Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 2017 09:27

Məqam həmin məqamdı, Azərbaycan əsgəri!

Neçə gündü qəzetimizin ötən sayında dərc edilən “Əsgər oğluma məktub”unun cazibəsindəyəm. Bu məktub həm də ana ilə oğulun səmimi kəlmələşməsidi; qürur da hiss ediləndi, ana həyəcanı, ana narahatlığı da. Bu narahatlıq ötəri narahatlıqdı. Aylar ötüşdükcə bu özülsüz narahatlıq sovuşacaq, oğlunun hərbi xidməti ana ürəyini telləndirəcək...
Əsgər anasının əsgər oğluna yazdığı məktubu həyəcansız oxumaq mümkün deyil. Bu duyğusal məktub əsgərlərimizin qətiyyətini ovxarlayacaq, çağırışçılar əsgər olacağı günə tələsəcək, yeniyetmələr tez böyümək istəyəcək.
Bu məktubun hər cümləsində Vətən var, torpaq var, ana öyüd-nəsihəti var, Vətənə ad olan gərəkli xatırlamalar var. Bu öyüd-nəsihətləri, xatırlamaları ruhumuzun min illərin o üzündən süzülüb gələn işığı bilirəm. Bu işıq "Varıq!" deyir, "Var olacağıq!" deyir. Bir də Şərafət ananın timsalında bütün analara deyir ki, işğaldan azad edəcəyimiz torpaqlarımızın yaraları qalib əsgərlərimizin nəfəsiylə qaysaqlayacaq...
Dövlətçiliyimizin ilk davulu səslənən gündən əli silah tutanlarımız bu isığın yaşarılığı üçün heç zaman can əsirgəməyib. İndən belə də əsirgəməyəcəyinə əminlik, inam ruhuma, ruhumuza sarılır. Bu möhtəşəm qovuşmadan qələbə ətri gəlir. 2016-cı ilin aprelində Azərbaycan əsgəri təsdiqlədi ki, məqamında Vətən üçün can əsirgəmir. Lələtəpə, Bayraqtəpə indi yaşarı, bəşəri ruhumuzun işığında elə əzəmətlə görünür ki! Dövlət bayrağımız bu yüksəkliklərdə elə əzəmətlə dalğalanır ki!
Ölümünə qənşər gələn ermənilər təxribatlar törətmək istəyəndə Azərbaycan əsgəri canını torpaqlarımıza sipər edir; o ananın oğlu da, o ananın oğlunun əsgər yoldaşları da bu məktubun rişələndiyi işığı yaxın vaxtlarda Böyük Qələbəyə qovuşduracaq. Ananın əsgər oğluna məktubu bu inama söykənib. Əsgər anasının inamı inamımızdı, güvənci güvəncimiz...
Əsgər anasının məktubu ANA nəfəsidi, ANA səsidi - İran hökmdarı Kirin yaşamına ölüm qılıncı vuran Tomrisin səsidi, fateh İsgəndəri heyrətləndirən Bərdə hökmdarı Nüşabənin səsidi, Qıpçaq Məliyin namərdliyini mərdanəliklə cavablandıran Burla xatunun səsidi, Ağqoyunlu hökmdarı Uzun Həsənin anasının - Şərqin ilk diplomat qadını olan Sara xatunun səsidi, milli-xəlqi ruhumuzun - fəzilətlərin, bəşəriliyin səsidi. Bu səsdə meh həzinliyi də var, şimşək qəzəbi də. Bu səsdə ilahilik də var, qüdrət də. Bu səsdə şəhidlərimizə görə eşidilməyən, hiss olunan sıxıntı da var, qazilərə görə qürur da...
Uşaqlığımızda hamımız taxta qılınclarla, taxta avtomatlarla "silahlanıb" "dava-dava" oynayardıq. Məhəllələr qələbə sevincinə darlıq edərdi. Onda dünyanın düz vaxtıydı. Onda hələ ermənilik baş qaldırmamışdı, ermənilik niyyəti qınından çıxmamışdı, onda hələ ermənilər "kiçik budaqlarda oturub böyük budaqları silkələmirdi" (E.Baxış). Əsgər anasının oğlunun da uşaqlığı belə keçib. Əlində sıyırma qılınc, zamanında "Siz yatın, mən sizi qoruyacam, əjdahaları öldürəcəm!"  - deyən uşaq indi əsgərdi, Vətəni qoruyur. Taxta qılıncıyla "divləri, əjdahaları öldürən" uşaq indi təxribat tö-rətmək istəyən düşmənin başına odlar ələyir. ANA-nın "İndi həmin məqamdı, oğul!" - kəlmələri oğlunu da, oğlunun əsgər yoldaşlarını da Vətən naminə şücaət göstərməyə - Yusifləşməyə, Vəzirləşməyə, Mübarizləşməyə,  Samidləşməyə, Çingizləşməyə,... çağırır.
Əsgər anasının məktubu, onsuz da ürəyi Vətənlə döyünən əsgərlərimizi vətənləşdirmək istəyidi. Bu istək ANA murazıdı, bu muraz ərazi bütövlüyümüzün təmin edilməsini, əsgərlərimizin döyüş növbətçiliyini dövlət sərhədlərimizdə aparması niyyətidi. Bu duyğusal məktubun mahiyyəti deyir ki, ANA niyyəti Vətənin niyyətidi...
Böyük Vətən müharibəsində Faxralıda yaşayan Sənəm Allahverdi qızı oğluna yazıbmış ki, "Kürəyindən yaralansan, südümü sənə halal etmərəm". Səməd döyüşdə yaralanmışdı. Kürəyindən yox, sinəsindən yaralanmışdı. Ürəyinə "bitişikli" qəlpələr yaşadan veteran ahıl yaşlarında deyərdi ki, anamın məktubunu komandir hamıya oxudu. "Belə anaların oğlusunuz, cəsarətlə vuruşun, Vətən üçün vuruşun!" Vuruşduq, qələbə qazandıq...". "Məni qoruduğun kimi Vətəni də qoru!"  - deyən ana da, "Kürəyindən yaralansan, südümü sənə halal etmərəm" - deyən Sənəm Allahverdi qızı da tarixin cığırdaşı olan bir xalqın qeyrət timsalıdı, Azərbaycan əsgəri! Bu məktub həm də ana harayıdı, ananın oğlunu, oğlunun əsgər yoldaşlarını Qarabağa çağıran harayıdı:

Dan sökülür...
Analar
Mərmilərin diddiyi,
Əzdiyi hər dağ üçün,
Göyüm-göyüm göynəyən
yaralı torpaq üçün
Qarabağa çağırır:
Məqam həmin məqamdı,
Azərbaycan əsgəri!

...Əsgər anasının məktubunun işığında Cəfər Cabbarlının "Ana" şeirini, şeirin son misralarını xatırlayiram:

Ana, mən sənə rahibəm itaətdə...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist