Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 2017 09:23

“İşğalın sonuna az qalıb, Vətən!”

Azərbaycan Silahlı Qüvvələrində son illərdə aparılan islahatlar, maddi-texniki bazanın gücləndirilməsi ordunun irimiqyaslı inkişaf yolundan xəbər verir. Həyata keçirilən təlimlər həm təminat baxımından, həm də döyüş qabiliyyətinin möhkəmləndirilməsinə görə bütün qoşun növlərinin bərabər səviyyəli inkişafının göstəricisidir. Bu gün iftixarla söyləyə bilərik ki, ordumuz xalqın güvənc yeridir.
Axşama doğru "N" hərbi hissəsinin zenit-raket-artilleriya bölməsinə çatanda adi xidmət günlərindən biri idi. Günün nizam qaydasına uyğun olaraq hər kəs öz işi ilə məşğul olurdu. Dağlara çökən duman, qış küləyiylə birgə gələn şaxta ətrafda nəzərə çarpan səliqə-sahmanı, əsgərlərin üzündəki məğrurluğu poza bilmirdi. Vaxt itirmədən şəxsi heyətlə söhbətləşirəm.
- Bölməmiz öz vəzifələrinin icrası ilə məşğuldur, - bizimlə səmimi söhbətə başlayan zabit Nofəl Şahbazov deyir. - Ön xətdə döyüş növbəsi aparmaqla bərabər mütəmadi olaraq ixtisas bacarıqlarımızı da artırırıq.
Zabit Nofəl Şahbazovu ön xətdəki hərbi hissələrdən birindən tanıyıram. Bacarıqlı hərbçi kimi yaddaşıma həkk olunub. İlk tanıdığım vaxtlardan onun işinə necə məsuliyyətlə yanaşdığının, əsgərlərin döyüşçü kimi formalaşmaları üçün əlindən gələni etdiyinin, bütün bilik və bacarıqlarını komandir olaraq əsgərlərə aşıladığının şahidi olmuşam.  
- Tək əsgər yox, Azərbaycanda dünyaya göz açan hər bir insan Vətən üçün yaşamalı, torpağı sevməli, bu sevgi uğrunda hər gün, hər an canından keçməyi özünə borc bilməlidir. Ürəyimizdəki Vətən sevgisi ilə torpağımıza qəsd edənlərə qənim kəsilməliyik. Bu yoldan, bu məqsəddən dönər olsaq, analarımızın haqqı bizə haram olsun, - zabit Şahbazov deyir.
Əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığı haqqında isə zabit Anar Nəzərov danışır.
- Şəxsi heyəti döyüşə hazır vəziyyətə gətirmək üçün mütəmadi dərslər keçirilir, hərbi hissə komandanlığı bu işin sistemli təşkilinə daim nəzarət edir. İctimai-siyasi hazırlıq dərslərində Azərbaycan tarixində iz qoymuş milli qəhrəmanlar, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyaları, Vətən, torpaq sevgisi əsgərlərimizin nəzərinə çatdırılır. Bu gün düşmənlə üz-üzə xidmət edən hər bir zenitçi döyüşə atılmağa, düşmənin hədəflərini məhv etməyə hazırdır.
Zabitlərlə söhbətimizi davam etdirərək döyüş növbətçilyində olan zenitçilərin yanına çatırıq.
Leytenant Rövşən Əliyevin zenit qurğusunun qarşısında dərs keçdiyinin şahidi oluruq. İlk baxışdan məsuliyyətli və bacarıqlı olduğu diqqət çəkir.
- Şirvan şəhərində sadə bir kəndli ailəsində dünyaya göz açmışam. Ailədə yeganə hərbçi mənəm. Atam həmişə hərbçi olmağımı arzulayıb. Atamın bu arzusu, həmçinin torpaqlarımızın işğalda olması, hərb sahəsinə olan marağım bu yolu tutmağıma səbəb oldu. Seçdiyim yoldan, tutduğum peşədən razıyam. Vətənin hər qarışı uğrunda canımı verməyə hazıram.
2010-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənədlərini verən Rövşən ilkin hərbi təhsilə yiyələnir. Təcrübəli müəllimlərdən hərb peşəsinin incəliklərini öyrənir. Leytenant rütbəsini aldıqdan sonra ön xətdəki hərbi hissələrdən  birinə yollanır. Və hazırda da Vətənin keşiyindədir.
- Düşmənin hava hücumunun qarşısını almaq üçün hərbi hissənin cavabdeh olduğu sahədə döyüş növbətçiliyi təşkil edilib, - leytenant Rövşən Əliyev deyir. - Əvvəlcədən hazırlanmış start mövqeyində zenitçilər gün ərzində döyüş növbəsi aparırlar.  Əgər düşmənin uçan obyekti hərbi hissənin müdafiə rayonunda görünərsə, zenit-raket komplekslərindən açılan atəşlə məhv ediləcək.
- Hər birimiz döyüşə hazırıq, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nicat Nuriyev deyir. - Gördüyünüz zenit qurğusu düşmənin  helikopterlər və pilotsuz uçuş aparatlarını, həmçinin yüngül zirehli texnikalarını, canlı qüvvəsini məhv etmək üçün istifadə olunur. "Döyüşə!" komandası verilərkən heyətlər dərhal öz yerini tutur. Manqa komandiri olaraq  hədəfin növü, hədəfə qədər olan məsafə, hədəflərarası dərinlik və istiqamət barəsində məlumat verərək hədəfi məhv etmək üçün komanda verilir.
Əsgər Nicat Cavadov heyət nəfərlərindən biridir. Tutduğu vəzifənin öhdəsindən layiqincə gəldiyini, ömrünün geridə qalan hissəsini də ordu sıralarına bağlamaq istədiyini deyir.
- Xidmət müddətimdə silah-texnikanın sirlərini öyrənməklə yanaşı, yaxşı dostlar qazanmışam. Hazırda heyət nəfəri olaraq ön xətdə xidmətimdən qürur duyuram. Xidmətimin bitməsinə az müddət qalmasına baxmayaraq, torpaqlarımız işğaldan azad olunana kimi Vətənim üçün xidmət etmək arzusundayam.
Tuşlayıcı əsgər Nurlan Mehrəliyev isə Bakı şəhərindən hərbi xidmətə çağırılıb.
- Tuşlayıcı olaraq müəyyən olunmuş komanda ilə müşahidə aparır, manqa komandirinin verdiyi məlumatlara uyğun olaraq hava və ya yerüstü hədəfləri məhv etməyə hazıram. Cavabdeh olduğumuz hava məkanını düşmən əsla poza bilməz, əgər buna cəhd edərsə, düşmən helikopterini məhv edən manqa komandiri İlkin Muradov kimi onları ağır itkiyə məruz qoyarıq.
Doldurucu əsgərlər Elçin Hüseynov və İlkin İsgəndərov da ön xətdə xidmət etməyin məsuliyyətini dərk etdiklərini bildirirlər.
- Hərbi xidmət adama Vətən sevgisi, döyüş bacarığı aşılayır, - İlkin İsgəndərov deyir. - Uşaq yaşlarımdan ədəbiyyata marağım olsa da, əsgərlikdə olduğum müddətdə hərbi vətənpərvərlik ruhunda şeirlər yazmağa başlamışam. "Qarabağa azadlıq" şeirim əsgər yoldaşlarım və komandirlərim tərəfindən rəğbətlə qarşılanıb.
Elçin isə deyir ki, hərbi xidmət, doğrudan da, kişilik məktəbidir. İnsan dözümlü olmağı, silahdan istifadə etməyi mənimsəyir. Torpaqlarımız mənfur qonşular tərəfindən işğal olunub. Qoy düşmən bilsin ki, heç bir azərbaycanlı torpaqlarının işğalda olması ilə razılaşmayıb, razılaşmayacaq....
Vətən sevgisinin istisinə şaxtalı havada qızınan ürəklər mənfur düşmən qarşısında qələbə musiqisinə köklənib... Tezliklə bu musiqi sədaları altında üçrəngli bayrağımız Vətənimizin hər yerində qürurla dalğalanacaq...
Hər əsgər baxışı deyir ki, işğalın sonuna az qalıb, Vətən!

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR