Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2017 10:04

Qaliblər mükafatlandırıldı

Dekabrın 1-də Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ordu həmkarları arasında il ərzində təşkil edilən kütləvi idman yarışlarının yekunu ilə bağlı tədbir keçirdi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni oxundu.
Silahlı Qüvvələrdə çalışan mülki işçilərin istirahət və asudə vaxtının səmərəli təşkilinə xidmət edən belə tədbirlər  kollektivlərdə mənəvi dəyərlərin inkişaf etdirilməsinə, işçilər arasında səmimi birliyin möhkəmləndirilməsinə zəmin yaradır. Məhz bu baxımdan mədəni-kütləvi və idman tədbirlərinin maraqlı keçirilməsi,   kollektivlər üçün əsl bayram, həqiqi istirahət, sağlam həyat deməkdir. Belə tədbirlər həmişə üzvlərə xoş təəssüratlar bağışlayır, müsbət enerji aşılayır. Bu məqamları daim diqqət mərkəzində saxlayan Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərdiyi uzun illər  ərzində ordu həmkarlarının sosial-iqtisadi maraqlarının müdafiəsini həyata keçirməklə yanaşı, üzvlərinin istirahətini də yaddan çıxarmır.
Tədbir çərçivəsində ordu həmkarları stolüstü idman növləri üzrə güclərini sınayıblar. Mübarizənin sonunda şahmat üzrə Elbrus Kələbiyev qalib olub. Eldar Rəfiyev 2-ci yerə, Arif Novruzov və Cəmilə Həsənova isə 3-cü yerə layiq görülüblər. Dama yarışında isə Rəşad Zeynalov 1-ci, Natiq Nuriyev 2-ci, Arif Əsgərov və Kazım Mirzəyev isə 3-cü yeri tutublar.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova, mədəni-kütləvi idman tədbirlərinin lazımi səviyyədə təşkilinə, işçilər arasında işgüzar mənəvi iqlimin daha da yaxşılaşdırılmasına görə Müdafiə nazirinin rəhbərliyinə, şəxsən nazir general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirdi.
- Belə tədbirlərin təşkili əsas vəzifələrimizdən biridir. Fəhlə və qulluqçuların istirahətinin təşkilində əhəmiyyətli rol oynayan belə tədbirlər kollektivlərdə sağlam mühit formalaşdırır, insanlara xoş əhval-ruhiyyə aşılayır. Hərbi hissə və müəssisələrdə çalışan üzvlərimizin hüquq və maraqlarının müdafiəsinin qorunması, sosial rifah halının yaxşılaşdırılması daim dövlətimizin diqqətindədir.
Sonra  "N" hərbi hissəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Sahib Əsədov cıxış edərək qalibləri təbrik etdi və belə tədbirlərin kollektivlər arasında səmimi, mehriban münasibət formalaşdırdığını qeyd etdi.
Sonda qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. 
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR