Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2017 14:44

Kursantların fiziki hazırlığını daha da artırmaq üçün...

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi kursantların fiziki hazırlığını daim diqqət mərkəzində saxlayır. Hərbi liseydə istirahət və asudə vaxtlarda müxtəlif idman turnirləri, kütləvi idman yarışları keçirilir. Kursantlar bu yarışlarda fəallıq göstərərək təmsil etdikləri bölmələri irəli çıxarmağa, qalib gəlməyə çalışırlar. Buna görə də yarışlar gərgin mübarizə şəraitində keçir.
Bu günlərdə hərbi təhsil ocağının idman meydançalarında böyük canlanma var idi. Yarışlarda iştirak edən kursantların üz-gözündən sevinc yağırdı.
- Kursantlarımız keçirilən bütün yarışlara həvəslə qatılırlar, - deyə Hərbi liseyin idman rəisi Fərhad Əliyev söhbətə başladı. - Bu gün də həmin fəallıq və həvəs aydın hiss olunur. Kursantların fiziki hazırlıqlarını artırmağa olan maraqlarını daha da yüksəltmək məqsədi ilə bu gün idmanın yeddi növü üzrə yarışlar keçirilir. Kəndirdartma, basketbol, futbol, şahmat, voleybol, estafet qaçışı və turnikdə dartınma yarışlarında iştirak etməklə kursantlar asudə vaxtlarından daha səmərəli istifadə edirlər. Eyni vaxtda keçirilən bu yarışların gedişinə idman müəllimləri nəzarət edirlər. Bir qayda olaraq yarışlarda həmişə obyektivlik gözlənilir. Hansı komandanın hazırlığı yüksəkdirsə, o da qələbə sevincini yaşayır. Belə kütləvi idman yarışlarının keçirilməsinin kursantların fiziki hazırlığının yüksəlməsinə müsbət təsiri var. Yarışdan-yarışa onlarda həm idmana həvəs artır, həm də yeni vərdişlər formalaşır. Tapşırıqları daha cəld və çevik yerinə yetirirlər. Belə cəld və çevik hərəkətlər isə gələcək mübarizələrdə kursantlara böyük uğurlar qazandıracaq, qələbə sevinci yaşadacaq. Əgər belə tədbirlərdə kursantların idmana həvəsi artırsa, fiziki hazırlıqları yüksəlirsə, yarışlarda müsbət nəticələr göstərirlərsə, deməli, biz qarşımıza qoyulan məqsədə nail oluruq.
Yarışların keçirildiyi meydançalara baş çəkirik. Kəndirdartma yarışı keçirilən sahədə iki komandaya bölünmüş kursantların gücü, qüvvəti sınağa çəkilir. Hansı komanda daha güclüdürsə, rəqib komandanın üzvlərini müəyyən edilmiş xətdən dartıb keçirir. Bununla da güclü və rəqib komandadan daha üstün olduqlarını göstərirlər. Beləcə, yarış qələbəliklə davam edir.
Başqa sahələrdə keçirilən yarışları da yaxından izlədik. Hər yerdə qələbəlik, mübarizlik və böyük canlanma yaşandığını gördük. Bu gün idman meydançalarında qazanılan qələbələr kursantları daha böyük uğurlara həvəsləndirəcək.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey