Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2017 14:28

“Arzularımıza qovuşacağıq”

Silahlı Qüvvələrimizdə həyata keçirilən irimiqyaslı islahatların nəticəsi kimi, rabitə qoşunlarında da böyük texnoloji yeniliklər nəticəsində rabitə bölmələri müasir tələblərə cavab verən yeni texniki vasitələrlə təchiz olunub.
Müharibədə qələbə döyüş ruhlu əsgərlərlə, düzgün və tam həyata keçirilən kəşfiyyatla, atəş gücü və manevr qabiliyyəti ilə bağlıdır. Bütün bunların isə zəncirvari təmin edilməsi prosesi rabitədən keçir. Bu baxımdan istənilən şəraitdə orduda etibarlı rabitə sistemi mühüm əhəmiyyətə malikdir.
"N" hərbi hissəsində atış və atəşin idarə olunması təlimi zamanı da rabitənin döyüş hazrılığında xüsusu rol oynadığının şahidi oluruq. Təlimin gedişi müddətində tanıdığımız rabitəçi əsgər Vüsal Şirəliyev də söhbət əsnasında rabitənin əhəmiyyətli rolunu vurğulayır: "Komandir heyəti tərəfindən verilən bütün əmr və göstərişlər bölmələrə rabitə qurğuları vasitəsilə çatdırılır. Məlumatların, daha doğrusu, istənilən müharibədə informasiya Qələbənin yarısı deməkdi. Belə ki, müharibənin ilkin mərhələsi rabitə avadanlıqları vasitəsilə aparılır. Ona görə də düşmən istifadə etdiyimiz tezliklərə müdaxilə etməyə çalışır. Ancaq təhlükəsizlik qaydalarına düzgün əməl etdiyimizdən istəyinə nail ola bilmir. Onu da qeyd edim ki, bu vasitələrin istismar xüsusiyyətləri mənimsənilmədən onların tətbiqi mümkün deyil. Bu baxımdan keçirilən dərslərin, təlimlərin peşəkar rabitəçilərin formalaşmasında rolu danılmazdır".
Dörd aydır ordu sıralarında xidmət edən əsgər hesab edir ki, hər bir gənc üçün müqəddəs olan möhtəşəm bir yola çıxıb: "Bu yol Vətən sevgisindən keçir, müqəddəs sevgidən qaynaqlanır. Çünki bütün sevgilərimizin əvvəli də, axırı da Vətənlə bağlıdır. Etiraf edim ki, mən "Vətən" anlayışının müqəddəsliyini səngərdə düşmənlə üz-üzə dayanandan, Vüqar Məmmədov kimi dostlar qazanandan sonra dərk etməyə başlamışam. Vətən bizik, hamımızıq. Onun dünəninə də, bu gününə də, sabahına da hamımız cavabdehik. Bunu hansı peşəyə sahib olmağımızdan asılı olmayaraq canımızla-qanımızla sübut etməyə hazırıq".
"Hərbi xidmətini şərəflə başa vurub əzizlərimizin yanına üzüağ, alnıaçıq dönəcəyimə söz vermişəm", - əsgər deyir.  - “Vətənin bizlərə böyük ehtiyacı var. Çünki qarşımızda müqəddəs torpaqlarımızı azad etmək missiyası dayanır. Bu ülvi arzuya mütləq qovuşacağıq”.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", foto Coşqun CƏFƏROVUNDUR