Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2017 10:23

“Əsgərlərə yeməklər ana sevgisi ilə hazırlanır”

Son illər Azərbaycanın ordu quruculuğunda həyata keçirilən islahatlar əsgərlərin məişətində də öz sözünü deyib. Hazırda Vətənimizin keşiyində dayanan gənclərimiz üçün hərbi bölmələrdə ən müasir səviyyədə sosial şərait yaradılıb.
Cəbhə xəttində düşmənlə təmas şəraitində yerləşən hərbi bölmənin müasir şəraiti bizə xoş ovqat aşıladı. Çətin təbii şəraitdə xidmət edən əsgərlərin gülər üzləri, əhval-ruhiyyəsi də deməyə əsas verirdi ki, hər kəs burada yaradılan şəraitdən məmnundur və belə mühitdə xidmət etməkdən qürur duyur.
Nahar fasiləsində fürsət tapıb əsgər yeməkxanasına  daxil oluruq. Geniş və yaraşıqlı zalda əsgərlərin nahar etməsi üçün istənilən imkanlar yaradılıb. Müasir istilik sistemi ilə təmin edilən işıqlı zal bir azdan nahara gələn gənc sakinlərini - Vətənimizin müdafiəçilərini qəbul edir. Hamı baş geyimini çıxarıb yeməkxanaya gəlir və podnos götürüb aşpazlara yaxınlaşır. Hər kəsə növbə ilə yeməklər çəkilir. Bu mənzərəni seyr edincə adamda, doğrudan da, nikbin əhval-ruhiyyə yaranır. Bir anlıq xəyal məni lap uzaqlara - hərbi xidmətimi keçirdiyim Sovet dönəminə, Şimal hərbi dairəsinə aparır. Əlahiddə hərbi bölmədə xidmət edirdim, o qədər çox əsgəri olmasına baxmayaraq bölmənin şəraiti yaxşı deyildi. Yemək sarıdan da korluq çəkirdik, heç deməzdin ki, dünyaya meydan oxuyan, şəninə təriflər yağdırılan böyük bir orduda xidmət edirik. Elə bir qüdrətli ordu ilə müqayisə aparsaq, Azərbaycan əsgəri üçün yaradılan xidmət şəraitini ideal hesab edirəm. Doğrudan da, gənclərimiz ən müasir orduda xidmət edirlər. Hətta cəbhə xəttində əlverişli xidmət şəraiti yaradılıb. Nahar fasiləsində imkan tapıb bu fikirləri əsgərlərin öz dillərindən eşidirik.
- Doğrudan da, xidmət şəraitimiz ürəkaçandır, - deyə zaqatalalı əsgər Tamerlan Səfərov hər dəfə olduğu kimi, bu gün də iştahla nahar etdiyini bildirir. - Açığını deyim, heç evimizdə belə ideal şərait yoxdur. Burada bizə dadlı-ləzzətli xörəklər hazırlanır, milli çeşiddə, yüksək keyfiyyətli ərzaqdan bişirilən yeməklər, mövsümə uyğun salat və şirələr lap ürəyimizcədir. Kimi dindirsəniz, dediklərimi təkrarlayacaq.
- Bəs sən necə, yeməklərdən razısanmı?
- Hər şey yaxşıdır, - deyə başqa əsgər, Masallı rayonundan xidmətə çağırılan Kamran Eyvazov söhbətimizə qoşulur. - Hər gün isti yeməklər hazırlanır, salatlar, meyvə şirələri verilir. Həvəslə, iştahla nahar etdiyimiz kimi, ürəklə də xidmət edirik. Yaxşı bilirik ki, bu şəraiti bizə dövlətimiz, Prezidentimiz yaradıb.
Bakı şəhərindən olan əsgər Qalib Məcidov isə deyir ki, valideynləri gələndə belə şəraitdən onlar da məmnun qalır, ordunun rəhbərliyinə öz razılıqlarını bildirirlər. "Bu yaxınlarda  valideynlərim yanıma gəlmişdi, yeyib-içməyimizi, şəraitimizi soruşanda çox razılıq etdim. Onların simasında xoş ovqatda olduqlarını hiss etdim. Komandirlərimiz daim bizimlə maraqlanır, üst-başımıza, paltarlarımıza, yataq dəstlərimizin daim təmiz, səliqəli olmasına diqqət yetirirlər."
Mətbəxə keçib aşpaz qadınlarımızla görüşürük. Hər biri tər-təmiz ağ xalatdadı, üz-gözlərindən əsgərlərimizə olan bir ana-bacı sevgisini hiss edirəm.
- İndi əsgərlərlə söhbətləşdim, hazırladığınız xörəklərdən dönə-dönə razılıq edirlər...
- Onların hər birini doğma övladımız, qardaşımız bilirik, - deyə baş aşpaz kiçik çavuş Aybəniz Süleymanova əsgərlərə bir ana sevgisi ilə nahar hazırladıqlarını bildirir. - Bayaqdan masalarda nahar edən əsgərlərə baxıram, iştahla nahar etdiklərini görəndə özüm də sevinirəm. Hər biri övladım, qardaşımdır. Prezidentimiz Tərtər rayonuna səfəri zamanı hərbi hissəyə getmişdi və əsgər yeməkxanasına da baş çəkmişdi. Yaxşı xatırlayıram, onda aşpazlara üzünü tutub demişdi ki, siz əsgərlər üçün daha da dadlı, keyfiyyətli yeməklər hazırlayın, qoy onlar sağlam, gümrah, möhkəm olsunlar, çünki torpaqlarımızı, Vətənimizi düşməndən qoruyurlar.
Aşpaz Aynurə Əfəndiyeva da müddətdən artıq həqiqi hərbi xidmətə cəlb edilən peşəkar işçilərdən biridir. Deyir ki, bir neçə il öncə qadınların orduda məişət işlərində çalışdığını eşidəndə, o da sevinib və hərbi xidmətə gəlmək üçün komandanlığa müraciət edib. "Elə bu rayonun sakiniyəm, doğma el-obamızı xain düşməndən mətinliklə qoruyan gənclərimiz üçün yemək hazırlanmasında əməyim olduğu üçün qürur duyuram. Gördüyünüz bu əsgərlər gecə-gündüz torpaqlarımızın keşiyində dayanırlar, onların həvəslə nahar etdiyini görəndə mən də sevinirəm. Yəqin ki, nahar vaxtı əsgərlərə fikir verdiniz, görün nə qədər həvəslə nahar edirlər, çünki yeməklərimiz dadlı, keyfiyyətlidir. Dövlətimiz, ordumuzun rəhbərliyi sağ olsunlar ki, əsgərlərə belə yüksək qayğı göstərir.
Afət Kərimova da aşpazdır, kollektivdə çalışqanlığı, bacarığı ilə üz ağardıb. Afət xanım da deyir ki, əsgərlərə bir ana, bacı kimi qayğı göstərməyi özünə əsl vətəndaş haqqı bilir. "Müstəqil dövləti, qüdrətli Vətəni, yurdu ilə qürur duyan hər kəs öz ordusuna, əsgərinə qayğı göstərməyi özünə borc bilməlidir. Bizim qohumlardan da beş-on il əvvəl Azərbaycan Ordusunda xidmət edənlər olub, deyirlər ki, heç bir vaxt indiki şərait ordumuzda olmayıb. Onlar əsgər olanda o qədər dadlı ev yeməklərinin həsrətini çəkiblər ki. Amma indi vəziyyət tamam dəyişib, hərbi hissələrdə təcrübəli həmkarlarımın hazırladığı yeməklərdən hər kəs razılıq edir".
Hərbi bölmənin cavabdeh zabitlərindən olan Rəşad Gülməmmədov və Aybək İbrahimov da söhbətlərində yeməkxanada çalışan təcrübəli qadın işçilər haqqında ağızdolusu razılıq edirlər. Deyirlər ki, əsgərlərlə birgə onlar da burada nahar edirlər və hər dəfə xörəklərin keyfiyyətindən razı qalırlar. Rəşad deyir ki, qadın səliqə-sahmanı hiss edilən yerdə adam özündə rahatlıq tapır. "Bir neçə il əvvələ kimi hərbi hissəmizdə belə şərait yox idi, dövlətimiz, komandanlıq tərəfindən nümunəvi hərbi xidmət üçün lazım olan bütün şərait yaradılıb. Belə mühitdə əsgərlər ürəklə, məsuliyyət hissi ilə xidmət edir, bütün tapşırıqların öhdəsindən bacarıqla gəlirlər." 
Arif PƏNAHOV, "Azərbaycan Ordusu", fotolar Namiq PƏNAHOVUNDUR