Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 10:12

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz

...Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan birinin dəfn mərasimindən çəkilmiş şəkilləri gördükdə, hisslərimə qapılaraq bu yazını yazmaq qərarına gəldim.
Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi. Bir ata cənazənin yarında donub qalıb, axı övladını öz əlləri ilə torpağa tapşıracaq. Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Min əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Dindirəndə həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”. Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, - deyir, oğlunun nəşi üstünə sərilən bayrağımızdan, onun əsgər yoldaşlarından təskinlik tapır... Hər kəs baş əyir məzarının önündə, "səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni" deyir.
Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşdum ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Şahidi olduğum bir hadisədən də söhbət açmaq istəyirəm. Övladımın baxçasında "Bayraq Günü" münasibəti ilə təşkil olunmuş tədbirdə 2-5 yaşlarında körpə balalar əsgər forması geyinib, əllərini ürəklərinin üstünə qoyub uca səslə Dövlət himnimizi əzbərdən oxuyurdular. Hər valideyn kimi, mən də çox fərəhləndim. Bu səhnə göstərir ki, balaca əsgərlər gələcəyin Mübarizləri, Çingizləri, Turallarıdır. Və bir anlığa qürurlandım ki, övladlarımız milli ruhda xalqa, torpağa, Vətənə sevgi ilə böyüyürlər.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.  Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
İgid qardaşlarımız bu qəhrəmanlığı, mübarizliyi keçən ilin aprel döyüşləri zamanı bütün dünyaya nümayiş etdirdilər. Düşmən təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğullar fəda verdik. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Murad Mirzəyev, Raquf Orucov, Samid İmanov, Qabil Orucəliyev və başqaları bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Ülviyyə MƏMMƏDOVA