Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2017 14:22

“Övladlarımız qalib orduda xidmət edəcəklər”

"N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsindən qeydlər götürəndə şəxsi keyfiyyətlərinə görə fərqlənən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Yaşar Əliyevin ordu sıralarında 2014-cü ildən xidmət etdiyini öyrənirəm. Daşkəsən rayonundan olan gəncin vətənpərvərliyi, hərbçi olmaq istəyi onu yenidən ordu sıralarına qaytarıb. Baş leytenant Rəşad Bağırzadə tabeliyində olan əsgər haqqında xoş sözlər dedi:
- Yaşar vətənpərvər, nizam-intizamlı və bacarıqlı hərbçidir. Yüksək şəxsi keyfiyyətlərə malikdir. Mərdliyi, qorxmazlığı ilə manqasındakı əsgərlərə ruh yüksəkliyi aşılayır. Həm öz xidmətini düzgün təşkil edir, həm də əsgərlərinin uğurlu xidmət etməsi üçün çalışır. Tələbkarlığı ilə yanaşı, həm də qayğıkeşdir.
Bacarıqlı manqa komandiri əsgərlərini döyüş növbəsinə hazırlayır. Onların üst-başına, silahlarına baxış keçirir. Peşəsinə sevgi və məsuliyyətlə yanaşır.
Hələ uşaq yaşlarından hərbçi olmaq istəyirmiş. "Qarabağ müharibəsi illərində vətəndaşlarımızın doğma torpaqlarından didərgin salınması, ermənilərin törətdikləri soyqırımlar, faciələr məndə də düşmənə nifrət hissi yaratdı. Müəllimlərimə deyirdim ki, böyüyəndə hərbçi olacam, torpaqlarımızı işğaldan azad etmək və qardaş-bacılarımızın qisasını almaq üçün döyüşəcəm".
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təlim kursunu bitirdikdən sonra "N" hərbi hissəsində xidmətə başlayan, xidmətin ilk günlərindən bacarığı, məsuliyyəti ilə seçilən Yaşar Əliyev deyir ki, hər səhər şəxsi heyətin sıra baxışını keçirir və hərbi geyimlərinin qaydasında olmasını diqqətdə saxlayır. Həmçinin, əsgərlərin vaxtı-vaxtında  tibbi müayinədən keçməsinə, gündəlik isti yeməklərlə qidalanmasına  nəzarət edir. Döyüş hazırlığı, maddi-texniki təminatla yanaşı, əsgərlərin sosial-məişət şəraitinin də daim diqqət mərkəzində olduğunu və bölmədə hər cür şəraitin yaradıldığını vurğulayır.
- Biz Vətən qoruyucularıyıq, - Yaşar deyir. - Düşmən qarşısında inamla dayanmışıq. Ordumuzun hər bir hərbçisi kimi mən də Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə qadirəm. Keçən ilin aprelində düşmən üzərindəki qələbəmiz ruh yüksəkliyimizi daha da artırdı. Xalqın dəstəyi və güvənci gücümüzə güc qatdı. Hər bir vətəndaşımız əmin ola bilər ki, düşməni ata-baba torpaqlarımızdan qovub çıxarmağa qadirik.
İki uşaq atası olan Yaşar oğlunun da hərbçi olmaq istəyindən danışır.
- Evə gedəndə oğlum məni əsgəri salamla qarşılayır, papağımı, formamı geyinir, böyüyüb zabit olacağını deyir. Bu, mənim üçün böyük sevincdir. Hərbçi peşəsi ən şərəfli peşədir. Bu yolu seçənlər müqəddəs vəzifə yerinə yetirirlər, xalqın övladı, güvənc yeri olurlar, hər kəsin sevgisini, hörmətini qazanırlar. Oğlumu da belə mərd oğulların sırasında görmək ən böyük arzumdur. İnşallah, tez bir zamanda Vətənimizdə zəfər bayramı olacaq və övladlarımız qalib orduda xidmət edəcəklər.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"