Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2017 10:05

Hazırlıq yüksək səviyyədədir

Kursantların bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq C.Naxçıvanski adına Hərbi Liseydə silsilə tədbirlər keçirilir. Belə diqqətçəkən və hamının dərin marağına səbəb olan tədbirlərdən biri də bu günlərdə "Kiçik Akademiya" layihəsi çərçivəsində keçirildi. Yarış-müsabiqədə müxtəlif bölükləri təmsil edən üç komanda - "Mübariz", "İstiqlal" və "Tufan" komandaları iştirak edirdi.
Komandalar səhnədə yerlərini tutduqdan sonra yarış-müsabiqəyə start verildi. Əvvəlcə münsiflər heyəti elan olundu. Yarışın qaydaları iştirakçıların nəzərinə çatdırıldı. Müxtəlif mövzularda olan suallar ekrana gəlir və komandalar onları seçib bir dəqiqə ərzində cavablandırırdılar. Cavabın doğru olduğunu münsiflər heyətinin üzvləri təsdiq edəndən sonra xallar komandaların hesabına yazılırdı. 
Komanda üzvləri gərgin anlar, həyəcanlı dəqiqələr yaşayırlar. Hamı fikirləşir, hamı düşünür. Biliklər, bacarıqlar sınağa çəkilir. Kursantlar suallara cavab hazırladıqdan sonra onu münsiflər heyətinə təqdim edirlər. Beləcə, yarış-müsabiqə öz axarı ilə davam edir. Komanda üzvləri birinci yerə çıxmaq üçün daha çox xal toplamağa çılışırlar.
Yarış-müsabiqənin fasilələrində 38 nömrəli musiqi məktəbinin şagirdi Ağaməli Niftəliyev kamançada milli musiqiləri ifa etdi. Onun ifaları tədbir iştirakçılarında xoş ovqat yaratdı.  
Kursantların yarışda fəallığını gördükcə düşünürsən ki, belə tədbirlər onların nitq mədəniyyətinin inkişafına, dünyagörüşlərinin formalaşmasına müsbət təsir göstərəcək. Sabahımızın zabitləri olacaq kursantlar bu gün hamımızın gözü qarşısında yüksək hazırlıq nümayiş etdirirlər. Nəyə qadir olduqlarını göstərmək üçün bacarıq və biliklərini ortaya qoyurlar. Təbiidir ki, belə maraqlı və dəyərli tədbirlərin keçirilməsi kursantları yalnız qələbələrə ruhlandırır, onların hazırlığını artırır. Hazırlıq yüksək olanda isə kursantlar yalnız uğur qazanırlar. 
Nəhayət, gərgin keçən yarış-müsabiqə sona çatır. Qaliblər elan edilir. Məlum olur ki, birinci yerə "Mübariz", ikinci yerə "İstiqlal" və üçüncü yerə “Tufan” komandası çıxıb.
Komandaların kapitanları və tədbirin hazırlanıb keçirilməsində böyük əməyi olan kimya müəllimi Gülşən İsgəndərova fəxri fərmanlarla mükafatlandırıldılar.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey