Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2017 14:32

"Qazax - xidmət etdiyin diyar"

Kitab təkcə bilik mənbəyi deyil...
Kitab həm də oxuyanın xarakterinin formalaşmasında, təbiətlə, cəmiyyətlə daha gərəkli ünsiyyət vasitəsidi...
Hərbi xidmətə başlayan çağırışçı adını eşidib özünü görmədiyi rayonu da tanımaq istəyir. Az müddətdə döyüş növbətçiliyi apardığı mövqeni tanıyır. Bəs rayonu? Zamanında oxuduqlarını, eşitdiklərini görmədən tanıyır, sevir. Bu sevgi onu görməyə də həvəsləndirir. Hərbi xidmətdədi, bəs necə tanısın? Əsgər bu sevginin xidmət illərinin cığırdaşı olmasını da arzulayır...
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin "Qazax - xidmət etdiyin diyar" kitab-albomu da məhz bu missiya üçündü - əsgər xidmət etdiyi rayonu daha əhatəli tanısın, onun tarixini daha əhatəli öyrənsin. İllər sonra xidmət etdiyi ərazi haqqında daha geniş məlumat verə bilsin, sevgilərlə danışsın.
Əsgər üçün xidmət etdiyi rayon Vətənin bir parçasıdı...
Əsgər ona tapşırılan mövqedə döyüş növbətçiliyi aparır - Vətəni qoruyur...
Abdulla Qurbaninin kitab-albomu mahiyyəti etibarilə vətənpərvərliyin təzahürüdü:  Azərbaycan əsgəri Vətəni xəritə bütövlüyü miqyasında sevsin...
Kitab-albom şəkil informasiyalar kitabıdı; müəllif oxucuları ilə belə mükalimələşir. Şəkil informasiyalar Qazaxın təbiətindən, tarixindən - keçmişindən, bu günündən, illərdi torpağı qoruyanlarından,  qəhrəmanlarından, şəhidlərindən, ... danışır...
Göyəzən Qazaxın ucalıq rəmzidi. İlhamlı şair Səməd Vurğun göylərə baş çəkən Göyəzən dağını - tariximizin daş yaddaşının yaşdaşını sözə vurğunların, "hər sadə, mü-rəkkəb cümləsinin mübtədası Vətən olanların" ruhunun səyyarəsi kimi tərənnüm edirdi. Göyəzən dağının əzəmətini kitab-albomun tanışlıq "cığırı" bilənlərin sırasında mən də varam. Müəllif Göyəzən dağını ümummilli liderimiz Heydər Əliyevin bir kəlamıyla təqdim edir: "Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir...". Belə kəlamın Göyəzən simvolu ilə təqdimi tərtibatın dəyər amilidi, şübhəsiz...
Yaşı min illəri aşan abidələr, tarixi bəlli olmayan baş daşları - daş kitabələr, sirrini kimsəyə açmayan damcılı, irili-xırdalı mağaralar, orta əsrlərin nişanəsi olan qəbirüstü abidələr Qazaxın bəşər sivilizasiyasının inkişafının ünvanlarından biri kimi təqdim olunur. Bu da sevgidi - Qazaxın timsalında Vətənə, Qazaxda xidmət edən əsgərlərə sevgi...
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxda ön xətdə dediyi "Qazax ölkəmizin qərb qapısıdır, strateji əhəmiyyətə malikdir. Mən əminəm ki, siz bundan sonra da yenilməz qala olan Qazaxın müdafiəsində möhkəm, ayıq-sayıq dayanacaq, Vətən qarşısında əsgər borcunu şərəflə yerinə yetirəcəksiniz" kəlamları burada xidmət edən əsgərlərə, zabitlərə inamın, etibarın, ehtiramın təsdiqidir. "Qazax - xidmət etdiyin diyar" kitabı həm də Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığını yüksəldən inamın, etibarın, ehtiramın kitabıdır...
"Sərkərdəni sərkərdə edən onun ordusudur, ordunu ordu edən onun sərkərdəsidir" - Abdulla Qurbani xalq yazıçısı İsmayıl Şıxlının bu fikrini bir həqiqətin təntənəsinin epiqrafı kimi təqdim edib: aprel döyüşlərində sərkərdənin sərkərdəliyi də təsdiqləndi, ordunun orduluğu da! Sülh danışıqları baş tutmasa, Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə torpaqlarımızı işğaldan azad edəcək! Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri daha möhtəşəm tarix yazacaq!
Qırmızı körpünün - Sınıx körpünün şəkli deyir ki, bu körpü Vətəni Vətənin qıraqda qalan yeri ilə birləşdirən maddi-ruhi körpüdü. Kitab-albomda bu və bu kimi şəkillərin təqdim edilməsi tarixi keçmişimizə sayğıdı və Azərbaycan əsgərinin Azərbaycanımızın tarixi keçmişini yaddaşında yaşatma istəyi vətənpərvərlik kimi dəyərləndirilməlidi; Abdulla Qurbaninin tərtibat yozumu belədi. Bu kimi məqamlar kitabın bədii dəyəri hesab olunmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində ilk faciələrdən biri Bağanıs Ayrımda törədildi. Unutmuruq. Unudulmayacaq. Əsgər bu faciənin ürək göynədən kadrlarını yaddaşına, yaddaşından ürəyinə, ürəyindən ömrünə köçürəcək, yaşaya-yaşaya o tarixi də yaşadacaq, o tarixi yaşada-yaşada yaşayacaq; "Qazax - xidmət etdiyin diyar" kitab-albomu həm də tarix haqqında tarixi kitabdı, tarixin kitabıdı...
Tarixi şəxsiyyətlər haqqında müfəssəl məlumatlar Azərbaycan əsgərinin (ümumən oxuyanların) erudisiyasına, dünya duyumunun zənginləşməsinə, məlumatlılığına,... təsir göstərəcək. Tam artilleriya generalı Əlağa Şıxlinski, general İbrahim ağa Vəkilov, general Cavid bəy Şıxlinski, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayibov,... haqqında yazılanları kiçik həcmli oçerk bilirəm.
Ermənistanla sərhəd olan Qazax rayonunun 7 kəndi işğal olunub. Bir neçə kəndi düşmənin atəşlərinə məruz qalır. Azərbaycan əsgəri atəşkəsi pozan, təxribatlar törətmək istəyən düşmənin niyyətini mərdliklə çilikləyir. Kitab-albomda Qazaxdan olan Azərbaycanın Milli qəhrəmanlar, şəhidlər haqqında da elegik məlumatlar da verilib. Bu, şəhidlərə, şəhidliyə, şəhidlərin ölümsüz ömürlərinə vətənpərvər şair-publisist ehtiramıdı. Azərbaycan əsgəri bu ehtiramın da keşikçisidi. "Qazax - xidmət etdiyin diyar" kitab-albomu həm də buna görə əsgərlərin, zabitlərin mənəvi-psixoloji hazırlığında dəyərli olacaq. Müəllifin Azərbaycan əsgərinə müraciətinin ("Vətən əsgəri! Xidmət etdiyin bölgənin - Qazax rayonunun qəhrəmanlarını yaxından tanı və onların igidliklərini təkrar etməyə hər an hazır ol!") mahiyyətində Dədə Qorqudluq duyulur.
Bu dəyərli kitab-albomda Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, müxtəlif vaxtlarda müxtəlif bölgələrdə keçirilmiş "Xalq ordunun, ordu xalqın dayağı", "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri", "Ön səngərdən əsgər gəlir", ... kimi kütləvi vətənpərvərlik tədbirlərinin mahiyyətinin işığı görünür...
..."Deyilən söz yadigardır" - Səməd Vurğunun kəlamıdı...
Nəşr edilən hər dəyərli kitab da yadigardı. "Qazax - xidmət etdiyin diyar" kitab-albomu da... 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist