Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Dekabr 2017 10:20

“Ordumuz xalqımızı tezliklə arzusuna çatdıracaq”

"Əsl zabit necə olmalıdır?" sualına düşünmədən onu demək istərdim ki, zabit - səriştəli, sağlam ruhlu və Azərbaycan torpaqlarını layiqincə qorumağı bacaran nümunəvi hərbçi olmalıdır. Nümunəvi zabit torpaqlarımızın azadlığı naminə əsgərləri arxasınca apara bilən zabitdir.
Baş leytenant Tofiq Maqsudov da belə zabitlərimizdəndi. Onunla reaktiv artilleriya batareyasının praktiki dərs prosesində tanış oluruq. Əsli Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan həmsöhbətimiz Sumqayıt şəhərində dünyaya göz açıb. Uşaqlıq illərini sevinclə xatırlasa da, valideynlərinin çəkdiyi ifadəolunmaz çətinliklərin, əzab-əziyyətlərin onun da yaddaşına təsirsiz ötüşmədiyini bildirir. Elə qəlbindəki ifadəedilməz hisslər onu hərbçi olmağa ruhlandırıb. 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumaqla bu şərəfli peşənin yolçusuna çevrilib.
- Azərbaycan xalqının tarixinə nəzər saldıqda görürük ki, millətin yüksək hədəflərinə çatmaq istəyinin qarşısında hər zaman müxtəlif maneələr mövcud olub, - deyə zabit Tofiq Maqsudov söhbətə başlayır. - Ancaq bu maneələri aşaraq xalqımızın birliyini, gücünü və vətənpərvərliyini nümayiş etdirən oğullarımız da az olmayıb. Vətən torpaqlarına qarşı təhlükə yarandıqda, qəhrəman oğullarımız silaha sarılıb və millətin, xalqın güvənc yerinə çevrilib. Bu gün həmin missiyanı Azərbaycan Ordusu layiqincə üzərinə götürüb. Bunu aprel zəfəri bir daha sübut etdi. Aprel qələbəsi xalqımız üçün xoş müjdə olmaqla bərabər, ölkə vətəndaşlarında dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə və qüdrətli ordumuza inamı, etibarı daha da gücləndirdi. Bu, həmçinin işğaldakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində atılan mühüm bir addım oldu.
Aprel döyüşlərinin iştirakçısı olan artilleriyaçı zabit həmin əməliyyatda artilleriyanın xüsusi rol oynamasından da söz açdı: "Artilleriya müasir döyüşdə həlledici qüvvələrdən biridir. Artilleriyasız müasir döyüşü təsəvvür etmək mümkün deyil. Düşmənin nəzarət etdiyi mövqelərdə də, əldə olunan mövqelərin saxlanılmasında da artilleriyanın rolu həlledicidir. Artilleriya olmasa, nə irəli gedə bilərsən, nə də əldə etdiyin mövqeləri qoruya bilərsən".
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"