Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 10:11

O həsrət sovuşacaq

Hörmətli redaksiya!
Qəzetinizdə dərc edilən məqalələri oğlu hərbi xidmətdə olan analar kimi, oğlu hərbi xidmətdən tərxis olunmuş analar da maraqla oxuyur. O məqalələr biz anaların orduya inamını, sevgisini daha da artırır. Qürurlanırıq ki, oğlumuz belə bir orduda xidmət edib. Qəzetimizin 29 noyabr tarixli sayında dərc edilmiş "Əsgər oğluma məktub" məqaləsi bütün analar kimi mənim də ürəyimi titrətdi.
Həyat yoldaşım hərbçi olub. Ehtiyatda olan mayordur. Oğlumuz Araz göz açıb atasını hərbi mundirdə görüb. Dil açıb danışalı ata-bala söhbətlərinin əsas mövzusu Vətən olub, torpaq olub, hərbi xidmət olub. Arazın suallarına atası həvəslə cavab verərdi: "Vətən nədi?", "Şəhidlik nədi?", "Niyə deyirik ki, şəhidlər ölmür?"
Araz ali təhsil aldı. Hərbi xidmətə çağırılanda sevincini sözlə ifadə edə bilmirəm. Həmin gün atası gələndə ona hərbi salam verdi: əsgər Araz Məhərrəmli hərbi xidmətə getməyə hazırdır! Elə xoş, elə könül açan məqam idi ki! Üçümüz də kövrəldik. Bizə belə xoş anlar yaşatdığına görə Arazı bağrıma basdım.
Araz indi hərbi xidmətdədi. Yaxşı xidmət edir. Bu günlərdə nümunəvi xidmət etdiyinə görə məzuniyyətə buraxılmışdı. Televizorda hərbçi görəndə balaca Arzunun səsi otağı doldururdu: atamın qardaşlarıdı! Beş yaşlı nəvəm atasını hərbi mundirdə görəndə elə sevindi ki: atam əsgərdi, ay nənə!
Mən əsgər anası olmağımla qürur duyuram. Əsgər anası Şərafət Muquzovanın oğluna məktubunu bütün əsgərlərə, eləcə də mənim oğluma ünvanlanmış müraciət bilirəm: məqam həmin məqamdı! Varlığımla inanıram ki, Vətəni anaları kimi qoruyan oğullarımız Ali Baş Komandanın əmrinə hazırdır. Onlar yaxın vaxtlarda torpaqlarımızı işğaldan azad edəcəklər. Oğullarımız indi Vətənin oğludu. Oğullarımız indi bütün anaların oğludu. Şərafət xanımın məktubunu, şübhəsiz ki, Araz da oxuyub. "Vətən üçün şəhidliyə də hazırıq, ana!" - deyənlərin sırasındadı.
Hörmətli redaksiya!
Belə bir məktub yazdığına görə bütün əsgər anaları adından əsgər anası Şərafət xanıma minnətdarlığımı çatdırmağınızı xahiş edirəm. Bütün əsgər anaları torpaqlarımızın işğaldan azad ediləcəyi günün, oğlunu qalib əsgərlərin sırasında görəcəyi anların həsrətindədi. Bu məktublar, belə məktublar o həsrətin sovuşması üçündü. O həsrət sovuşacaq!..

Mehriban MƏHƏRRƏMOVA,
əsgər anası, Bakı şəhəri