Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2017 10:08

“Torpaqlarımızı işğaldan azad edəcəyik”

Hörmətli redaksiya!
Qəzetinizin 29 noyabr tarixli sayında oxuduğum "Əsgər oğluma məktub" məqaləsi məni də çox duyğulandırdı. Şəfaqət ana sanki bizim də uşaqlığımıza bələd imiş. Biz də zamanında taxta avtomatlarla, taxta qılınclarla "dava-dava" oynayardıq. Heç kim "düşmən" olmaq istəməzdi. Buna baxmayaraq oynayardıq. O illər arxada qalıb. İndi əsgərik. "Dava-dava" oyununda "düşməni" məğlub edən uşaqlar  indi Vətənin keşiyindədi, vətəndaşlıq borcunu yerinə yetirir, torpaqlarımızı qoruyur! 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü təsdiqlədi. Bir vaxtlar "dava-dava" oynayanlar düşməni Azərbaycan əsgəri olaraq məğlub edəcək.
Aprel döyüşlərində məktəbli idik. Sıramızda döyüş bölgələrinə getmək istəyənlər də oldu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinə müraciət etdik. İcazə vermədilər. Biz də hamı kimi dörd-beş günün döyüşləriylə nəfəs aldıq. Torpaqlarımız biz hərbi xidmətə gedənə kimi azad edilməsə, hər birimiz Samid İmanov, Murad Mirzəyev və digər qəhrəmanlar kimi döyüşəcəyimizə and içdik. İndi əsgərik. Ali Baş Komandanın hər əmrini səbirsizliklə gözləyirik.
Hörmətli redaksiya!
Xahiş edirik ki, qəzetiniz vasitəsilə Şəfaqət anaya, bütün analara çatdırasınız ki, sülh danışıqları baş tutmasa, döyüşlər olacaq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bizdən sonra hərbi xidmətə çağırılanlar işğaldan azad edilmiş torpaqlarımızda xidmət edəcəklər. Onda analar oğullarına daha nikbin məktublar yazacaqlar.
Bütün analar əmin olsunlar ki, olduqca rahat xidmət yerimiz var, qadın aşpazlar bizə dadlı milli xörəklər bişirir, komandirlərimizin bütün əmrlərini, göstərişlərini məsuliyyətlə yerinə yetiririk. Əmin olsunlar ki, Ali Baş Komandanın hər əmrini yerinə yetirməyə tam hazırıq. Bu günlərdə başa çatan təlimlər də təsdiqlədi ki, ordumuz yüksək döyüş hazırlığına  malikdir. Analar qürurlansınlar ki, oğulları belə bir ordunun əsgəridirlər. Hər birimiz torpaqlarımızın işğaldan azad ediləcəyi günün sevincini əsgər olaraq yaşamaq istəyirik...
Narahat olma, Şəfaqət ana! Mənim anam kimi sən də bütün əsgərlərin anasısan!
Əsgər Aslan ASLANZADƏ, "N" hərbi hissəsi