Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2017 14:43

“Sevinirəm ki, nəvəm Vətənin müdafiəsində dayanacaq”

Dövlətin müstəqilliyinin və təhlükəsizliyinin qorunması onun ordusuna həvalə olunur. Məhz buna görə də ordu şərəfli  bir vəzifəni həyata keçirir. Bu vəzifənin müqəddəsliyini dərk edən Azərbaycan xalqı da ordusuna böyük rəğbət bəsləyir, əsgəri, zabiti ilə fəxr edir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı  nəticəsində ölkəmizdə güclü ordu formalaşıb. Hərbi hissələrdə abadlıq-quruculuq işləri aparılır,  məişət şəraiti yaxşılaşır və müasir hərbi şəhərciklər istifadəyə verilir.
Müasir silah-sursat, peşəkar zabit heyəti, hazırlıqlı döyüşçülərlə yanaşı, qələbə üçün ruhlandırıcı amillərdən biri də xalqla ordunun sıx əlaqəsi, xalqın orduya güvəncidir. Xalqın orduya mənəvi dəstəyi döyüşçülərə əzmkarlıq, vətənpərvərlik duyğuları aşılayır. Əsgərlərimiz bu ruhda formalaşır.
Son vaxtlar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə orduda geniş vətənpərvərlik tədbirləri keçirilir. Aprel döyüşləri xalqın ordusuna olan dəstəyini bir daha təsdiqlədi. Şəhər və rayonlardan cəbhə bölgəsinə axışan gənclər əsgərlərimizə, hərbçilərimizə dəstəklərini ifadə etdilər. Doyüş mövqelərində xidmət edən əsgərlərimiz də qeyd edirlər ki, xalqımızın orduya dəstəyi onları daha da ruhlandırır.
Müdafiə nazirinin əmri ilə hərbi hissələrdə "Açıq qapı" günlərinin keçirilməsi xalqla ordunun birliyinin möhkəmlənməsində böyük rol oynayır. Belə tədbirlərdə əsgər valideynləri, ictimaiyyətin nümayəndələri əsgərlərlə sıx təmas yaradır, onların məişət şəraiti ilə yaxından tanış olurlar. Bu cür sıx ünsiyyət insanların orduya, əsgərə münasibətini formalaşdırır.
Əsgərlərin Vətənə sədaqət andı qəbul etdikləri gün hərbi hissələrdə yaşanan izdihamı gördükcə qürurlanırıq. Hər valideyn sırada duran övladını axtarır. Bu cür anlarda onların gözlərindəki sevinci sezməmək mümkün deyil. Kimi sevincdən ağlayır, kimi də övladını bağrına basıb "Səninlə fəxr edirəm!" deyir.
Hərbi andiçmə mərasimindəydik. Tədbir gözəl məqamlarla yadda qaldı. Mərasimdən sonra hər kəs öz əsgər övladı ilə görüşür, sevincini, fərəhini bölüşürdü. Sıra meydanının kənarında bir ağbirçək ana diqqətimi cəlb etdi. O, əsgərin əllərindən öpürdü. Sevinclərinə şərik olmaq üçün onlara yaxınlaşdım. "Niyə məhz əsgərin əllərindən öpdün?" - sualı ilə qadına müraciət edirəm.
- Mən də sevinirəm ki, nəvəm Vətənin müdafiəsində dayanacaq, - deyir. - Ay bala, oğul Vətən üçün doğulur. Bu əllər silah tutub Vətəni qoruyacaq. Bu əllər illərcə bizi Qarabağa həsrət qoyan, soydaşlarımızı torpaqlarından didərgin salan, Xocalıda yüzlərlə insanı qətlə yetirən düşməni məhv edəcək. Bu gün hamımız Vətən naminə səfərbər olmalıyıq. 
Yaşlı bir ananın sözlərindən də görünür ki, Azərbaycan xalqı - istər kişi, istərsə də qadın torpaqlarımızın azadlığı uğrunda mübariz olmalıdır. İnanıram ki,  gözəl Qarabağımızı görmək mənə də nəsib olacaq.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu", foto C.CƏFƏROVUNDUR