Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 2017 11:08

“Bayrağımız - qürur mənbəyimizdir!” mövzusunda tədbir keçirilib

Dekabrın 7-də Binəqədi rayon Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynov adına 83 saylı məktəb-liseydə İnnovativ Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir" adlı tədbir keçirilib. Tədbirdə Müdafiə və  Təhsil Nazirliklərinin, Bakı şəhər Baş Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq məktəblilərin əl işlərindən ibarət sərgi ilə yaxından tanış olublar. Uşaqların əl işlərində əsasən Azərbaycanın qədim dövlətlərinin bayraqları, simvolları və atributları öz əksini tapıb. Həmçinin məktəblilərin ifasında bayrağa həsr edilən şeirlər səsləndirilib. Çıxış üçün söz alan məktəb-liseyin direktoru Nəbi Mahmudov bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. "Bayrağımız qürur mənbəyimiz, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə bu gün də hər bir vətəndaşımızın məsuliyyət hissini daha da artırır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın dünyagörüşünü formalaşdırır. Azərbaycan bayrağı qəhrəmanlarımızın bizə etibar etdiyi ən böyük, ən qiymətli yadigarıdır."
Müdafiə Nazirliyinin rəhbərliyi adından məktəb-liseyin direktoruna üçrəngli bayrağımız təqdim edilib.
Müdafiə Nazirliyinin dövlət qulluqçusu Zümrüd   Səmədova çıxışı zamanı qeyd edib ki, Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümüdür. "Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir. Məhz buna görə  ümummilli liderimiz Heydər Əliyev bu müqəddəs dövlət simvolu haqqında danışarkən demişdi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".
Tədbirdə şəhid anaları adından Nigar Qasımova və Lalə Quliyeva söz alaraq bildiriblər ki, aprel döyüşləri ordumuzun qəhrəmanlıq nümunəsidir, onların hər biri gənclər üçün qəhrəmanlıq nümunəsinə çevrilib. Onlar əminliklə vurğulayıblar ki, şəhid qanına boyanan əzəli və əbədi Azərbaycan torpaqları Azərbaycan Ordusu tərəfindən tezliklə düşmən işğalından azad olunacaq və  üçrəngli bayrağımız həmin torpaqlarda dalğalanacaqdır. 
 "Azərbaycan Ordusu"