Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2017 10:21

“Bayrağımızı ata-baba yurdlarımızda da dalğalandıracağıq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinə - torpaqlarımızın müdafiəsində dayanan igid oğullarımızla görüşə gəlmişik.
Sumqayıt şəhərindən ordu sıralarına çağırılan, nümunəvi xidməti ilə komandir heyətinin rəğbətini qazanan əsgər Aslan Aslanzadə ilə tanış oluram. Xidmət dövrünü layiqincə bitirmək ərəfəsində olan  həmsöhbətim evlərinə başıuca qayıdacağını bildirir: "Ehtiyata buraxılmağıma baxmayaraq, daim Vətənimizin əsgəriyəm, Ali Baş Komandanımızın döyüş əmri ilə ata-baba torpaqlarımızı erməni tapdağından azad edənlərin sıralarında olacağım günü səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, bu gün komandirlərimizdən öyrəndiklərimiz, keçirilən dərslər, təlimlər döyüşlərdə yardımçımız olacaq. Bu günün hazırlıqlı əsgəri sabahkı döyüşün qalib əsgəridir."
Həmsöhbətimdən "ilk dəfə döyüş növbətçisi çıxanda hansı hissləri yaşadın?" sualıma maraqlı cavab alıram: "Həmin gün daxilimdə qəribə hiss var idi, həmin hissi sözlə ifadə etməyə çəkinlik çəkirəm. Düşündükdə ki, ellərimizdə, obalarımızda, evlərimizdə yanan işıqlar bizim sayəmizdə yanır, bundan qürurlanıram. Hər dəfə döyüş növbətçisi çıxanda doğma torpaqlarımıza kənardan baxmaq mənə çox pis təsir edir. Əlbəttə, yaxın vaxtlarda bu torpaqlara ayaq basacaq, Azərbaycanın üçrəngli bayrağını dədə-baba yurdlarımızda da dalğalandıracağıq".
Əsgər Aslan Aslanzadə söhbət zamanı xidmət dövründə qazandığı layiqli dostlardan da söz açır: "Əsgərlik dostu ömür dostudur deyirlər. Hər çətin anında sənin yanında olaraq əlindən tutar, sevincli vaxtlarında daim sənin kimi sevinər, kimlərinsə yanında sənin səhvini bildirməz, yalnız ikilikdə səhvini üzünə deyər... Xidmətim zamanı Daşqın İsmaylov və Orxan Qasımov kimi dostlar qazandığım üçün sevinirəm. Xoşbəxtəm ki, xidmətim dövründə yaxşı dost qazana bildim. Ancaq ən böyük xoşbəxtlik torpaqlarımızın azad olunan günü yaşayacağımız xoşbəxtlikdir. Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın işğaldan azad olunmasıdır. İnanırıq ki, həmin şad günə tezliklə qovuşacağıq, arzularımız gerçəkləşəcək. Qarabağ həsrətinə son qoyulacaq.
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"