Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2017 10:27

Divar mətbuatı kursantların maraq dairəsindədir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyan kursantların gələcəkdə ölkəmiz üçün layiqli vətəndaş, ordumuz üçün savadlı və peşəkar zabit kimi hazırlanmaları üçün hərtərəfli şərait yaradılıb.
Hərbi liseydə tez-tez Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunan idman yarışları keçirilir. Kursantlar bu birinciliklərdə fəal iştirak edərək daim hazırlıqlarını artırırlar. Yarışdan-yarışa onların fiziki göstəriciləri daha da yüksəlir. Kursantlar asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif vətənpərvərlik tədbirlərində həvəslə iştirak edirlər.
Sabahımızın zabitləri olacaq kursantlar divar qəzetlərinin hazırlanmasına da böyük maraq göstərirlər. Hər kursun kollektivi öz divar mətbuatının daha məzmunlu və rəngarəng hazırlanmasına çalışır. Bu günlərdə tədris otaqlarına baş çəkib kursantların hazırladıqları divar qəzetləri ilə tanış olduq. Qeyd edək ki, gördüklərimiz təsəvvür etdiyimizdən qat-qat yüksək idi.
Divar qəzetlərinin adları da diqqətimi çəkdi. "İldırım", "İntizam", "Uğurlarımız", "Kursant həyatı" və başqa qəzetlər. Divar qəzetlərinin adları fərqli olsa da, məqsəd və məramı gələcəyin zabitləri olacaq kursantlara hərbi vətənpərvərlik hisslərini aşılamaqdır. Bu məqsədlə divar qəzetlərində maraqlı material və şəkillərə geniş yer ayrılır. Ölkəmizin uğurları, ordumuzun daim artan qüdrəti, Milli qəhrəmanlarımızın şərəfli döyüş yolları, Azərbaycan Ordusunun aprel döyüşləri və başqa mövzularda yazılan materiallar hər bir kəsin diqqətini çəkir.
- Kursantlarımız divar qəzetlərinin hazırlanmasında həvəslə iştirak edirlər, - deyə Azərbaycan dili və ədəbiyyatı müəllimi Peykər Həbibova sözə başladı. - Onlar bir-birindən maraqlı məqalələr yazır, müxtəlif mövzulara uyğun rəsmlər çəkirlər. Məqalə və çəkilən rəsmlər bir-birini tamamladığından oxucuların zövqünü oxşayır, könlünü açır. Kursantlarımız divar qəzetinin həm formasına, həm də məzmununa böyük diqqət ayırırlar. Çalışırlar ki, qəzetlərin həm forması, həm də məzmunu rəngarəng olsun. İnanıram ki, belə istedadlı gənclər gələcəkdə ordumuz üçün bacarıqlı zabitlər olacaqlar. Divar qəzetlərinin hazırlanmasında zəhməti olan kursantlardan Əli Bağırovun, Rəfael Qasımovun, Tapdıq Mansurovun, Elçin Ələsgərzadənin və başqalarının adlarını çəkmək istərdim.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey