplanır. Divizion komandiri atəşin idarə edilməsi üzrə yarışın başlandığını elan edir. Zabit heyəti məruzəni qəbul etdikdən sonra, onların nəzəri bilik səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə imtahan biletləri paylanır və bilik səviyyələri yoxlanılır.
- Şəxsi heyətimizin yarışda qalib olması təsadüfi deyil, -deyə kapitan Rəşad Məmmədov bizimlə söhbətə başlayır. Bir zabit, bir vətəndaş kimi 20 faiz torpaqlarımızın işğalda olması, dövlətimizin ərazi bütövlüyünün pozulması ilə barışa bilmərik. Ermənistanla olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Ona görə də yüksək səviyyədə hazırlıqlı olmağımız vacibdir.
Baş leytenant Məmməd Məmmədov söhbətə müdaxilə edərək bildirdi ki, divizonumuzda xidmət edən zabitlərin əksəriyyəti ali hərbi təhsili fərqlənmə ilə bitirən zabitlərdir. bacarıqlarını ortaya qoymağı bacardılar və bu il keçirilən yarışın birincisi oldular. Hər zaman şəxsi heyətimizin döyüş ustalığının artırılması üçün əlimizdən gələni əsirgəmirik. Növbəti yarışlarda da birinci olmağa iddialıyıq.
Kapitan Rüstəm Muradov isə bildirdi ki, yarışın qalibi olmaq üçün döyüş hazırlığı ilə paralel, şəxsi heyətin mənəvi-psixoloji durumu da diqqətdə saxlanılır. Yüksək mənəvi dəəyərlər ruhunda formalaşdırılan şəxsi heyət Vətəni qorumağa qadirdi.
Şəxsi heyətə sıra baxışının keçirilməsi və tədris-material bazasının yoxlanılması ilə ikinci mərhələ başlayır. Bunun üçün divizionun texnikası atəş mövqeyi rayonundan bir qədər kənarda kolona düzülür, şəxsi heyət sıraya cəlb edilir və tədris-material bazası təqdim olunur. Tədris-material bazası, şəxsi heyətin ekipirovkası yoxlanıldıqdan və qeydlər aparıldıqdan sonra özüyeriyən artilleriya divizion komandirinin marş əmri şəxsi heyətə çatdırılır və hər kəs təhlükəsizlik qaydaları ilə təlimatlandırılır. Müvafiq sənədlər yoxlandıqdan sonra divizion komandiri tərəfindən atəş mövqeyi və komanda müşahidə məntəqələri rayonlarına çıxmağa icazə verilir. Marşın həyata keçirilməsi və saxlancdan döyüş tapşırığı yerinə yetiriləcək rayona hərəkət etmək üçün şəxsi heyət düzülür. Divizion komandiri tərəfindən "daimi dislokasiya mövqeyini tərk etməyə başlayın" komandasını alan şəxsi heyət maşınlarda öz yerini tutur. Kapitan Azad Cəfərov bildirir ki, ilk növbədə əsas diqqət əvvəlcədən hazırlanan atəş mövqeyinin və komanda müşahidə məntəqələrinin vaxtında və dəqiq şəkildə tutulmasına, fərdi və qrup normativlərinin yerinə yetirilməsinə yönəlir.
"Döyüşə!" komandası ilə marşın icra olunması prosesi başlanır. Bu komandadan sonra şəxsi heyət atəş mövqeyində və komanda müşahidə məntəqəsində öz yerini tutur.
Hər bir heyət dərhal əmri yerinə yetirməyə başlayır və müasir özüyeriyən qurğu bir neçə saniyə ərzində döyüşə hazır vəziyyətə gətirilir. Qurğunun komandiri dərhal bayrağı qaldırıb heyətin döyüşə hazır olduğunu bildirir.
- Bundan sonra planlı hədəflərə atəş tapşırıqları yerinə yetiriləcək", - deyə baş leytenant İgid Məmmədov söhbətə başlayır. Şəxsi heyət divizion komandirinin planlı hədəflərə atəş tapşırıqlarının yerinə yetirilməsi əmrini gözləyir. Bu əmr yerinə yetirildikdən sonra üç atəş tapşırığı ilə plandankənar hədəflərə də atəş tapşırığı yerinə yetiriləcək.
- Zabitlə birlikdə atəş tapşırıqlarının yerinə yetirilməsi prosesini izləyirik.
- Gördüyünüz nailiyyət məşğələlərdə ixtisas, taktiki və atış bacarıqlarını daim artırmağımızın nəticəsidir - deyə baş leytenant söhbətə davam edir. Bu məşğələlərdə texnikanın taktiki-texniki xüsusiyyətlərini öyrənir, təcrübəmizi daha da artırırıq. Gördüyünüz texnika ən müasir texnologiya ilə, avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz edilib. Hazırlıqlı olmayan, texnikanı mükəmməl bilməyən əsgərlə nailiyyət əldə oluna bilməz. Vətəni qorumağın şərəfli peşə sayıldığını, dövlətimizə xidmət etməyin müqəddəs borc olduğunu bilən əsgərlərimizin düşmənə nifrəti böyükdür.
Gizir Vüsal Yunisov da söhbətimizə qoşularaq bildirir ki, istənilən hərbi qulluqçu ümumi uğurumuz naminə bilik və bacarığını əsirgəmir. "Özünüz də gördünüz ki, vahid mexanizm kimi hərəkət etməyimizin, əldə etdiyimiz biliklərin sayəsində nəzərdə tutulan normativləri vaxtında və yüksək dəqiqliklə həyata keçiririk. Bu yarışlar və təlimlər imkan verir ki, Azərbaycan əsgəri özünü əsl döyüş meydanında hiss etsin. Belə yarışlar həm də şəxsi heyətə özünəinam aşılayır. Hamı başa düşür ki, təlim meydanında çəkilən zəhmət döyüş meydanında qələbəyə nail olmağa imkan yaradır.  
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsən Qarayev isə bildirdi ki, təlimdə ötən ilin aprel döyüşlərində oğullarımızın nümayiş etdirdiyi qəhrəmanlıqları bir daha təkrar etmək, xalqımızı sevincə qərq etmək, bayrağımızı doğma torpaqlarımızda dalğalandırmaq istəyindəyik. "Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusunun gücü, qüdrəti, şəxsi heyətimizin peşəkarlığı ən yüksək səviyyədədir. Bu gün ordumuzda olan yüksək peşəkarlıq, ciddi nizam-intizam, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, doğrudan da ordumuzun yeni zəfərlər qazanacağına təminatdır."
Füzuli rayonundan hərbi xidmətə çağırılan əsgər İxtiyar İsayev söhbət zamanı Azərbaycan Ordusunda xidmət etdiyindən və xalqımıza məxsus hərbi ənənələri şərəflə davam etdirdiyindən qürur duyduğunu bildirdi. "Artilleriya haqqında, xüsusilə müasir tələblərə cavab verən özüyeriyən qurğu haqqında heç bir anlayışım yox idi. İndi isə təcrübəli zabitlərimizin, gizirlərimizin və əsgərlərimizin sayəsində sərbəst şəkildə hədəfləri müəyyən etməyi və düşməni atəş altında saxlamağı bacarırıq."
- Bu gün əlimizdə olan müasir texnikaların köməyi ilə düşməni tamamilə məhv etməyə qadirik", - deyə əsgər Kənan Talıblı da öz fikirlərini bölüşür. 15 aylıq xidmətim hədər getməyib. İndi isə yeni gələn əsgərlərin öyrədilməsində yardımçı olmağa çalışırıq. Bilirik ki, Azərbaycan əsgəri istənilən döyüş məqamına hazır olmalıdı. Biz həmin döyüş anını yaşamağa hər zaman hazırıq.
Əsgər Fərrux Rzayev isə dostunun söhbətini yarımçıq qoyub bildirdi ki, ancaq bir məsələ haqqında düşünürük: "Gözlədiyimiz döyüş məqamı nə vaxt gəlib çatacaq. Nə vaxt bu texnikanın köməyi ilə haqqımız, halalımız olan o torpaqlara ayaq basacağıq.
Qısa fasilədən sonra komanda müşahidə məntəqələrinin yerdəyişməsi prosesi başlayır. Bu zaman maskalanma və gizli fəaliyyət qaydalarına da əməl olunur. Atəş tapşırığı yerinə yetirilir. Bununla paralel olaraq kəşfiyyatın təşkili prosesi də aparılır və s.
Bu mərhələnin sonunda idarəetməni batareya komandirlərindən birinə ötürməklə atəş tapşırığının yerinə yetirilməsi prosesini izləyirik. Kapitan Azad Cəfərov bildirir ki, bu mərhələnin əsas məqsədi düşmənin əks-həmlələrinin qarşısını vaxtında almaqdır.
Sonuncu mərhələdə divizion komandiri yarışın başa çatması, atəş mövqelərinin və komanda müşahidə məntəqələrinin yığışması və təyin olunmuş yerdə şəxsi heyətin düzülməsi barədə komanda verir. Divizionun şəxsi heyəti atəş mövqelərini və komanda müşahidə məntəqələrini tərk edərək, sıraya düzüldükdən sonra yarışa yekun vurulur.

Məhəmməd ƏLİYEV "Azərbaycan Ordusu",
Fotolar Namiq PƏNAHOVUNDUR