Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2017 10:25

Məktəblilər hərbi hissədə

Gəncə şəhərində məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsinə və gələcəyin fəal qurucuları kimi formalaşmalarına böyük diqqət yetirilir. Məktəblərdə bu məqsədlə görüşlər, ədəbi-bədii gecələr, anım mərasimləri, xatirə gecələri keçirilir. Şagirdlərə xalqımızın qəhrəmanlıq tarixindən geniş məlumatlar verilir. Qəhrəman oğulların həyatı, döyüş yolu onlara aşılanır.
Görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan tam orta məktəbin pedaqoji kollektivi də gənc nəslin gələcəyin əsl vətəndaşları kimi formalaşmaları üçün öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirir. Məktəbin yetirmələri müxtəlif qoşun növlərində vətəndaşlıq borclarına şərəflə əməl edirlər.
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin səyyar şöbəsinin təşkilatçılığı ilə məktəbin şagirdləri "N" hərbi hissəsində olublar. Öncə məktəblilər və hərbi qulluqçular xalqımızın ümummilli lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yad ediblər.
Polkovnik-leytenant Rüstəm Məmmədov və zabitlər Arif İsmayılov, Rəcəb Bəyalıyev, kitabxananın əməkdaşları Səidə Müseyibova, Elnarə Hüseynova məktəblilər qarşısında çıxış ediblər. Onlar ölkəmizdə həyata keçirilən islahatlardan, ordu quruculuğuna dövlət qayğısından bəhs ediblər. Vurğulayıblar ki, gənc nəslin təlim-tərbiyəsinə xalqımızın Ümummilli Lideri tərəfindən həmişə yüksək diqqət, qayğı göstərilib. Xalqımızın güvənc yerinə çevrilən Silahlı Qüvvələrin formalaşması, müasir tələblər səviyyəsinə yüksəlməsi də Ulu Öndərin adı ilə bağlıdır. Bu yol hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra məktəblilər əsgərlər üçün yaradılan yüksək şəraitlə yaxından tanış olublar və hərbi hissənin şəxsi heyəti ilə birgə nahar ediblər. Gənc nəslin nümayəndələri hərbi hissədən xoş təəssüratla ayrılıblar.
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"