Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2017 14:37

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Həmrəyliyimiz birliyimizin və varlığımızın qarantıdır.
Suallar:
1. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
2. Dünya azərbaycanlarının vahid birliyinin bərqərar olunması.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 Dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ-İran sərhədinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalanların sərhəd dirəklərini yıxması azərbaycanlıların həmrəylik istəyinin simvolik nişanıdır.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu əlamətdar günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvasından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıb.
Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu, sivil qurumlar halında birləşmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan zaman-zaman parçalanmış, soydaşlarımızın bir qismi öz yurd-yuvalarından didərgin salınmışlar.
Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.
Dünya azərbaycanlarının vahid birliyinin bərqərar olunması
Xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü böyük təntənə ilə qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəyində Vətən eşqi, milli-mənəvi birlik hissləri olan hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.
Bütün məşhur siyasi xadimlər kimi, ulu öndər Heydər Əliyev də öz xalqının, ölkəsinin iqtisadiyyatı, maddi rifah halının yaxşılaşdırılması ilə bərabər, onun ümummədəni tərəqqisinin qayğısına qalmış, xalqımızın dünyada layiqli yer tutmasına, obyektiv səbəblərdən bütün dünyaya səpələnmiş soydaşlarımızın ümummilli məqsədlər ətrafında birləşməsinə çalışmışdır. 1997- ci ildə ABŞ-a rəsmi səfəri zamanı ümummilli lider Heydər Əliyev Azərbaycan diasporu qarşısındakı çıxışında qarşıda duran vəzifələrdən danışarkən demişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəlidə gedər, Azərbaycan diasporu da inkişaf edər. Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıların çoxu Azərbaycanda doğulmayıb. Nə olsun. Məgər Amerikada yaşayan ermənilər Ermənistanda doğulub, məgər onlar Dağlıq Qarabağda doğulub? Amma ermənidirlər, ona görə də Ermənistan haqqında düşünürlər. Amerikada yaşayan azərbaycanlıların isə biri deyir, mən İranda doğulmuşam, o biri deyir mən Turanda doğulmuşam. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısan".
1994-1995-ci illərdə Azərbaycanın ciddi təhlükələrlə üzləşdiyi zaman ümummilli lider Heydər Əliyevin çağırışı ilə  yüz minlərlə həmvətənlimizin ölkə başçısının ətrafında toplaşması, ona dəstək verməsi milli birlik və həmrəyliyimizin tarixində ən parlaq səhifələrdən birinə çevrilmişdir.
Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən özünəxas uzaqgörənliklə xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil.
Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, taleyüklü hadisə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi oldu. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini açıqlamışdı.
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən ümummilli lider Heydər Əliyevin həmin mərasimdə söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilib.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyev bu xəttə sadiqliyini hakimiyyətə gəldiyi ilk vaxtlardan nümayiş etdirir.
Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işində yeni mərhələ oldu. Dövlət başçısı İlham Əliyev  diaspor quruculuğu baxımından ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətləri gücləndirmək xəttinə üstünlük verir.
2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən IX zirvə toplantısında Prezident İlham Əliyev dərin məzmunlu çıxış etmiş, türkdilli dövlətlərin birliyini zəruri edən amilləri bir daha diqqətə çatdırmışdır: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli dövlətlərdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər daha da güclənir".
Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır. Rusiyada, Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, Skandinav ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
Diaspor quruculuğu sahəsində hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü məsələlərinin həllində daha yaxından iştirak edəcəkdir. Bizim  xaricdə  462 diaspor təşkilatımız var. Bu, onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılır, birlik, həmrəylik var. Bizim diaspor təşkilatlarımız bir-biri ilə sağlam rəqabət aparır və biz bunu alqışlayırıq. Bu rəqabət ümumi işimizə xidmət edir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və unutmamalıyıq ki, gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirərək, vahid amal uğrunda fəaliyyət göstərir. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir, konsensus var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə xalqa müraciət edir. Dövlət başçısı hesab edir ki, xaricdəki azərbaycanlılar arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlər getdikcə daha dərin kök salır. "Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər".
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham  Əliyevin rəhbərliyi altında respublikanın ictimai və siyasi həyatında, eləcə də Silahlı Qüvvələrdə böyük sürətlə aparılan quruculuq işləri dövlətimizin idarəçiliyinin etibarlı əllərdə olduğunu dünyaya sübut edir. Azərbaycan xalqı öz lideri ətrafında sıx birləşərək Qarabağ problemində heç bir vəchlə güzəştə getməyəcək və münaqişə öz həllini ölkəmizin ərazi bütövlüyü çərçivəsində tapacaqdır. Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür.
Dünya azərbaycanlılarının vahid birliyinin bərqərar olması və tarixi Azərbaycan torpaqlarının geri qaytarılması üçün hər bir vətəndaşımız kimi, biz hərbi qulluqçular da öz hərbi xidmətimiz dövründə əllərimizdən gələnləri əsirgəməyəcək, o tarixi anı yaşamağımızı tezləşdirəcəyik.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi