Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 2017 11:05

“Ordumuz unudulmayan tarix yazmağa qadirdi”

"N" hərbi hissəsində xidmət edən baş leytenant Məhəmməd Ağamalıyev, sözün əsl mənasında, Vətənə xidmət edənlərin önündə gedənlərdəndi. Onunla ön xətdə həmsöhbət olmaq imkanı qazanırıq. 1993-cü ildə Şirvanda dünyaya göz açan həmsöhbətim, 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq həyatını orduya həsr edib.
- Zabitin xoşbəxtliyi ondadır ki, saf və müqəddəs bir ömür yaşasın və ömrünü torpaqlarımızın qorunmasına töhfə verəcək oğullarımızın bacarıqlı döyüşçülər kimi hazırlanmasına həsr etsin, - deyə baş leytenant Məhəmməd Ağamalıyev söhbətə başlayır. - Məşhur ədiblərdən biri belə deyib: "Kim ki, öz peşəsinə ancaq çörək mənbəyi kimi baxır, o, çörək tapacaq, amma ömrünün mənəvi boşluğunu o çörəklə doldura bilməyəcək". Ona görə də hər birimiz həyatımız Vətənə xidməti ömrümüzün mənası bilməliyik. İndiki zamanda - torpaqlarımızın işğalda olduğu bir vaxtda üzərimizə ikiqat məsuliyyət düşür.
Həmsöhbətim onu da qeyd edir ki, həyat düşündüyümüz qədər uzun deyil və insanı ölümsüz edən onun əməlləridir: "İnsan özünü o vaxt xoşbəxt sanır ki, ona çəkilən zəhməti yerdə qoymur və illər boyu gərgin əməyinin bəhrəsini görür. Üç ildir Azərbaycan Ordusu sıralarında xidmət edirəm. Sevindirici haldır ki, bu üç il müddətində Azərbaycan dövlətinin rifahı, onun torpaqlarının azadlığı, dünyada nüfuzunun qorunması naminə çəkdiyimiz zəhmət bəhrəsini verir. Azərbaycan əsgəri günü bu gün torpaqlarımızı azad etmək, 2016-cı ilin aprel qələbəsini təkrarlamaq əzmindədi, Lələtəpədə, Bayraqtəpədə dalğalanan bayrağımızı kənardan həsrətlə izlədiyimiz digər torpaqlarımızda da dalğalandırmaq qüdrətindədi. Bu da bizi bir zabit kimi sevindirir.”
Zabitin qətiyyətinə görə, xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də Ali Baş Komandanımızın əmrini səbirsizliklə gözləyir. "Ordumuzun döyüş hazırlığı, maddi-texniki təchizatı, kifayət qədər silah-sursatı, şəxsi heyətin ruh yüksəkliyi qələbəmizə əminlik yaradır. 2016-cı ilin aprel döyüşləri də  göstərdi ki, biz işğal altındakı bütün torpaqlarımızı azad edəcəyik. Şəxsi heyətimiz bu müqəddəs yolda tarix yazmağa və xalqımızı sevindirməyə qadirdi.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR