Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 10:08

“Gənclərin hərtərəfli inkişafı üçün dövlətimiz hər cür şərait yaradıb”

Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Gənc nəslin tərbiyəsi isə ailədə, yaşadığı mühitdə və ümumtəhsil müəssisələrində formalaşır.
Bu günlərdə Bakının Nəsimi rayonunda yerləşən Milli Qəhrəman Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbdən vətənpərvərlik tərbiyəsi mövzusunda məqalə hazırlamaq qərarına gəldim. Məktəbə gələn hər kəs əvvəlcə qəhrəmanın büstü ilə qarşılaşır. Dəhlizdə isə şəxsi əşyalarından ibarət xüsusi guşə yaradılıb. İlk öncə məktəbin direktoru Leyla Baxşıyeva ilə səmimi söhbətimiz oldu. Direktor bildirdi ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. "Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərərək, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu Öndər nitqlərinin birində bu barədə deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur." Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu sahədə qazanılan uğurların nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar."
Leyla müəllim ölkə rəhbərinin  təhsilə olan diqqət və qayğısından da danışdı. Bildirdi ki, sağlam düşüncəli yeni nəslin yetişdirilməsində misilsiz işlər görülməkdədir. "Məktəbimiz 2000-ci ildən YUNESKO-nun üzvüdür. Gənclərin hərtərəfli inkişafı üçün dövlətimiz hər cür şərait yaradıb".
Şəhid adlarının əbədiləşdirilməsinin yeniyetmə və gənclərimizin vətənpərvərlik tərbiyəsində böyuk önəm daşıdığını bildirən direktor, Milli Qəhrəmanın ailəsi ilə məktəb kollektivinin davamlı əlaqələrini vurğuladı. "Gələn ildən nəvəsi də məktəbimizdə təhsil alacaq. Əfsanəvi döyüşçünün doğum və anım günlərini ailə üzvlərinin və silahdaşlarının iştirakı ilə qeyd edirik.  Bunun şagirdlərimizin vətənpərvər ruhda böyüməsinə çox böyük təsiri var. Şagirdlərimiz ön xətdə qulluq edən əsgərlərimizə davamlı olaraq məktublar yazırlar. Bunun həm şagirdlərimizin vətənpərvər ruhda böyüməsinə öz töhfələrini verəcəyini, həm də əsgərlərimizdə ruh yüksəkliyi yaradacağını düşünürük."
Təlim-tərbiyə insan psixologiyasını formalaşdıran amillər sırasında öndə gedən elementdir. Uşaqların həyata fərqli baxışları, nitqi məktəbdə təşkil olunan tərbiyəyə əsasən formalaşır. Ümumiyyətlə, məktəblərdə həyata keçirilən tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Onlar uşaq psixologiyasını hamıdan yaxşı başa düşürlər. Məhz buna görə də sağlam, vətənpərvər bir gəncliyin formalaşmasında müəllimlərin üzərinə ciddi məsuliyyət düşür.
Tədris işləri üzrə direktor müavini Tamilla Xankişiyevanın müşayiəti ilə məktəblə tanış olarkən bildirdi ki, Təhsil Nazirliyinin qərarı ilə yeni tədris  ilinin ilk dərs saatı "Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı" mövzusuna həsr olundu. "Müəllimlərimiz aprel döyüşlərində ordumuzun qələbəsi, Cocuq Mərcanlıdakı quruculuq işləri, Qarabağa qayıdışın başlaması haqqında şagirdlərə ətraflı məlumat verdilər. Şagirdlərimizdə vətənpərvərlik hissi, Vətənə, torpağa bağlılıq hissləri çox yüksəkdir. Biz inanırıq ki, tezliklə tarixi qayıdış gerçəkləşəcək və biz öz torpaqlarımıza qayıdacağıq", - deyən əslən Şuşadan olan müəllimin həmin vaxt səsində də bir əminlik hiss etdim.
Dəhlizdə ümummilli lider Heydər Əliyevin müdrik kəlamları, Dövlət atributları, Milli Qəhrəmanlar haqqında xüsusi guşə, şagirdlərin uğurlarını və əl işlərini əks etdirən bir-birindən maraqlı stendlər, manitorda səslənən əlamətdar günlərlə bağlı məlumatlar da diqqətimi cəlb edir. Sinif otaqlarından birinə daxil olarkən gördüklərimiz ürəyimizi qürurlandırır. Şagirdlər əllərini ürəklərinin üstə saxlayıb cani-dildən himnimizi oxuyurdular. Elə bil gəlişimizi hiss etmədən onlar himni sonadək oxudular. 
Yeganə Quliyeva 32 ildir ibtidai sinif müəllimidir. O da gələcəyimiz olan uşaqların Vətənə məhəbbət, xalqa hörmət, soykökünə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşdığını bildirir. "Vətənpərvərlik insanın daxilindən gələn bir hiss olsa da, tərbiyə prosesində də şagirdlərə aşılanmalıdır. Onların vətənpərvər insan, sabahın layiqli vətəndaşı kimi yetişməsi üçün əlimizdən gələni əsirgəmirik."
Şagirdlərlə söhbət əsnasında Fərid Abbaslı bayrağımız, Fatimə İbrahimova gerbimiz, Kamran Kamranlı Milli Qəhrəman Yusif Mirzəyev, Günay İsmayılova isə vətənpərvərliyin nə demək olduğu barədə ətraflı məlumat verdilər.   
- Sizlər Vətən dedikdə nə başa düşürsünüz? - sualıma Əli Əliyev belə cavab verdi:
- Vətən, uğrunda oğul-qızlarımızın şəhid olduğu müqəddəs torpaqdır.
- Bəs şəhidlik nədir? - soruşanda Ebru Əkbərli "Şəhidlik Vətən uğrunda can fəda etməkdir", - deyə tərəddüd etmədən cavab verdi.
31 ildir tarix fənnini tədris edən Qönçə Cəfərova da məktəbin qabaqcıl müəllimlərindəndir. O deyir ki, xalqını, millətini sevib özünü Vətəninin bir parçası bilən hər kəsin ən ümdə vəzifəsi cəmiyyətimizə, xalqımıza layiqli vətəndaş olmaqdır. "Biz də üzərimizə düşən böyük məsuliyyətin fərqindəyik. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə göstərilən qayğını doğrultmağa çalışırlar. Onlar bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplayaraq, Vətənin inkişafı üçün səylə çalışırlar. Qürurlu, vətənpərvər gəncliyimizin yetişməsində az da olsa xidmətlərim olduğuna görə özümü xoşbəxt sanıram". 
2016-cı ilin aprel döyüşlərində gücünü dünyaya sübut edən bir ordunun zabiti olaraq mənim üçün daha artıq önəm kəsb edən bir sahə - gənc nəslin ordu həyatına hazırlanması ilə maraqlanıram. Öyrənirəm ki, gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris etmək ehtiyatda olan mayor Qabil Nərimanova həvalə olunub. Bu dəyərli ənənənin bir çox məktəblərdə davam etdirilməsi təqdirəlayiq haldır. Ehtiyatda olan zabit bildirdi ki, ən ümdə vəzifəmiz hər bir gənci orduya, Vətənə xidmətə hazırlamaqdan ibarətdir. "Gəncləri  psixoloji baxımdan hərbi həyata hazırlamaq vacibdir. Ordumuzun ən güclülər sırasında olmasından qürur duyuruq. Ali Baş Komandanın və Müdafiə nazirinin orduya olan diqqət və qayğısı, davamlı olaraq ön cəbhəyə səfərləri, əsgərlərin yanında olmaları vətənpərvərlik baxımından dəyərli örnək olaraq gənclərimizdə hərbi xidmətə, orduya sağlam münasibəti formalaşdırır".
Müəllimin söhbətinə görə, ötən dövrlərlə müqayisədə ordu quruculuğunda qazanılan uğurlar, əsgərlərimizin cəbhə xəttində düşmənə qətiyyətli cavab verməsi böyüməkdə olan nəslin vətənpərvərlik ruhunu daha da artırır, onlarda əsgəri həyata güclü maraq doğurur.
Gənclərin çağırışaqədərki hazırlıq sinfində olan zəruri vəsaitlərə diqqət edirəm, həmçinin  şagirdlərin hərbi səhra geyimində olmalarından könül xoşluğu duyuram. Məktəbin "Şahinlər" və "Cəsurlar" hərbi idman yarışlarında da yetərli uğurlarından xəbər tuturam.    
İnsan öz ölkəsi, Vətəni haqqında nə qədər çox məlumatlı olursa, torpağını da sevərək onu qorumağı özünə borc hesab edir. Bu istiqamətdə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə "Ölkəmizi tanıyaq" adlı maarifləndirici tur-aksiyanın şagirdlərimizdə verdiyi müsbət nəticələr bizləri də çox sevindirir. 
Sonda bir qrup  şagirdlə dəyirmi masa ətrafında söhbətləşirik. Müsahibim Ümid Nəsibov bildirir ki, Vətən uğrunda canından keçərək ən uca, ali zirvəyə ucalan Azərbaycanın Milli Qəhrəmanının adını daşıyan məktəbdə təhsil aldığı üçün fəxr edir. "Şəhidlik Vətən üçün, torpaq üçün, böyük amallar üçün candan keçməkdir. Şəhidlik ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Məhz Milli Qəhrəmanımız Yusif Mirzəyev kimi..."
"Yaşadığımız dövrün biz gənclərin çiyinlərinə qoyduğu böyük məsuliyyətin fərqindəyik. Vətənimiz, dövlətimiz bizdən hər sahədə hünər gözləyir". Bu fikri isə  Elmir Cavadov deyir. 
Milli Qəhrəmanın bir dəfə məktəbdə keçirilən anım tədbirində ana rolunu canlandıran Aysun Əzizova isə keçirdiyi hissləri dilə gətirib şəhid analarının qarşısında baş əydiyini bildirərkən, Yusif Mirzəyevin rolunu oynayan Əzəmətəli Həbibli qürur və fəxrlə gələcəkdə hərbçi olacağını, onun kimi Vətəninə layiqli zabit kimi yetişəcəyini bildirdi.
Elmira Tağızadə, qohumu aprel döyüşlərində şəhid olan Seymur İsmayılov isə söhbətlərində ordumuzun xalqımıza yaşatdığı qələbə sevincindən söz açdılar. "Ordumuzun dünyanın inkişaf etmiş orduları sırasında olmasıyla qürur duyuruq. Azərbaycan əsgəri aprel döyüşlərində qələbəsi ilə gücünü bütün dünyaya sübut etdi. Vətən torpağının bir qarışını canından əziz bilən qəhrəman oğullarımızın həyatı bizlərə daim nümunədir. Bizlər Vətən qarşısındakı borcumuzu bu gün yaxşı oxumaqla, sabah isə orduda şərəflə xidmət etməklə verəcəyik."
Digər həmsöhbətlərim - Leyla Əsədova, Yelmar Abdullazadə, Firuzə Mustafayeva, Amin İmanov, Ayşən Məmmədova və başqaları da bildirdilər ki, hər bir sahədə əllərindən gələni əsirgəməyərək Vətənimizin adını göylərə qaldıranları özlərinə örnək hesab edirlər. 
Məktəbli gənclərimizlə söhbətimdə məni sevindirən cəhət onların gələcək həyatlarında Vətəninə, millətinə layiqli övlad olmaq istəkləri idi. Sevinirəm ki, Vətənə, torpağa, bayrağa, xalqa sevgi ilə yaşayıb böyüyən gənclərimiz Vətən sevgisinin, Vətənə bağlılığın, Vətənin müqəddəsliyinin nə olduğunu tam anlamı ilə dərk edirlər.        

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR