Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 2017 12:16

“Xidmətimlə qürur duyuram”

Hərbi təbabətin əsas meyarı hərbi xidmətdə olan vətəndaşların sağlamlığının qorunub saxlanılmasına yardımçı olmaqdır. Onun nəzəri əsası tibb elmi olsa da, qoşunların spesifik şəraiti, döyüş travmaları və müharibə dövrü xəstəliklərinin özünəməxsus xüsusiyyətləri mülki səhiyyədəki qayda və tələblərdən tamamilə fərqlənir. Hərbi həkim müalicə-təxliyə, gigiyenik və epidemik tədbirləri eyni vaxtda yerinə yetirir və bu zaman ondan yüksək peşəkarlıq tələb olunur.
Şəxsi heyətin sağlamlığına göstərilən qayğı, tibb xidmətinin maddi-texniki bazasının yenilənməsi sahəsində görülən tədbirlər hərbi qulluqçuların sağlamlığının qorunmasında vacib rol oynayır. Bu gün hərbi hissələrimizdə müasir tibb məntəqələri tikilib və yeni avadanlıqlarla təchiz olunub.
"N" hərbi hissəsində də yaradılmış müasir tibb məntəqəsindən qeydlər götürmək və burada əsgərlərimizə göstərilən tibbi xidmətlə yaxından tanış olmaq istədim.
Müalicə bölməsində əsgəri müayinə edən həkimə yaxınlaşıb həmsöhbət oldum. Tibb xidməti leytenantı Əsgər Məmmədovdur. Ordinator vəzifəsində xidmət edir. 2016-cı ildə Hərbi Tibb Fakültəsini bitirdikdən sonra bu hərbi hissəyə təyin olunub. Xidməti ilə qürur duyduğunu deyən zabitin əsgərlərin sağlamlığı ilə məşğul olmasının doğurduğu məmnunluq gözlərindən sezilirdi. Zabit son illər ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya qayğısı sayəsində hərbi səhiyyənin də müasir tələblər səviyyəsində qurulmasından iftixarla danışaraq bildirdi ki, tibb məntəqəsinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi hərtərəfli müayinə və müalicələr aparmağa imkan verir.
- Orduda xidmət etmək ikiqat qürurvericidir. Ona görə ki, həm Silahlı Qüvvələrin zabiti, həm də vətənpərvər döyüşçülərimizin sağlamlığının keşiyində dayanan həkiməm. Əsgərlərimizə əlverişli tibbi xidmətin göstərilməsi üçün müasir şərait və imkanlarımız mövcuddur. Bizə müraciət edən hərbçiləri dəqiq müayinə edirik. Burada əsgərlər qısa vaxtda müalicə olunaraq bölmələrinə qayıdırlar. Vətəni müdafiə edən döyüşçülərin sağlamlığı üçün əlimizdən gələni əsirgəmirik. Çünki Vətənə sağlam övlad lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin sözü ilə desək, Vətənə sağlam gənclik, sağlam əsgər gərəkdir.
Sonra əsgərlərlə də söhbət edirəm. Onlar burada yaradılan şəraitdən son dərəcə məmnun olduqlarını, həkimlərin onlara qayğı ilə yanaşdıqlarını bildirdilər.
Tibb məntəqəsində hərbi qulluqçuların sağlamlığının qorunması üçün qarşıya qoyulan vəzifələrin yüksək peşəkarlıq və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlardan lazımınca istifadə edilir. Vətən torpağını qorumaq müqəddəs və şərəfli olduğu kimi, onun müdafiəçisinin sağlamlığı keşiyində dayanmaq da şərəfdir.

Məhəmməd KAZIMOĞLU, "Azərbaycan Ordusu"