Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2017 14:46

Ordu cəsurların ünvanıdır

Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin sağlamlığını, sağlam həyat səviyyəsini qorumaq hərbi hissələrin tibb xidmətlərinin qarşısında duran ən vacib məsələlərdəndir. Hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tibb müəssisələri də yenidən qurulur, müasir tibbi avadanlıqlarla təchiz edilir, intensiv müalicənin aparılması üçün tibb elminin son nailiyyətlərindən istifadə olunur.
Cəbhə xəttində artilleriya divizionunun tibb məntəqəsinə də baş çəkirik. Əsgərlərin stasionar müalicəsi üçün lazımi şəraiti olan müasir tibb məntəqəsində səliqə-sahman diqqətimizi cəlb edir. Təcrübəli gizir Ramil Şəldiyevin sözlərinə görə, sanitar-təlimatçılarla birlikdə əsgərlərin sağlamlıq durumu ilə yerində maraqlanırlar: "Hərbi hissə komandirinin göstərişinə əsasən, şəxsi heyətin sağlamlığının qorunması üçün tibb xidməti vacib tədbirlər həyata keçirir. Öncə gənc əsgərləri diqqət mərkəzində saxlayırıq. Son illər orduda həyata keçirilən sosial tədbirlərin və vaxtında göstərilən tibbi müdaxilənin hesabına şəxsi heyət arasında xəstələnmə halları çox azdır. İlkin tibbi yardım göstərilən əsgərlər ehtiyac duyulduqda hərbi hissənin tibb məntəqəsinə göndərilir."
Gizir onu da qeyd etdi ki, yay mövsümündə infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirildiyinə görə, şəxsi heyət arasında günvurma halları qeydə alınmadı. Yay mövsümü geridə qalıb. İndi bizim qarşımızda payız-qış mövsümünün qayğıları dayanır.
"Şəxsi heyətin vaxtlı-vaxtında yuyunması, yataq və paltarlarının dəyişdirilməsi, əsgər yataqxanalarının təmizliyinə nəzarət və s. amillər xəstələnmə hallarının qarşısını alır", - deyə sanitar-təlimatçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ramin Məhərrəmov söhbətə qoşulur. Qeyd edir ki, divizionun tibb məntəqəsində ilkin tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb. Əsgərlər arasında hər hansı xəstəliyin aşkar edilmir, tibbi maarifləndirilmə işi davamlı surətdə aparılır. Günün nizam qaydalarına uyğun olaraq, şəxsi heyət arasında mütləq gigiyenik və əks-epidemik tələblər gözlənilir. Bütün bunlar şəxsi heyətin sağlamlığını təmin edir.
Sanitar-təlimatçı onu da bildirir ki, il ərzində istər tibb məntəqəsi rəisləri, istərsə də sanitar-təlimatçılar üçün keçirilən toplantılar onların bilik və bacarıqlarının formalaşmasında xüsusi rol oynayır. Əldə edilən bilik və bacarıqlar, uzunmüddətli təcrübə əsgərlərin sağlamlığının qorunması işinə töhfələrini verir.
Sağlam əsgər Vətənin müdafiəsinin təminatçısıdı. Bu o deməkdir ki, torpaqlarımızın qorunmasında şəxsi heyətin sağlamlığının keşiyini çəkən tibb işçilərinin də payı vardır.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", foto N.PƏNAHOVUNDUR