Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 2017 11:06

Tankçılar öncüllər sırasında

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, bu il tankçılar arasında keçirilən yarışmada cəbhə bölgəsindəki "N" hərbi hissəsinin tankçıları da fərqləniblər. Elə buna görə də qərargahda cavabdeh zabitlər tank bölüyündən qeydlər götürməyi məsləhət gördülər.
- Artıq başa çatmaqda olan 2017-ci il bizim heyət üçün də əlamətdardır, çünki heyətimiz döyüş hazırlığı göstəricilərinə görə hərbi birliyin birincisi adını qazanıb, - deyə gizir Vasif Əliyev hərbçi peşəsinə hələ məktəbli çağlarında marağının yarandığını bildirir və bu işdə təcrübəli hərbi rəhbər Kamil müəllimin rolunu yüksək dəyərləndirir. - Kamil müəllim Azərbaycanın ilk müstəqilliyi dövründə könüllü döyüşçü olub və torpaqlarımızın işğalçılardan qorunmasına öz töhfəsini verib. O bizə dərsi tədris etməklə kifayətlənmirdi, həm də müharibə dövründən acılı-şirinli xatirələrini bölüşürdü. Bir sözü indiki kimi yadımdadır: əsl oğul Vətən ömrü yaşamalıdır, xalqına, dövlətinə sadiq olmalıdır. Elə bu hissləri dərk edib hərbçi olmağı qərarlaşdırdım.
Məhz tankçı olmağının səbəbini soruşduqda, "atam traktorçu olub və buna görə də erkən yaşlarımdan texnikaya marağım yaranıb", - dedi gizir. Ordu həyatında keçən ömrü isə faydasız ötüşməyib, aydan-aya, ildən-ilə hərbi səriştəsini artırıb, tankçı peşəsinin sirlərinə dərindən yiyələnib.
- Təlimdə qazandığımız uğurlarda komandirlərimizin, hər bir heyət üzvünün rolunu qeyd etmək yerinə düşərdi, - gizir bildirir. - Hərbi bölməmiz daim nizam-intizam göstəricilərinə, döyüş hazırlığına görə fərqlənib. Hər sahədə olduğu kimi, ordu mühitində də uğur qazanmağın sirri özünə tələbkarlıqdan, çalışqanlıqdan asılıdır. Bir məsəl var: zəhmət çəkərsən, bəhrəsini görərsən. Elə vaxtlar olub ki, həftələrlə gecə-gündüz təlimlərdə olmuşuq, qışın soyuğuna da, yayın qızmarına da dözmüşük. Hərbçi olan adam ən çətin, ekstremal şəraitdə verilən tapşırığın öhdəsindən gəlməyi bacarmalıdır.
Kiçik çavuş Pərviz Süleymanov isə sürücü-mexanik vəzifəsindədir. Qazax rayonu Qaymaqlı kəndinin sakini olan gəncə görə, əsgəri xidmətdə hərbə yaranan marağı onun da peşə seçimində təsirsiz ötüşməyib. Elə müddətli hərbi xidməti dövründə komandanlığın vəsadəti ilə müvafiq təlim kursunu bitirib və taleyini Vətəni qorumaq peşəsinə bağlayıb. "Bir gün hərbçi olacağımı komandirimə bildirəndə tərəddüd etmədi, əksinə, məni ruhlandırdı ki, bu peşə mərdlərin, cəsurların peşəsidir. Xidmətimdən, komandirlərimdən çox razıyam, çətinliyim olanda silahdaşlarımın köməyini daim hiss etmişəm. İdarə etdiyim tankımla tezliklə Şuşanı, Qarabağımızı düşməndən azad edəcəyimiz günün həsrəti ilə yaşayıram."
Öyrənirəm ki, müsahibim aprel döyüşlərinin iştirakçısı olub. Bunu mənə tank heyətinin komandiri bildirmişdi. Elə buna görə də Pərvizdən tarixi aprel zəfərimizlə bağlı təəssüratlarını bölüşməsini istədim.
- Ali Baş Komandanımızın qeyd etdiyi kimi, ötən ilin aprelində düşmən üzərində olan qələbəmiz xalqımızın, dövlətimizin gücünü dünyaya sübut etdi. Qürurluyam ki, həmin qələbənin əldə edilməsində az da olsa payım vardır. Həmişə o günləri fərəhlə xatırlayıram. İnşallah, böyük qələbəmizin  sevincini də xalqımıza bəxş edənlərin sırasında olacam, o günü səbirsizliklə gözləyirəm.
Əsgər Etibar Məmmədov da müqavilə əsasında müddətdən artıq həqiqi hərbi xidmətdədir. Ağstafa rayonundan olan gənc hərbçi heyətdə tuşlayıcı-operatordur. Üzərinə düşən tapşırıqların məsuliyyətini dərindən hiss etdiyini bildirən əsgər deyir ki, komandanlıq tərəfindən onların xidmətləri layiqli qiymətini alıb. "Ən böyük qiymətimiz isə böyük qələbə günündə olacaq. Axı həmin mükafat xalqın sevinci olacaq, ata-baba ocağına dönəcək yurddaşlarımızın gözlərinin parıltısı, ürəklərinin döyüntüsü olacaq. Hər birimiz qələbə sorağındayıq. Bu gün xalqımız da, dövlətimiz də bizə güvənir, hamı inanır ki, aprel zəfəri yenə təkrarlanacaq."
Tankçılarla söhbət etdiyim vaxt bir zabit yaxınlaşır. Öyrənirəm ki, baş leytenant Surac Kərimovdur, haqqında qeydlər götürdüyüm nümunəvi tank heyəti də onun komandiri olduğu bölmənin tərkibindədir. Bu il həmin heyətin hərbi birliyin tank bölmələri arasında yarışın birincisi olması gənc peşəkar zabiti də ruhlandırır.
- Hər bir heyətimizin uğuru məni də ürəkdən sevindirir, vaxtında da qiymətimiz verilir, - deyə baş leytenant bildirir. - Yuxarı komandanlıqların etimadı məsuliyyətimizi daha da artırır. Ən mühüm nailiyyətimiz isə torpaqlarımızın işğaldan azad edilməsi olacaq.
Arif PƏNAHOV, "Azərbaycan Ordusu"