Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2017 09:43

Əsgər oğluma məktub

Vətəni də anan kimi qorumalısan, oğul!
Əziz oğlum, əsgər balam! Bilirəm, ailəmizin yeganə kişisi olaraq bizi düşünüb fikir çəkəcəksən. İlk vaxtlar darıxacaqsan. Amma gün keçdikcə daha çox iradə toplayaraq mətinləşəcəksən.
Evdə, məktəbdə Vətən sevgisindən nə qədər danışsaq da, bu məhəbbətin əslini orada - hərbi xidmətdə hiss edəcəksən! Əsgər oğlum, igid balam! "Əsgər" kəlməsi böyük bir məna ifadə edir. Əsgərlik kişilik, vətəndaşlıq məktəbidir. Səni bayrağımıza sevgi ilə böyütdüm. Yurda, torpağa, dövlətə sevgi aşıladım. Böyüdün, qəlbinin diktəsi ilə otağında Azərbaycan bayrağını asdın. Əsgər olmaq, əldə silah Vətənə xidmət etmək arzusu ilə yaşadın! Lap kiçik yaşlarında "əsgər-əsgər" oynadığın yadındamı? "Marş irəli, Azərbaycan əsgəri" - deyə addımlardın həyətdə. Bir oyuncaq qılıncın da vardı. Bəzən gecələr əlində qılıncla başımızda durub "Rahat yatın, mən qəhrəmanam, keşikdəyəm, əjdahanı öldürəcəm, düşmənlə savaşacam", - deyirdin. Bax, oğlum, bu gün həmin gündür!  Biz indi rahat yatır, sən bizim - xalqın keşiyini çəkirsən.
Şübhəsiz, şanlı Azərbaycan bayrağını öpüb and içəndə Vətənin dəyərini daha çox anlamısan. Bu bayrağın sənin müstəqilliyinin, gələcəyinin olduğunu daha dərindən hiss etmisən. Bu yurdun, bu Vətənin təhlükəsizliyinin sənin kimi oğulların, igidlərin əlində olduğunu da dərk etmisən. Vüqarınla, əzminlə Vətənə borcunu ləyaqətlə ödəyəcəyinə əminəm! Təlimlər keçəcək, qollarına, dizlərinə qüvvət yığacaq, hərbin sirlərinə yiyələnəcəksən. Ana qoynuna sığındığın, qoxusunu duyduğun qədər indi ruhən və cismən ana torpağa daha yaxın olacaq, ətrini ciyərlərinə çəkəcəksən. Unutma, o torpaqda yüzlərlə, minlərlə şəhidin qan izləri var. Onu da hiss edəcəksən. Doğmalarımızın qanı ilə suvarılmış bu torpağı yenidən dirçəltmək, işğalda olan hissəsini azad etmək, qorumaq sizin borcunuzdur! "Hər şey Vətən üçün!" şüarı ilə addımlayarkən ananın bu məktubunu xatırla. Unutma: dünən evini, ailəni, ananı qoruduğun kimi, bu gün Vətənini, dövlətini, torpağını, elini qorumalısan! Qorumalısan ki, evin də, elin də yaşasın!
Əziz oğlum! Uzun illər kimsəsizlərə də analıq etdim. Çoxları məni "Əsgər anası!" deyə çağırdı. Bu gün sayəndə, həqiqətən də, əsgər anasıyam! Səninlə fəxr edirəm, oğlum! Xidmətdə olduğun bu az müddətdə hər dəfə komandirlərinin, əsgər yoldaşlarının dilindən "Təşəkkür edirik, oğlunuz intizamlı, nümunəvi əsgərdir!" - sözünü eşitməyim məni çox qürurlandırır. Belə davam et! Hər ay sənə bir məktub yazacam. 16-cı məktubda xidmətin sona çatmış olacaq.
Əziz balam! Yanına valideyni gələ bilməyən əsgərlər də olacaq. Onlara qardaş-sirdaş ol, dayaq dur! Bütün əsgər və zabitlərimizi Allaha əmanət edirəm!
Vətənə xidmətdə uğurlarınız bol olsun!
Şərafət MUQUZOVA

əsgər anası