Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 10:07

“Qarabağı azad edəcəyik!”

İnsan var rastına çıxanda peşmanlıq çəkirsən. İnsan da var onunla tanışlığından fəxarət hissi duyursan. Torpaqlarımızın toxunulmazlığı uğrunda döyüşən oğullarımızın sırasında daha bir nəfəri - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Abışov Bilal Əhməd oğlunu da tanımaqdan qürur duyuram. Vətənini göz bəbəyi kimi qorumağa hazır olan, millətin mənafeyini öz mənafeyi kimi qəbul edən çavuş B.Abışov 1979-cu il iyulun 24-də Ağcabədi rayonunun Kürdlər kəndində dünyaya göz açıb.
- Göyün torpağa  hər  zaman  yağış borcu  olduğu kimi, insanın da torpağa can borcu var, - deyə çavuş Bilal Abışov söhbətə başlayır. - Düşmənlə üzbəüz mövqedə dayananda torpaqdan güc alıram. Həyatımın mənasını Vətənin, millətin mənafeyini öz mənafeyim kimi dərk etməkdə görürəm. Vətənpərvərlik elə ali bir duyğu, elə bir ürək yanğısıdır ki, bu duyğu, bu yanğı mənə qəhrəmanlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə bağlılıq və yurda sevgi aşılayır. Vətənpərvərlik ən çətin anlarda belə, adamı müqəddəs amallar naminə mübarizəyə səfərbər edir, cəsarət, güc verir. Vətənpərvərlik Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq deməkdir.
Çavuş Bilal Abışov onu da bildirir ki, özündən böyük qardaşlarının yolunu davam etdirməklə qürur hissi keçirir. “Valideynlərimizdən aldığımız tərbiyə, Vətənə, torpağa bağlılığımız altı qardaşdan üçünün həyatını hərbi ilə bağladı. Qardaşlarımdan birinin - baş çavuş Seymur Abışovun nəsibi şəhidlik oldu. Qubadlının, Laçının müdafiəsi uğrunda döyüşdü və Horadizdə minaya düşərək həlak oldu. Digər qardaşım Əlvan Abışov da Azərbaycan Kooperasiya Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulan ilk könüllülərdən biri olub. Bu gün o, I qrup Qarabağ əlilidi. Bibim oğlu Faiq İbrahimov isə 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə itkin düşdü. Həyat elə gətirib ki, bu gün onun itkin düşdüyü yerdə hərbi xidmət edirəm. Hərbçi kimi xidmət etməkdə əsas məqsədim torpaqlarımızın azad edilməsində yaxından iştirak etmək, qardaşlarımın, doğmalarımın simasında minlərlə oğul və qızlarımızın qisasını almaqdı. Ona görə də bu gün Azərbaycan Ordusunun sıralarındayam".
Çavuş Bilal Abışovun hərbi həyatı ordumuzun aprel zəfərindən sonra gerçəkləşib. Ona görə də söhbətimiz qeyri-ixtiyari həmin döyüşlərə yönəlir. Həmsöhbətim hesab edir ki, aprel zəfəri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin təsdiqidir. “Aprel zəfəri bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisidi. Əbəs yerə deyil ki, Ali Baş Komandanımız aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. Dövlətimizin başçısı tərəfindən verilən bu yüksək dəyər qələbələrimizin davamlı olacağına, bir qarış torpağımızın belə işğalda qalmayacağına dair mesaj kimi qiymətləndirilməlidir. Çünki Qarabağsız Azərbaycan təsəvvüredilməzdir. Qarabağ Azərbaycanımızın haqq səsidi, dünənidi, bu günüdü və sabahıdı. Onu azad etmək isə şərəf borcumuzdu”.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR