Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Dekabr 2017 10:06

Hünər sənindir, Azərbaycan əsgəri!

Bir payız günündə kələ-kötür yollarında iz qoyduğum, daş-kəsəyindən tutaraq iməklədiyim, ayaq açdığım, yeridiyim, qayğısız uşaqlığımı keçirdiyim doğma rayonumuza gəlmişəm. Uşaqlığımla bağlı şirin xatirələr payızın soyuğunu belə hiss etməyə imkan vermir. Yaxın-uzaq xatirələrimin təsiri ilə Azərbaycan əsgərinin görüşünə gedirik.
Avtomobil irəlilədikcə yaşayış evləri arxada qalır və tənha avtomobil təkəri diqqətimizdən qaçmır. Bu narahatlığımızı hiss edən zabit Kamil Batıyev bildirir ki, gördüyünüz mənzərə  mülki sürücülərdən birinin ehtiyatsızlığı ucbatından və təhlükəsizlik qaydalarına əməl etmədiyindən yaranıb. "Həmin avtomobil günlərin birində minaya tuş gəlir. Bu təkər də həmin hadisədən bizlərə acı xatirədi".
Bir azdan səngərə daxil oluruq. Ətrafda torpaqdan,  başımızın üstündə yarıbuludlu səmadan başqa heç nə görünmür. Arada "Diqqət", "Ehtiyatlı ol" yazılarına rast gəlirik. Artıq burada hiss edirəm ki, ata yurdunun və qızılı payızın bəxş etdiyi kövrəklik arxada qalıb.
Leytenant Rahib Nəbiyev döyüş mövqeyindəki vəziyyət haqqında geniş məlumat verir: "Düşmənlə təmas xəttində yerləşən şəxsi heyətimiz üçün əsas amil Vətəni qorumaqdır. Qətiyyətlə deyə bilərəm ki, əsgərlərimiz mövqeləri sayıqlıqla qoruyurlar. Başa düşürlər ki, müharibə şəraitində olan ölkənin əsgəri də mərd və qorxmaz olmalı, Vətənini sayıqlıqla qorumalıdır. Komandanlıq da şəxsi heyətin təminatını və təchizatını daim yüksəldir. Çətin iqlim şəraitində yerləşən mövqeyimiz çoxdan payız və qış mövsümünə hazırdır".
Zabitin dediklərinə özümüz də şahid oluruq. Düşmənlə təmas xəttində əsgərlərin rahat şəraiti adama sevinc bəxş edir. Elə ilk baxışdan onların ruh yüksəkliyi, döyüş əzmi və qorxmazlığı məndə xoş təəssüratlar yaradır.
Söhbətimizin şirin yerində leytenant Rahib Nəbiyev üzrxahlıq edib, növbəni dəyişməyə gedən şəxsi heyətə təlimat vermək məqsədilə bizdən ayrılır. Fürsətdən istifadə edib zabitin verdiyi təlimatı dinləyirik: "Diqqətli, ayıq-sayıq olmaq, döyüş növbətçiliyini düzgün təşkil etmək əsgərlərimizin qarşısında duran birinci və ən vacib tələbdir. İndi bütün cəbhəboyu düşmən gündüzlər snayper müharibəsi aparır, gecələr isə mövqelərimizi iriçaplı silahlardan atəşə tuturlar. Onların hər bir təxribatını qətiyyətlə dəf edirik. Məqsədimiz düşmənə başa salmaqdır ki, bu torpaqlar Azərbaycana məxsusdur və əsgərlərimiz xalqımızın istəyini tezliklə təmin etmək arzusundadır”.
Şəxsi heyət növbəni dəyişdikdən sonra əsgərlərin təəssüratlarını da öyrənirik. Samux rayonundan hərbi xidmətə çağırılan əsgər Fuad Qarayev bildirir ki, düşməndən tezliklə qisas almaq onun da əsas məqsədidir. “Bütün əsgərlərimiz də bu hisslə yaşayır. Müqəddəs torpaqlarımızı, Vətənimizi qorumaq ən uca amalımız və vəzifəmizdi. Azad və müstəqil yaşamaq istəyiriksə, torpaqlarımızı qorumağa borcluyuq”.
- Biz ayıq-sayıq olmasaq, dinc əhali daha çox atəşə tutulacaq, evlər dağıdılacaq, zəmilər yandırılacaq, - deyə əsgər Vüsal Rüstəmov da söhbətə qoşulur. - Bu gün ön xətdə döyüş növbətçiliyi aparıram. Bir əsgər kimi dövlətim və xalqım qarşısında müqəddəs borcumu yerinə yetirirəm. Döyüş hazırlığı yüksək səviyyədə olan əsgər yoldaşlarım da hər an düşmən təxribatının qarşısını almağa qadirdirlər. Düşmən artıq hiss edir ki, onun qarşısında qüdrətli, güclü bir ordu dayanıb.
Əsgər Pənah Abdullayev yoldaşının söhbətinin davamı olaraq bildirir ki, bir əsgər kimi xalqımızın hərbi ənənələrini layiqincə davam etdirməyə hər zaman hazırdır. "Səngər qəhrəmanları sevir. Əzm və rəşadətlə xidmət aparmaq əsas vəzifəmizdir. Qəhrəmanlarımızın - Mübarizin, Çingizin, Etibarın, Samidin...  yolunu davam etdirməklə yeni qəhrəmanlıq səhifələrini yaradacağıq."
Əsgər Emil Rüstəmov isə qeyd edir ki, ordu həyatında qazandıqları təcrübənin hesabına aprel zəfərini təkrarlamağa qadirdilər.
Hər birimiz inanırıq ki, gücünə arxalandığımız, ümid bağladığımız Azərbaycan əsgəri Qarabağ həsrətimizə tezliklə son qoyacaq, xalqımıza böyük Qələbənin sevincini yaşadacaq. Hünər meydanı sənindir, Azərbaycan əsgəri!..

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR